Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Ermənistan sakinləri regionda ən uzunömürlüdürlər


Yerevanda qoca qadın sədəqə dilənir
Yerevanda qoca qadın sədəqə dilənir

BMT Əhali Fondunun yeni hesabatına görə Azərbaycanda 50 il işləyən kişilər cəmi 5 il 2 ay pensiya ala biləcəklər.

Noyabrın 17-də qaçqınlar qarşısında çıxış edən prezident İlham Əliyev regiondakı demoqrafik vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsi haqda fikir irəli sürdü. “Ermənistanın əhalisi azalıb. Bu gün orada real yaşayan insanların sayı 1 milyon 700 mindir. Getdikcə onlar təmas xəttini qoruya bilməyəcəklər. Çünki Azərbaycanın həm imkanları, gücü, həm də demoqrafik vəziyyət artır. Bizim əhalimizin sayı artıq 9 milyondur, 5-6 ildən sonra 10 milyon olacaqdır.”

2050-Cİ İLƏ ƏHALİ PROQNOZU – KİM NƏ QƏDƏR OLACAQ?

Artıq ertəsi gün açıqlanan BMT-nin Əhali Fondunun hesabatı prezidentin arqumentiləri ilə beynəlxalq ekspertlərin topladıqları məlumatları muqayisə etməyə imkan yaratdı. BMT-nin noyabrın 18-də yayılan və dünyada demoqrafik vəziyyət, insanların ömür uzunluğu, üzləşdikləri əsas problemlərə həsr olunan bu sənəddə Azərbaycan və onun qonşuları ilə bağlı göstəricilər də var.



Hesabatın 2050-ci ilə qədər demoqrafik vəziyyətin necə dəyişəcəyi haqda müqayisəli göstəricilərinə nəzər salaq.

Həqiqətən də BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 100 min nəfərə qədər azalacağını gözləyir. Amma bu problem iqtisadi durumu Ermənistandan dəfələrlər yaxşı olan Rusiyada daha kəskindir. 2050-ci ilə qədər Rusiya əhalisi 26 milyon nəfər azala bilər. Bu rəqəm Ermənistan üzrə əhali azalması tempindən səkkiz dəfə çoxdur.

Hesabata əsasən, Gürcüstanın da əhalisinin bir milyon nəfər azalacağı gözlənir.

Azərbaycanda və onun müsəlman qonşularında əhalinin artacağı proqnozlaşdırır.


ERMƏNİ QADINLAR AZƏRBAYCANLI QADINLARDAN 4 İL ÇOX YAŞAYIR


Əhali artımının insanların dolanışığı ilə müqayisəsi də çox vaxt real mənzərəni verə bilmir. Məsələn, insanların yaxşı yaşamasının sübutlarından biri onun ömrünün nə qədər uzun olması ilə ölçülür. Azərbaycanda belə bir fikir var ki, Ermənistan iqtisadi vəziyyətin, dolanışığın ən ağır olduğu region ölkəsidir. Buna baxmayaraq insanların orta ömür uzunluğu göstərəcisinə görə Ermənistan qonşu ölkələrin hamısını qabaqlayır.

BMT Əhali Fondunun yeni hesabatını əsas götürüb də ayrı-ayrı cinslər üzrə müqayisə etsək, bir erməni qadını azərbaycanlı qadından ortalama 4 il, erməni kişlisi də azərbaycanlı kişisindən 2 il yarıma qədər çox yaşayır. Cinslər üzrə birlikdə orta ömür uzunluğu Ermənistanda 73.8, Azərbaycanda isə 72,1 yaşdır:

Hökumət rəsmiləri qeyd etdilər ki, son illər ölkədə aparılan iqtisadi və sosial siyasətin uğuru nəticəsində Azərbaycanda insanların orta ömürünü artırıb. Ona görə də pensiyaya çıxamq yaşını qadınlarda 60 yaşa, kişilərdə isə 63 yaşa qaldırıldı.


50 İL İŞLƏYİB CƏMİ 5 İL TƏQAÜDCÜ ÖMRÜ YAŞAYAN AZƏRBAYCAN KİŞİSİ


İndi BMT-nin Əhali Fondu 2009-cu ilə dair məlumatında qeyd edir ki, Azərbaycanda qadınların gözlənilən orta ömür uzunluğu 72,8, kişilərin orta ömür uzunluğu isə 68,2 yaşdır.


Bu məlumat əsasında demək olar ki, orta ömür sürən bir adamı nəzərdə tutraq bu qənaətə gəlmək olar: Təxminən 50 il işləyib pensiya fonduna pul ödəniş Azərbaycan kişisi cəmi 5 il iki ay pensiya ala biləcək. Çünki o, 63 yaşında pensiyaya çıxacaq, təxminən 68 yaşında da öləcək.


60 yaşında pensiyaya çıxan orta ömürlü qadınlar isə 12 il 8 ay pensiya ala biləcəklər.

Pensiya yaşı qaldırılarkən Azərbaycan rəsmiləri deyirdilər ki, ölkədə insanların pensiyada olmaq müddəti 15 ili keçir, dünyada qəbul olunan norma isə 12 ildir.


Azərbaycanda orta ömür barədə BMT-nin son məlumatları əsasında Azərbaycan qadınları 12.8 il, kişiləri isə 5.2 il pensiya alacaq. Hər iki cins üzrə pensiya almaq yaşı isə 9 il edir. Belə çıxır ki, Azərbaycan hökuməti ölkədə insanların pensiyada olmaq müddətinin özünün dediyi dünyadakı 12 illik normadan daha aşağıya – 9 ilə endirib.

HÖKUMƏTLƏR ÇÖKƏK YERLƏRDƏ YAŞAYANLARI QORUMALIDIR


BMT Əhali Fondunun hesabatında qeyd olunur ki, kasıb insanlar iqlim dəyişikliyinin ilk qurbanları hesab oluna bilərlər. Çünki belə adamlar əsasən kənd təsərrüfatı ilə özlərini dolandırırlar. İqlim dəyişikliyinin yaratdığı təbii fəalkətlərdə də kənd təsərrüfatı yararsız hala düşür.


Üstəlik də kasıblar daha ucuz hesab olunan çökək ərazilərdə yaşayırlar. Təbii fəalkətlər zamanı bu yerlər çox təhlükəli olur.


Beləliklə də iqlim dəyişikliyi kasıbların həm aclıq, həm də fiziki məhv olmaq qorxusu yaradır.

BMT-nin hesabatında deyilir ki, hazırda dünya üzrə 1.5 milyard adam gündə cəmi bir dollara dolanır. Bu insanlarında da tam əksəriyyəti qadınlardır. Ona görə də qadınlar iqlim dəyişikliyinin ən birinci qurbanları hesab oluna bilərlər.


Hesabatda hökumətlər çökək ərazilərdə yaşayan və kasıb insanların qorunması üçün xüsusi planlar hazırlamağa çağırılır.

XS
SM
MD
LG