Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:29

Ziyalılar bloqqerlərin həbsi barədə nə düşünür?


«Yerli və beynəlxalq ictimaiyyətin bu qədər təpkisindən sonra hakimiyyətin bloqqerləri məhbəsə atması iqtidarın insan haqları və söz azadlığını tapdamaqda davam etməsinin göstəricisidir».

Bu sözləri köşə yazarı Şahvələd Çobanoğlu Səbail Rayon Məhkəməsinin bloqqerlər Adnan Hacızadəni 2 il, Emin Millini isə 2 il 6 ay
Şahvələd Çobanoğlu
azadlıqdan məhrum etməsi qərarına münasibət açıqlayarkən deyib.

HEÇ KİM SIĞORTALANMAYIB

Ş.Çobanoğlunun sözlərinə görə, hakimiyyət sərbəst fikirlə ən ağır metodlarla mübarizə aparır:

«Adnanla Eminin həbsi hakimiyyətin cəmiyyətə yönəlik növbəti mesajıdır. Məhkəmənin bu qərarı çox narahatlıq doğurur, xüsusən müxalif düşüncəli gəncin taleyi baxımından. Hakimiyyət açıq şəkildə bildirir ki, o, müxalif fikrə, müxalif düşüncəyə dözmək fikrində deyil, yaranan hər cəhdin qarşısını almağa hazırdır. Bu onu göstərir ki, Azərbaycanda fərqli düşünən insanlar belə həbslərdən sığortalanmayıb».

«QƏRAR ƏDALƏTLİDİR»

«Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqovun isə məhkəmənin ədalətli qərar çıxardığına əmindir:

Bəxtiyar Sadıqov
«Mən məhkəmə prosesində olmamışam. Ancaq bilirəm ki, proses açıq, şəffaf keçirilib. Ona görə də məhkəmənin qərarına hörmətlə yanaşıram. İnanıram ki, açıq məhkəmə prosesindən sonra hakim ədalətli qərar qəbul edib. Azərbaycanda məhkəmələr müstəqildir. Bundan sonra da məhkəmələrin istənilən məsələ ilə bağlı ədalətli qərar verəcəyinə əminəm».

Politoloq Eldar Namazov isə Bəxtiyar Sadıqovun dediklərinin tamamilə əksini düşünür. Onun sözlərinə görə, bloqqerlərlə bağlı hökm sifarişlidir:

«HÖKM SİFARİŞLİDİR»


«İstintaq gedəndə də, məhkəmə araşdırması zamanı da Adnanla Eminin hüquqları kobud şəkildə pozuldu. Onların günahsız olduğunu sübut edən dəlillərin heç biri nəzərə alınmadı. Məhkəmədə biz yalnız yalançı şahid ifadələrinin şahidi olduq.
Eldar Namazov
Birmənalı olaraq görünürdü ki, bu, işin, arxasında siyasi sifariş dayanır. Azərbaycan məhkəmə sistemi bir daha sübut etdi ki, müstəqil deyil, yuxarıların göstərişlərini yerinə yetirməklə məşğuldur. Bu qərar, Azərbaycan məhkəmələrinin ən ədalətsiz, insan haqlarına, qanunun aliliyi prinsiplərinə zidd olan qərarı kimi tarixdə qalacaq».

Politoloqun sözlərinə görə, Azərbaycan hakimiyyəti gənc bloqqerləri cəzalandırmaqla ölkədə müxalif düşüncəni qadağan etməyə çalışır və baş verənlər Azərbaycanda avtoritar rejimin hakimiyyətdə olduğunu bir daha sübut edir. Namazov onu da deyir ki, bu metodlarla hakimiyyət sərbəst düşüncənin qarşısını nail olmayacaq.

«BİZİ BEYNƏLXALQ İCTİMAİYYƏTLƏ QORXUTMAYIN!»

Rəbiyyət Aslanova
Parlamentin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova Adnan Hacızadə və Emin Millinin həbsindən sonra yerli media qurumlarının cəhdlərini uğursuz sayır:

«Azərbaycan müstəqil, demokratik dövlətdir. Bizi xarici dövlətlərlə, beynəlxalq qurumlarla qorxutmağa gərək yoxdur. Biz cəzasızlıq mühitində yaşamaq istəmirik. Ortada cinayət varsa, onun cəzası da olmalıdır».

«ŞƏRHƏ EHTİYAC YOXDUR»

Millət vəkili Pənah Hüseyn isə məhkəmənin qərarından olduqca hiddətləndiyini bildirir:

Pənah Hüseyn
«Məhkəmə prosesini şəxsən izləmişəm. Aydın görünürdü ki, bu qurma iş yüksək səviyyəli siyasi sifarişin nəticəsidir. Bu məsələdə ölkəyə rəhbərlik edən şəxslərin adları hallanır. Ona görə də deyirəm ki, çox acı və hiddət doğuran bir durumdur. Belə çıxır ki, hakimiyyəti Azərbaycan haqqında dünyada mənfi yöndə formalaşan təsəvvür qətiyyən maraqlandırmır. Bu isə ölkənin demokratik kəsiminin gələcəyi üçün çox təhlükəlidir. Əgər Azərbaycan XİN-in başçısı BMT-nin ali kürsüsündən bu məsələyə münasibət açıqlayarkən bloqqerlərin həbsini ölkədə jurnalistlərin obyektiv olmasına xidmət kimi dəyərləndirirsə, məncə, şərhə ehtiyac qalmır».


MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG