Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:02

«Evimi özəlləşdirmək üçün məndən rüşvət tələb olunub»


Özəlləşdirilməyən mənzillərin sahibləri yerli icra hakimiyyəti orqanı ilə sosial kirayə müqaviləsi bağlayaraq mənzillərdə yaşamaq hüquqlarını təsdiqləməlidirlər
Özəlləşdirilməyən mənzillərin sahibləri yerli icra hakimiyyəti orqanı ilə sosial kirayə müqaviləsi bağlayaraq mənzillərdə yaşamaq hüquqlarını təsdiqləməlidirlər
Yeni Mənzil Məcəlləsinin indiyə qədər özəlləşdirilməyən mənzillərin sahibləri üçün problemlər yaradacağı gözlənilir. Hətta belə mənzillərin mülkiyyət hüququnun dövlətə keçəcəyi də yayılan xəbərlər sırasındadır. Deputat Nazim Məmmədov isə deyir ki, yeni məcəllədə uzun müddət kommunal xərcləri ödəməyən vətəndaşlarla bağlı müddəa var.

KİMLƏRİN EVLƏRİ ƏLİNDƏN ALINA BİLƏR?


Onun deməsinə görə, indiyə qədər özəlləşdirilməyən mənzillərin sahibləri yeni məcəlləyə görə yerli icra hakimiyyəti orqanı ilə sosial kirayə müqaviləsi bağlayaraq mənzillərdə yaşamaq hüquqlarını təsdiqləyəcəklər. Əgər vətəndaşlar yaşadıqları mənzillərə mülkiyyət şəhadətnaməsi almaq istəsələr, bu müqavilələri təqdim etmək və dövlət rüsumu ödəməklə özəlləşdirmə sənədləri ala bilərlər.

Bakı sakinləri, xüsusən həyət evlərində yaşayan vətəndaşlar yeni Mənzil Məcəlləsinin problemlər yaradacağından ehtiyatlanır. Bakının Binəqədi rayonunda şəxsi mülki olan Fərhad Abbaslı deyir ki, ev tikdiyi torpağı satın alsa da, torpağın şəhadətnaməsi yoxdur. Evini yerli icra hakimiyyətinin qərarı ilə tikib. 10 ilə yaxındır yaşadığı evi özəlləşdirə bilməməsinin səbəbi isə dövlət rüsumu ilə yanaşı ondan rüşvət tələb edilməsidir:

- Torpaq şəhadətnaməsini almaqdan ötrü hər sot üçün 250 manata yaxın dövlət rüsumu ödənməlidir. Ancaq bu işin qanuni tərəfidir. Evi bir neçə dəfə özəlləşdirməyə çalışmışam. Ancaq hər dəfə dövlət rüsumundan başqa məndən rüşvət də tələb olunub. İndi qüvvədə olan qiymətlərlə evimi özəlləşdirməli olsam, gərək 10 min manat ödəməliyəm. Yeni məcəllədən belə alınır ki, mənzili özəlləşdirməsəm mülkiyyət haqqı dövlətə keçir. 5 ildən də sonra bildirəcəklər ki, yenidən dövlətin təyin etdiyi qiymətlərlə alqı-satqı edib mənzillərinizi alın. Məncə bu, aşkar rüşvət yeridir.

Nazim Məmmədov
Millət vəkili Nazim Məmmədov isə deyilənləri qəbul etmir. Onun fikrincə, bu, sovet dönəmindən bəri ölkədə tikilən və özəlləşdirilməyən mənzillərin statusunun müəyyən edilməsi üçün çox vacibdir.

Mülki işlər üzrə vəkil Muxtar Mustafayevin sözlərinə görə isə, Azərbaycanda bu sahədə ciddi problemlər qalmaqdadır. Xüsusən yeni yaşayış massivlərində tikilən mənzillərdə:

- Elə vətəndaşlar var ki, onların torpaq ayrılmasına dair sənədləri var. Eləsi də var ki, özbaşına bir ərazi götürüb mənzil tikib. Ancaq hətta torpaq şəhadətnaməsi vətəndaşa həmin torpağın üzərində mülk tikmək haqqı vermir. Mənzilin layihəsi uyğun dövlət qurumunda təsdiqlənməli və onun tikintisinə icazə verilməlidir. Ancaq bu məsələlər yeni tikili sahiblərinin çoxunda yarımçıqdır.

VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HAQQI QORUNACAQMI?

Vəkilin sözlərinə görə, mənzillərin özəlləşdirilməsilə bağlı sənədləşmədə vətəndaşların mülkiyyət haqlarına sayğı ilə yanaşılmalıdır. Əgər vətəndaşın tikdiyi mənzil şəhərsalma qaydalarına uyğundursa, onun özəlləşdirilməsi üçün hüquqi baryerlər qoyulmamalıdır. Əks halda, Azərbaycan Avropa Məhkəməsinin presedentləri ilə qarşılaşa bilər.

Vəkil bildirir ki, Türkiyədə nəinki normal yaşayış şəraiti olan mülklər, hətta şəraitsiz gecəqondular söküldüyü üçün dövlət vətəndaşlara yüksək məbləğdə cərimə ödəməli olub. Avropa Məhkəməsi uyğun şikayətlərə baxaraq qərara alıb ki, əgər sözügedən mənzillərin tikintisi qanunsuz idisə, uyğun dövlət orqanları evlər tikilərkən tikintinin qarşısını almalıydı. Avropa İnsan Haqları Məhkəməsi hesab edib ki, vətəndaşları uzun illər yaşadıqları yerdən çıxarmaq vacib deyil. Əgər ərazidə hər hansı dövlət tədbiri görülürsə, kompensasiya ödəməklə vətəndaşları sivil qaydada ordan köçürmək olar.
XS
SM
MD
LG