Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

«İnsanlar imkanlarına baxmalıdırlar»


Nazim Məmmədov
Nazim Məmmədov
Bu yaxınlarda Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə minib. Orada bəzi yeniliklər vətəndaşları narahat etməyə başlayıb. Təşviş yaranıb ki, bir çoxlarının mənzilləri əllərindən alınacaq. AzadlıqRadiosunun «İşdən sonra» verilişində deputat, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov bir sıra məsələlərə aydınlıq gətirib:

- Nazim müəllim, o doğrudur ki, indiyədək özəlləşdirilməyən mənzillər dövlətin mülkiyyətinə keçəcək? Mətbuatın yazdığına görə, yeni Mənzil Məcəlləsi buna şərait yaradır.

- Qəzetlərin yazdıqları tam həqiqəti əks etdirmir. Yeni qaydalar təzə tikililərə aid deyil. Mənzil Məcəlləsinə uyğun olaraq, dövlətin mənzil fondunda olan mənzillər nəzərdə tutulub. Bu fondun təxminən 15%-i özəlləşdirilməyib və hələ dövlət mülkiyyətidir. Əvvəlki orderlər ləğv olunur. Onları sosial kirayə müqavilələri əvəzləyəcək. Bir tərəfdə dövləti təmsil edən yerli icra hakimiyyəti orqanı, digər tərəfdə isə mənzilin nominal sahibi olacaq. Mülkiyyət sahibindən burada söz getmir. Mənzilin nominal sahibi uzun müddət - illərlə kommunal xərcləri ödəməsə, həmin mənzil sosial kirayənişindən geri alına bilər. Bu, sivil dövlətin sivil qanunlarıdır. Dövlət mənzillərində yaşayanları küçəyə atmaq fikrində deyil.

İnsanlar imkanlarına baxmalıdırlar. Mənzil fondu əvəzsiz olaraq onlar tərəfindən özəlləşdirilir. Sadəcə sənədləşmə üçün dövlət rüsumu alınır. Orderin və ya bundan sonra bağlanacaq sosial kirayə müqaviləsi əsasında vətəndaşın müraciəti əsasında həmin mənzil onun özəl mülkiyyətinə verilir.

- Qeyd etdiniz ki, qanunu pozanlar mənzil sahibliyindən məhrum ola bilərlər. Digər tərəfdən deyirsiz ki, dövlət kimisə küçəyə atmaq fikrində deyil. Onda sosial kirayə müqaviləsinin şərtlərini pozanları nə gözləyir?


- Yüz mənzilli binanı nümunə kimi götürək. 85 mənzil özəlləşdirilib, 15-i isə özəlləşdirilməyib və dövlət fondundandır. İndiki qanuna görə, binanın saxlanılması, zibilin daşınması, cari təmirlər və digər məsələlər binada yaşayan insanların ixtiyarına buraxılır. Bütün sivil dövlətlərdə belədir. İndi 85 nəfərlə 15-nin arasında məsələ necə həll olunsun? Dövlət və özəl mülkiyyətdən savayı bələdiyyə mülkiyyəti də var. Qanun imkan yaradır ki, bələdiyyələr sərəncamlarında olan torpaq sahələrini hər hansı tikinti şirkətlərinə versin. Sonra da bələdiyyələr orada tikilən mənzilləri vətəndaşlara sosial kirayəyə də verə bilər. Buna mane olan yoxdur ki. Sosial kirayənin də əsas məğzi ondan ibarətdir ki, bu sosial mənzillər vətəndaşlara çox xeyirli olsun. İlk növbədə imkanı olmayan vətəndaşlar, gənc ailələri nəzərdə tuturam...

- Vətəndaşların ödəniş qabiliyyəti olmayanda necə?

- Unutmayaq ki, kapitalizmdə yaşayırıq. Hər şey alınıb satılır. Dövlət öz ixtiyarında olan mənzil fondunu əvəzsiz olaraq Sovet vaxtında vətəndaşlara verdi. Nazirlər Kabinetinə tapşırılıb ki, sosial kirayəyə ehtiyacı olanların kateqoriyaları müəyyənləşdirsin. Adambaşına düşən sahə - kvadratmetri hesablamaq lazımdır ki, kimə nə qədər yaşayış sahəsi düşməlidir.
XS
SM
MD
LG