Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:58

«Həftədə bir dəfə yol çəkirlər»


Asfaltı su borusu çəkdiklərinə görə qazıblar

Bakının Parlament prospekti təmir edilir. Binaların fasadlarının təmirinə prospektin də təmiri qarışıb. Fəhlələr deyirlər ki, asfaltı su borusu çəkdiklərinə görə qazıblar:

- Əvvəlki borular köhnəydi?
- Hə, çox köhnəydi.
- Bəs yolu çəkəndə olmazdı ki, elə su kəmərini də təzələyəydilər?
- Bunu biz bilmərik, fəhləyik, müdiriyyətdən soruşun.

Təəssüf ki, orda olduğumuz müddətdə iş icraçılarından kimsə gözə dəymədi. Fəhlələr onların nahardan hələ qayıtmadığını söylədilər, hərçənd ki, artıq nahar vaxtı deyildi.

«Azəryolservis» Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Hacıyev bir neçə ay əvvəl AzadlıqRadiosuna demişdi ki, onlarla digər qurumlar arasında koordinasiya yoxdur. Onlar yolu çəkib qurtarandan sonra məlum olur ki, su kəmərini, ya da kanalizasiya xəttini dəyişmək lazımdır.

«BU İŞLƏR PLANLI GÖRÜLMÜR»

Küləyin gətirdiyi toz-torpağı udan sakinlərsə aidiyyəti qurumların plansız iş tutmasından narazıdırlar:

- Bu işlər planlı görülmür, planlı görülsə, bilərlər ki, su çəkilməlidir, ya başqa xətt, sonra asfalt döşənməlidir. Külək qopdu, toz-torpaq adamın ağzına dolur, antisanitariya yaranır.

- Həftədə bir dəfə yol çəkirlər, təzə çəkilən yol da dağılıb-tökülür. Gözlərim tozdan nə günə düşüb, baxın. Biri qazır, düzəldir, su idarəsi gəlir ki, yox, su borusu keçməlidir, o biri gəlir ki, kabel çəkilməlidir. Elə birdəfəlik gəlib bir yerdə baxsınlar ki, bu yolun nəyi çatır, nəyi çatmır, sonra asfaltlasınlar.

Amma yeni çəkilmiş yolun dağıdılması su kəmərinin təzələnməsinə, kanalizasiya quyularının maşın yolundan götürüləcəyinə sevinənlərin eyninə deyildi:

- Maşınlar daha «yama»ya düşməyəcək.
- Asfalt partlamışdı, yenidən asfaltlayırlar, su xətti çəkirlər, səkiləri düzəldirlər.

«ƏSAS SƏBƏB BAKININ BAŞ PLANININ VƏ VAHİD İDARƏETMƏ SİSTEMİNİN OLMAMASIDIR»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev isə sonuncu sakinlərin sevincini bölüşmür. Ekspertə görə, yolların təkrar təmirinin əsas bir səbəbi var: Bakının baş planının və vahid idarəetmə sisteminin olmaması:

- Bakı şəhərində kim necə gəldi, öz fəaliyyətini həyata keçirir. Əslində, baş plan olsaydı, bu qurumlardan informasiya toplanardı ki, sizin planlarınız nədir. Onlar da zəhmət çəkib öz planlarını işləyərdilər. Bir də vahid idarəetmə sisteminin, meriyanın olmaması burda özünü göstərir.

Amma ekspert hesab edir ki, bu köklü səbəblə yanaşı «texniki» səbəb də var:

- Kimlərinsə bu cür tikinti işlərində, keyfiyyətsiz yol çəkməkdə maraqları var.

Müsahibimiz onu da deyir ki, yol tikintisiylə bağlı qanunvericilikdə boşluq olması da bu cür problemlər yaradır.
XS
SM
MD
LG