Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Yollar dağılır, vay, Yollar düzəlir, vay…


Deyəsən, Gəncədə yollarının yenidən qurulması sakinlərə problem yaradıb. Əvvəllər dağılmış, tozu çıxmış asfaltda sürət azaldan sürücülər indi yeni düzəlmiş yollarda öz sürücülük bacarıqlarını sınayırlar.

Elə Sevinc Babayevanı da bu narahat eləyir. Deyir ki, əvvəllər onların küçələri dağılmışdı, asfalt yüz yerdən çat vermişdi, ona görə də maşınlar asta-asta hərəkət eləyirdilər. Amma küçəyə yeni asfalt çəkiləndən sonra sürücülərin maşını elə şütüyür ki, elə bil avtomobil yarışındadırlar. Bu isə oynamağa küçədən başqa yeri olmayan körpələr üçün əməlli-başlı təhlükə yaradıb.

«Biz həyət evlərində yaşayırıq. Şəhərin mərkəzində yerləşən küçədən isə hər dəqiqə maşın keçir. Uşaqlar üçün oynamağa bir meydança yoxdur. Əslində meydança salmağa yer olsa, camaat birləşib bunu eləyər. Amma küçədə səkidi, bir də maşın yolu. Səkidə oynayan 2-3 yaşlı uşaq da qəfil maşın yoluna çıxır. Bu yaxınlarda körpə bir uşaq anasının əlindən qaçıb yola çıxdı, bir an qalmışdı ki, maşının altına düşsün. Sürücülər isə 70-80-lə sürürlər».

Sevinc Babayeva deyir, sürücülərin onların küçəsindən az sürətlə keçməsi üçün sürət maneəsinin qoyulmasını istəyirlər, amma bilmirlər ki, bunun üçün hara müraciət eləsinlər. Biz Gəncə şəhər icra hakimiyyətinin mənzil-kommunal təsərrüfatı birliyinin rəhbəri Abid Əliyevlə əlaqə saxladıq. O, isə yol nişanlarının yol polisinin nizamladığını söylədi:

«Təkcə dediyiniz küçədə problem yoxdur, bütün ara küçələr o vəziyyətdədir. İndi biz neyləyək? Bütün küçələrdə maneəmi düzəldək? Axı, bu çıxış yolu deyil. Gərək sürücülər özləri diqqət eləsinlər, sürətə fikir versinlər».

Gəncə şəhər yol polis idarəsinin baş müfəttişi Elşad Məmmədov isə deyir ki, onların istədikləri yerdə yol nişanı qoymaq səlahiyyətləri yoxdur. Buna yalnız şəhər icra hakimiyyətinin təhlükəsizlik komissiyası qərar verə bilər:

«Ya sakinlər özləri komissiyaya ərizə versinlər, ya da bizə müraciət eləsinlər, onların ərizəsini biz çatdıraq. Amma ara küçələrdə sürət 50-ni aşmamalıdır. Sürücülər bu qaydaya əməl etməlidirlər».

AVTOMOBİL YOLUNU KİM BAĞLAYIB?

Xırdalan şəhər sakini Fəridə Mehdiyeva da yoldan şikayətçidir. Amma o, yol nişanlarından yox, bir avtomobil yolunun bağlanmasından narahatdır. Fəridə xanımın AzadlıqRadiosunun «Qaynar xətt» verilişinə yazdığı məktubu deyir:

«Hörmətli «Qaynar xətt», Bakı-Sumqayıt yoluna paralel olan, illərcə istifadə olunan asfalt yolu kimlərsə bağlayıb. Yolun bir hissəsi daşla hasara alınıb, o biri hissəsinə isə torpaq tökülüb. Halbuki, camaat illərlə bu yoldan istifadə eləyib. Amma indi Bakı-Sumqayıt yoluna çıxmaq üçün neçə km məsafəni dövrə vurmaq lazım gəlir. Yollar bir cəmiyyətin mədəniyyət və rifah göstəricisidir. Müasir dövlət yeni yollar çəkməli, mövcud yolları rahat hala gətirməlidir. Belə olan halda, ümumi istifadə obyekti olan yolları kiminsə şəxsi əmlakına çevirmək məncə, misli görünməmiş qanunsuz, mədəniyyətdən uzaq bir hərəkətdir».

Fəridə xanımın kömək istədiyi problemə cavab tapmaq üçün Abşeron icra hakimiyyətiylə əlaqə saxladıq. İcra hakimiyyətindən dedilər ki, Xırdalanın icra nümayəndəsi Fikrət Orucova müraciət eləyək. Fikrət Orucov isə bu məsələdən xəbəri olmadığını, araşdıracaqlarını söylədi.

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlI rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.
XS
SM
MD
LG