Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Bizim kəndin bələdiyyəsi...


Qobu Abşeronun ən qədim kəndlərindən biridir

Kəndin fəal qadınlarından sayılan Şövkət xanımdan soruşanda ki, bu qədər probleminiz var, bəs niyə gedib bələdiyyəyə demirsiniz, suala sualla cavab verir - məgər bələdiyyə var ki? Bələdiyyə bağlanıb axı...

Bakının Qobu kəndində çox adamın xəbəri yoxdur ki, bu ilin dekabrında onların da kəndində bələdiyyə seçkisi keçiriləcək.

Azərbaycan hökumətinin Avropa Şurası qarşısında bir öhdəliyi də budur ki, bələdiyyələrin səlahiyyətlərini artırsın, onları gücləndirsin. Avropa Şurasının mövqeyi belədir ki, Azərbaycanda yerli – seçilmiş hakimiyyətlərə daha çox səlahiyyət verilməlidir, mərkəzləşdirmə azaldılmalıdır, bu, demokratikləşmə prosesinin bir hissəsidir.

Ölkədə müstəqil müşahidəçilərin əksəriyyəti deyir ki, bələdiyyə seçkisinə maraq azdır, çünki onlar kasıb və gücsüzdülər.

10 min nəfərlik Qobu bələdiyyəsinin illik büdcəsi təqribən 40 min dollardır, amma eyni sayda əhalisi olan Türkiyənin İzmirə aid Menemen bələdiyyəsinin büdcəsi bundan təqribən 1350 dəfə böyükdür. Təbii ki, Türkiyədə bələdiyyələrin daha çox səlahiyyətləri var və statusu başqadır. Bu haqda bir azdan.

... Qədim Qobu kəndi Bakının 10 kilometrliyindədir. Kəndə girən kimi birinci şikayətləri təbii qazın olmamasıdır. İkinci şikayətləri budur ki, 19-cu əsrdən, ulu babalarından qalma hamam dağılıb gedir, baxan yoxdur.

Qobu bələdiyyəsinin sədri Mübariz Bayramov
Dediklərinə görə, kəndin bir hissəsi suyu maşınla alır, mart ayından su gəlmir. Ara yollar torpaq, tozludur. Qobunun təzə qəsəbəsində neçə illərdir ki, şəhər telefonu - sabit telefon yoxdur.

«Bizi adam saymırlar, gedirik, bələdiyyə qəbul eləmir».

«Bələdiyyə nə etsin axı, görmür ki, bu yolları, gücü çatan yerləri təmir eləyib, gücü çatmır da, deyir ki, iqtidarsızam».

Bunları deyən köhnə hamamın kölgəsində daldalanan cavanlardır. Deyirlər ki, onlara seçki vaxtı heç bildiriş vərəqəsi də gəlmir, onlar da vaxt ayırıb maraqlanmırlar, onsuz da bələdiyyənin əlindən bir şey gəlmir.

Qanunla bələdiyyələr yerli problemləri həll etmək üçün nəzərdə tutulublar.

«DEMOKRATİK ALMANİYANI BƏLƏDİYYƏLƏR YARATDI»


«Şərq Qərb» Araşdırmaları Mərkəzinin sədri Ərəstun Oruclu deyir ki, 2-ci Dünya Müharibəsindən sonra faşist Almaniyasından demokratik Almaniyaya keçidin əsasını bələdiyyə qoydu:

«Əyalətlər tərkibindəki şəhərlər xeyli dərəcədə nəzarətdən kənar, müstəqil idilər. Belə idarəetmə Almaniyada həm demokratikləşməni, həm də iqtisadiyyatı gücləndirdi».

Ə.Oruclu deyir ki, Azərbaycan hakimiyyəti bələdiyyələrin güclənməsini istəmir, maraqlıdır ki, bütün resurslar icra hakimiyyəti orqanlarında –təyin olunan şəxslərdə cəmlənsin, çünki onları idarə etmək daha asandır.

«YARI-AVTORİTAR REJİMLƏR YERLƏRDƏKİ LİDERDƏN QORXURLAR»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, yerlərdə bələdiyyələrə etimad yaranması üçün hakimiyyətin siyasi iradəsi olmalıdır:

Qobu kəndinin bələdiyyəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00
Direct-ə keçid


«Azərbaycandakı kimi yarı-avtoritar hakimiyyətlər üçün yerlərdə liderlərin yetişməsi, seçkili orqanların faydalı işləməsi, əhalinin qərar qəbul etməsi qorxulu haldır».

... Qobu bələdiyyəsi yaranandan bəri sədr Mübariz Bayramovdur. Deyir ki, sakinlərin şikayəti yersizdir, o, əlindən gələni eləyir, indiyə kimi neçə məktəb tikdirib, yolları təmir elətdirib, başqa işlər görüb.

Amma bələdiyyənin sədri də etiraf edir ki, pul sarıdan korluğu var, o, nə iş görürsə, xeyriyyəçilərin hesabına görür, vergilərdən gələn pulun yox. Bələdiyyə sədri deyir ki, bələdiyyələrə kömək lazımdır:

«Bakıətrafı kəndlərdə gəlir gətirən sahələr var, bələdiyyələrə kömək olunsa, özləri pul qazanarlar, mən bu məsələni bir neçə dəfə qaldırmışam hökumətin qarşısında».

BƏLƏDİYYƏLƏR NİYƏ KASIBDIRLAR?

«Azərbaycan bələdiyyəsi» jurnalının baş redaktoru Vüqar Tofiqli deyir ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bələdiyyələri varlı və nüfuzlu etmək olar:

«Bələdiyyələrin maliyyə mənbələri olduqca məhduddur. Onlar indi dörd növ vergi ilə maliyyələşirlər. Bu vergi növləri də o qədər də mənfəət gətirən vergilər deyillər. Məsələn, əmlak vergisinə düşən əmlak növlərinin sayı Bakı və Sumqayıt üzrə cəmi 15-20 faizdir, çünki bu vergi əmlakın bazar qiymətinə görə yox, inventar dəyərinə görə hesablanır».

Rövşən Ağayev
Vüqar Tofiqli təklif edir ki, hökumət bələdiyyələrə kredit ayırmalıdır, bələdiyyələr özləri müəssisələr yaradıb, iş yerləri açmalıdırlar.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev deyir ki, bələdiyyələrin maliyyə mənbələri barədə hər ölkənin öz təcrübəsi var. Beynəlxalq təcrübədə kənd və qəsəbə yollarının təmirinə və yenidən qurulmasına bələdiyyə nəzarət edir, Azərbaycanda isə Nəqliyyat Nazirliyi. R.Ağayev təklif edir ki, uşaq bağçası və orta məktəblərin, səhiyyə obyektlərinin təsərrüfat işləri nazirliklərdən alınıb bələdiyyələrə verilsin, meliorasiya, irriqasiya məsələləri bələdiyyələrə tapşırılsın.

YAP-ÇI DEPUTAT: «BƏLƏDİYYƏLƏRƏ ƏLAVƏ MALİYYƏ MƏNBƏYİNİ PREZİDENT VERİR»


Amma Rövşən Ağayev hesab edir ki, bütün bunlarla yanaşı, Konstitusiyada bələdiyyələrin statusu daha aydın müəyyənləşməlidir:

«Konstitusiyada yazılıb ki, bələdiyyələr yerli özünüidarə orqanıdır. Amma demokratik ölkələrin təcrübəsində Konstitusiya səviyyəsində tanınır ki, bələdiyyə dövlət hakimiyyətini yerlərdə müəyyən edən, onun funksiyalarını həyata keçirən orqandır. Azərbaycanda da bələdiyyələrin statusu təcili surətdə müəyyənləşməlidir».

Parlamentin Regional məsələlər komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Tahir Rzayev deyir ki, Milli Məclisin payız sessiyasında bələdiyyələrin səlahiyyətlərinin artırılması haqqında qanun layihəsi müzakirə olunacaq. Bu qanunda ümumi şəkildə yazıblar ki, bələdiyyələrə əlavə maliyyə mənbələri verilməsi yaxşı olar. Amma konkret hansı maliyyə mənbələri veriləcək - bu, deputatlardan asılı deyil:

Tahir Rzayev
«Bunu müvafiq icra orqanı müəyyən etməlidir. Prezidentin ayrıca sərəncamı olur, burada mənbələr konkret göstərilir».

SEÇKİ MƏCƏLLƏSİ BU PAYIZ DA DƏYİŞMƏYƏCƏK

Tahir Rzayev deyir ki, hakimiyyət bələdiyyələrin inkişafını istəyir, amma bələdiyyələrin çoxu zəifdir və az təşəbbüskardır:

«Qanunvericilik imkan verir ki, onlar layihə ilə hökumətə müraciət edib maliyyə istəsinlər. Amma nadir hallarda buna rast gəlinir».

Ekspert Rövşən Ağayev deyir ki, bələdiyyələrin bu cür təşəbbüslə müraciəti real deyil. Birincisi, bununçün mexanizm yoxdur, ikincisi, Azərbaycanda bələdiyyə sədrini yox, üzvləri seçirlər, ona görə də bələdiyyələr zəif olur:

«Sədrlərin seçilməməsi də ciddi problemdir, çox hallarda seçkidə ən az səs almış adam da bələdiyyə sədri ola bilir, onu üzvlər öz aralarından seçirlər. Bundan başqa, seçici sədri özü seçsə, sədr də daha çox məsuliyyət hiss edər, vətəndaş da bilər ki, problemini kimə danışacaq».

Amma deputat Tahir Rzayev deyir ki, Parlamentin payız sessiyasında bununla bağlı Seçki Məcəlləsinə əlavə və dəyişiklik gözlənilmir.

Dekabrda Azərbaycanda üçüncü bələdiyyə seçkisi keçiriləcək. İlk bələdiyyə seçkiləri 1999-cu ildə olub.
XS
SM
MD
LG