Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:19

Daha bir bazar od tutub yandı YENİLƏNİB


Gecə saat 01.00 radələrində Bakının Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsindəki taxta bazarında yanğın baş verib.

ANS xəbər verir ki, hadisə yerinə Bakının 8 rayonunun yanğından mühafizə dəstələri cəlb edilib. Lakin güclü külək və quru taxtaların asanlıqla alışması yanğınsöndürənlərin işini xeyli çətinləşdirib. Yanğının qarşısının alınması zamanı 19-cu yanğından mühafizə dəstəsinin əməkdaşı Dostməmməd Yolçuyev dəm qazından zəhərlənib. O, hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğının baş verdiyi ərazinin yaxınlığında yerləşən bir neçə tikili üçün təhlükə yarandığından, yanğınsöndürənlər ilk növbədə alovun yayılmasının qarşısını almağa çalışıblar. Onların bu səyləri nəticə verib və taxta bazarının yaxınlığında heç bir tikiliyə ziyan dəyməyib.

Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fizuli Əsədov da gəlib. Lakin onlardan heç biri yanğının qarşısı alınmadan hadisə barədə məlumat vermək istəməyib.

Taxta bazarında satışla məşğul olan sahibkarlar da jurnalistlərlə təmaslardan yayınıblar. Adının çəkilməsini istəməyən sahibkarlardan birinin ANS -ə verdiyi məlumata görə, bazarda malı olan sahibkarların hər birinə azı 100 min dollar ziyan dəyib.
XS
SM
MD
LG