Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:39

Bazarlar yanır, görəsən niyə?


8-ci km bazarı yanğından sonra
8-ci km bazarı yanğından sonra
Bakının 8-ci km bazarında yanğının nədən baş verdiyi bilinmir. Yanğının baş verməsindən bir nəfər xəbər tutub, o da əraziyə baxan qarovulçu olub. Amma o da nəyin necə olduğunu bilmir. İlkin məlumatlarda hadisənin qısaqapanmadan baş verdiyi güman edilir. Sahibkarlar isə buna inanmır. Zərərçəkən Adil Balayev soruşur ki, hər gün işdən sonra bütün işıqlar söndürülürsə, qısaqapanma necə baş verə bilər?

«Qısaqapanma məsələsi deyil. Çünki obyektdə axşamlar hər tərəfdə işıqlar söndürülür, işıq deyilən bir şey olmur. İndi nədən yanıb onu Allah bilir»

«YANĞIN SƏHLƏNKARLIQDAN BAŞ VERİB»

Amma Nizami rayon İcra hakimiyyətinin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ərrəhman Həsənov hadisənin işçilərin səhlənkarlığı üzündən baş verdiyini deyir. Ərrəhman Həsənov deyir ki, onlar hadisə yerində olanda obyektlərin hamısında işıq yanırmış:

«Yalan deyirlər, gecə orda yanğınsöndürənlər işləyə bilmirdi. Biz işıq idarəsini dəvət eləmişik, gəlib ərazidə bütün işıqları söndürüb».

İcra hakimiyyəti rəsmisinin sözlərinə görə, həmin ticarət mərkəzində nə yanğından mühafizə, nə də digər qaydalara əməl olunmur.

SU ANBARI ÜSTÜNDƏ YERLƏŞƏN BAZARIN TEZ-TEZ YANMAQLIĞI

Ötən il həmin bazarın geyim satılan hissəsində bundan da güclü bir yanğın baş vermişdi. Onda daha çox mağaza yanmışdı.
Ərrəhman Həsənov deyir ki, həmin bazarın altında iri çənlərdən ibarət su anbarı var, amma fəaliyyətdə deyil. İcra başçısının müavini onu da əlavə edir ki, yeraltı su anbarının yenidən fəaliyyətə salınması üçün Azərbaycanda müraciət etmədikləri yer qalmayıb. Amma bu müraciətlərə baxmayaraq bazar yenidən qurulub və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi onun fəaliyyətini bərpa edib. Ə.Həsənov həmin bazarın hər an yanma ehtimalının qaldığını deyir: «Kim təminat verə bilər ki, o bazar yanmayacaq?».

İCRA HAKİMİYYƏTİNİN GÜCSÜZLÜYÜ

Ə.Həsənov 8-ci km bazarı ətrafında icra hakimiyyətinin nəzarətindən kənar hadisələrin baş verdiyini deyir. Nizami rayonunda bu işləri kimin apardığına gəlincə, o, konkret ad çəkmək istəmir. Amma həmin qüvvələr qarşısında icra başçısının gücsüz olduğunu etiraf edir:

«Bacarsaydı nə isə edərdi də, bizim işimiz yazmaqdır, gedib onlarla dava eləmək deyil. Araşdırma aparın görün həmin qüvvələr kimdir, niyə yanğın olanda yanğınsöndürən maşınlar başqa yerdən su daşımalıdırlar, bazarın altında su anbarı olmalıdır. Bizə bir kömək edin. Elə bir təşkilat yoxdur ki, biz ora müraciət etməyək. Şəhər icra hakimiyyətindən tutmuş, əmlak komitəsinə, təhlükəsizlik idarələrinə yazmışıq ki, bu su anbarı həmin ərazinin təhlükəsizliyi üçün bir qurğudur».

BAZARLAR QISAQAPANMADAN YOX, MARAQLAR TOQQUŞMASINDAN YANA BİLƏR

«Turan» İnformasiya agentliyinin iqtisadçı eksperti Hafiz Babalı deyir ki, həmin bazarda həmişə problemlər olub. Hətta 2000-ci illərdə özəlləşdiriləndən sonra orda müəyyən problemlər yaranıb. Daha sonra özəlləşmənin nəticələri ləğv edilib və zorla əsl sahibinin əlindən alınıb.

Hafiz Babalı hesab edir ki, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bazarların hamısının sənədləri kiminsə adına ola bilər, amma hamısının arxasında hansısa oliqarx dayanır. O, bazarların bunsuz fəaliyyət göstərməsinin mümkün olmadığını deyir. Ekspertin fikrincə, əvvəllər həmin bazarda fəaliyyət rüsumla tənzimlənsə də, indi həmin qayda işləmir. Bütün sənədləşmə qeyri-rəsmi şəkildə aparılır. Hafiz Babalı deyir ki, bazarlarda böyük pullar dövr eləyir. Bu baxımdan da onların nəzarətdən kənar işləməsi mümkünsüzdür. Onun fikrincə, əgər həmin bazardan mülkiyyətçilər uzaqlaşdırılıbsa demək bu ərazi dövlətə məxsusdur:

«İcra hakimiyyəti hökumətə məktub yazır ki, bura su anbarı olub və onu təcili bərpa etmək lazımdır. İstəsələr bərpa edərlər. Deməli, burda maddi maraqlar var. Ola bilər ki, yanğın hadisəsi də təsadüfi deyil».

Bəzi ekspertlər də bir sıra ticarət obyektlərində tez-tez təkrarlanan yanğın hadisələrini təsadüf saymırlar. Bunu amansız rəqabətin tərkib hissəsi hesab edirlər. Bu baxımdan metronun «Sahil» stansiyası ilə üzbəüz ticarət obyektinin, hava limanı yaxınlığındakı ticarət mərkəzlərinin və Gəncədə böyük bir bazarda baş verən yanğını təsadüfi sayılmır.
XS
SM
MD
LG