Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Yerevan küçələrində tapança ilə «siyasi diskussiya»


Polisin sözçüsü deyir ki, küçə davasında tutulan hakim koalisiya təmsilçiləri «siyasi diskussiya aparırdılar, amma yüksək səslə»
Polisin sözçüsü deyir ki, küçə davasında tutulan hakim koalisiya təmsilçiləri «siyasi diskussiya aparırdılar, amma yüksək səslə»
Yerevan merliyi uğrunda dava müxalifət-hakimiyyət davası deyil. Təkcə söz davası da deyil. Hakim Respublika Partiyasının və hakim koalisiyaya daxil olan «Çiçəklənən Ermənistan» Partiyasının təmsilçiləri 2 həftə qabaq Yerevanda yumruq davasına çıxıblar.

Bir həftə qabaq isə Yerevanın Ayapnyak rayonunda «Eurasia View»unun yazdığına görə, aralarında atışma da olub. Polisin məlumatına görə, 7 nəfər tutulub.

«SİYASİ DİSKUSSİYA, AMMA YÜKSƏK SƏSLƏ»

Polisin sözçüsü deyir ki, küçə davasında tutulan hakim koalisiya təmsilçiləri «siyasi diskussiya aparırdılar, amma yüksək səslə».

Müxalifətin «Haykakan Jamanak» qəzeti isə yazır ki, «Çiçəklənən Ermənistan» Partiyasının lideri Qaqik Tsarukyan və Baş prokuror Agvan Hovsepyan hərə öz maşın kortejinin müşayiəti ilə hadisə yerinə gəliblər ki, «atəşkəs» danışıqları aparsınlar, ancaq buna nail olmayıblar.

«Azadlıq» radiosunun erməni xidmətinin əməkdaşı Qevorq Stamboltsyan deyir ki, küçə davasının iştirakçıları bu barədə danışmırlar, ancaq bir neçə dava olub:

«Dəyənəklərlə, beysbol bitləri ilə, bir sıra media orqanları xəbər verirlər ki, siyasətçilər bir-birinin üstə bıçaq çəkiblər, kimsə kimisə baltalamaq istəyib».

«ÖLKƏ DAXİLİNDƏ ÖLKƏNİN PREZİDENTİ»


Ermənistanda ən nüfuzlu vəzifələrdən biri Yerevan meridir. Merə hətta «ölkə daxilində ölkənin prezidenti» deyirlər.

Mayın 31-də Yerevanın Şəhər Şurasına seçkilərdir. Meri bu Şura seçdiyinə görə, əslində seçkilər mer seçkisidir.

Bu vəzifə uğrunda davaya isə hakimiyyət müxalifəti yaxın buraxmaq istəmir. Məsələni hakimiyyət öz daxilində həll eləmək istəyir.

İş o yerə çatıb ki, hətta hakim koalisiyanın 3-cü partiyası olan Qanunun Aliliyi Partiyası bu mübarizəyə qoşula bilmir.

AZƏRBAYCANDAN BAXANDA…

Daşnak Partiyası bir ay əvvəl hakim koalisiyadan çıxandan sonra koalisiyada qalan 3 partiya arasında ən zəifi Qanunun Aliliyi Partiyasıdır. O, mer kimi güclü vəzifəyə iddia edə bilmir. Yerdə qalır hakim Respublika Partiyası və Əmək və Sosial Müdafiə naziri, bir neçə nazir müavini vəzifələri olan «Çiçəklənən Ermənistan» Partiyası.

Azərbaycandan baxanda bir sual yaranır: necə olur ki, Ermənistanda hakim koalisiyanın partiyası hakim partiya ilə belə davaya çıxır?

Qevorq Stamboltsyan deyir ki, Koçaryan vaxtilə tarazlaşdırma siyasəti yeridirdi, bir neçə maliyyə qrupunu ayaqda saxlayırdı ki, bir-birilərini tarazlaşdırsınlar. Ermənistanda isə partiyalar həmin maliyyə qurumlarının siyasi formasıdır. Ona görə, Ermənistanın ən varlı adamlarından olan Tsarukyanın partiyası çox da zəif deyil. Ancaq o da var ki, «Çiçəklənən Ermənistan» Partiyası təkcə merlik uğrunda vuruşmur. Partiya istəmir ki, müxalifəti dağıdandan sonra hakimiyyət onun da axırına çıxsın.

Necə fikirləşirsiniz, ola bilərmi Azərbaycanda da gələcəyin siyasi partiyaları əslində indiki hakimiyyətdaxili qruplardır?

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG