Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

«Tapança bazarı»


«Yeni Müsavat»: «İndi bizim ölkədə tapança yeni status qazanıb. Neft Akademiyasındakı qanlı faciəyə qədər onu az qala silah saymırdılar. Haqqında elə danışırdılar ki, sanki balaca Metenin «Kitay» istehsalı olan oyuncağından söhbət gedir». Şahvələd Çobanoğlu «Tapança bazarı» sərlövhəli köşə yazısında belə yazır.

«…Odlu silahların yığılması bizim ölkədə hər il artır. Məsələn, 1995-ci ildə 10.138 qanunsuz silah yığılıbsa, 2005-ci ildə bu göstərici 33.161 olub. Adam bu göstəricilərdən ibarət qrafikə, yaxud cədvələ baxanda sovet dövründə beşillik öhdəliklərin yerinə yetirilməsi təsəvvürə gəlir. Sürətli artım var. Bu silahların yığılması yaxşı haldır. Amma haradan çıxır bu silahlar? Qanunsuz silah ölkəyə necə daxil olur, yaxud ölkə daxilində necə əllərə düşür?

İndi hamı baş sındırır ki, qatil silahı haradan alıb. Bəs başqaları haradan alır? Polis bu silahların yığılmasını fəxrlə elan edəndə niyə düşünmürük ki, bu silahlar ölkədə haradandır? Niyə çoxalır onlar?»

«Üç nöqtə»: «Dövlət orqanlarının statistik rəqəmləri üst-üstə düşmür»
Bəzi hallarda dövlət qurumlarının təqdim etdiyi statistik göstəricilər bir-birinə uyğun gəlmir. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirdi ki, bu fakt ayrı-ayrı idarə və təşkilatlarda büdcə vəsaitlərinin xərclənməsi üzrə maliyyə təftişi aparılarkən aşkarlanıb:

«Məsələn, Milli Bank və Dövlət Statistika Komitəsinin (DSK) rəqəmləri çox vaxt üst-üstə düşmür. Bu, daha çox makroiqtisadi göstəricilərlə bağlıdır. Tutaq ki, qeyri-neft sektorunun inkişafını əks etdirən artımlar Milli Bankın məlumatında bir cür, DSK-nın məlumatında başqa cür verilir».

İqtisadçı millət vəkili qeyd etdi ki, problem özəl sektorda daha qabarıq nəzərə çarpır: «Orada ikili statistikadan istifadə özünü açıq-aydın büruzə verir. Söhbət ondan gedir ki, bir sıra hallarda özəl sektorun nümayəndələri öz gəlir və xərcləri ilə bağlı ikili statistikaya malik olurlar. Bu hesablamanın biri həmin şirkətin mühasibatlığı tərəfindən özləri üçün, digəri isə DSK-ya göndərilmək üçün hazırlanır».

«Azərbaycan» qəzeti Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin «Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair» məqaləsini çap edib.

Müəllif yazır: «Azərbaycan dövləti inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın intellektual inkişafının təmin edilməsini milli prioritet kimi bəyan etmişdir. Qarşıdakı mərhələdə qlobal elm, təhsil və informasiya məkanına inteqrasiya, modernləşmə və innovasiya kursunu həyata keçirmək üçün yeni nəsil tədqiqatçıların, XXI əsrin kreativ elitasının formalaşmasına böyük zərurət yaranmışdır. Azərbaycanın milli varlığını, perspektivlərini yeni yüzillikdə məhz bu nəslin potensialı müəyyən edəcəkdir.

…Müasir fəlsəfi düşüncənin strukturunda min illərdən bəri toplanmış ənənəvi bilik və metodlarla yanaşı, yeni dövrün spesifikasından irəli gələn məqamlar da ortaya çıxır. Ona görə də fəlsəfənin qarşısında duran vəzifələr təkcə klassiklərin əsərlərini təhlil etməkdən ibarət olmayıb, həm də yaşanılan dövrün xüsusiyyətlərinin üzə çıxarılmasını əhatə edir. Müasir dövr öz fəlsəfi təhlilini gözləyən yeni hadisələrlə zəngindir. Bu hadisələr həm siyasi, iqtisadi, sosial sahələri, həm də mədəni-mənəvi həyatı ehtiva edir. Qeyd etməliyəm ki, inkişaf səviyyəsindən asılı olmayaraq ən qabaqcıl hesab olunan dünya ölkələri də humanitar islahatlar strategiyasını bu yeni məqsədə tabe etmişlər».
XS
SM
MD
LG