Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 09:32

Qətlə yetirilənlərin doğmalarını yandıran məsələ…


Yas mərasimləri dövlət hesabına təşkil olunub
Yas mərasimləri dövlət hesabına təşkil olunub
Aprelin 30-da Neft Akademiyasında qətlə yetirilənlərdən birinin - Şəfa Məmmədovanın doğmaları hamını belə hadisələrə qarşı birləşməyə çağırır.

1978-ci il təvəllüdlü Şəfa Məmmədova beşinci il idi ki, Neft Akademiyasında laborant işləyirdi. 18 gün idi ailə qurmuşdu. Təzəcə aspiranturaya daxil olmuşdu. Ən böyük arzusu elmi dərəcə almaq idi.

Mayın 1-də ölkənin müxtəlif yerlərində bir gün əvvəl Neft Akademiyasında qətlə yetirilənlərin dəfn mərasimi oldu.

Səhərlər işə, axşamlar isə evə tələsmək insanın əbədi istəyi olaraq qalır. Elə aprelin 30-da Neft Akademiyasına tələsən müəllim və tələbələr də axşam evlərinə qayıtmaq istəyindən məhrum deyildilər. Heç kimə zərər yetirmədikləri halda niyyəti hələ ki, bəlli olmayan kiminsə onları güllələyəcəyini desəydilər də inanan olmazdı. Amma bu hadisə baş verdi. Qısa bir zaman kəsiyində 13 nəfər öldü, 13 nəfər isə yaralandı. Onların arasında cəmiyyətin demək olar ki, bütün təbəqələrinin nümayəndələri var idi. Adi süd satandan tutmuş elmin ən yüksək dərəcəsinə çatmış prorektora qədər.

Həmin gün biri valideynini, digəri müəllimini, başqa birisi qonşusunu - bir sözlə, hərə bir mənada öz yaxınını itirdi.

Bakının 7-ci mikrorayonunda - Neft Akademiyasının prorektoru, professor Ramiz Abdullayevin yasında onun oğlu Kamal Abdullayevlə söhbət etdik. Danışmağa həvəsi olmasa da, bizi anladığını deyib razılaşdı:

Kamal Abdullayev
«Düzü indi elə halda deyiləm ki, vəziyyəti təhlil edib bu barədə nəsə deyə bilim. Dost-tanış da hərə bir fikir deyir. Yəqin ki, bir müddət sonra istintaqdan, mediadan müəyyən şeyləri öyrənmək olacaq. Akademiyadan evə zəng etdilər. Qaçaraq getdim. Ürəyindən şikayəti vardı, ona görə düşündüm yəqin ürəyidir. Amma ora çatanda nəsə başqa şey baş verdiyini anladım. Sonra vəziyyəti anlatdılar. Sonra atamı xəstəxanalarda axtardım və tapdım. Atam fəxr ediləsi valideyn idi. Həyatda da, təhsildə də hər bir şeydə çox tələbkar idi. Bəlkə də adam vaxtında fikirləşir ki, niyə bu qədər tələbkardır, amma sonradan bəhrəsini görəndə anlayırsan. Onun bütün hərəkətləri insanın düzgün inkişaf etməsinə yönəlmişdi. Mən onunla indi də fəxr edirəm. Bu gün onun dəfninə bu qədər adamın yığışması da yəqin ki, qazandığı hörmətin göstəricisidir».

Neft Akademiyasının dosenti Çingiz Mürşüdlünün isə öz dərdi var. O deyir ki, təkcə çox təcrübəli elm adamını, iş yoldaşını, alicənab bir insanı yox, həm də uzun illərin dostunu itirib. Bunu həzm etmək asan məsələ deyil:

«Tələbəçilikdən dost idik. Məndən bir kurs yuxarıda oxuyurdu. Sonra onu institutda saxladılar, mənə də dərs dedi. Ailəvi münasibətimiz vardı. Amma bunu baxmayaraq, hərdən işdən birlikdə çıxanda onu maşınımda aparırdım, yolun yarısında düşürdü. Qoymurdu sona qədər aparmağa.
Çingiz Mürşüdlü
Deyirdi burdan o yana yol basırıq olur. Mən marşrutla gedəcəm. Belə bir insan idi».

Qonşuları Ramiz Abdullayevin simasında əvəzsiz bir insan itirdiklərini, tələbələri isə təmiz yaşamağı onlara öyrədən bir müəllimi itirdiklərindən təəssüflə danışırdılar. Kövrəlib mikrafondan üzünü çevirən də oldu, Ramiz müəllimdən keçmiş zaman anlamında danışmağa hazır olmadığını deyən də.

Mərhumun daha bir iş yoldaşı Lətifə Quliyeva isə belə bir insanın ölümünə inanmadığını dedi.

Bakının Xətai rayonunda isə ailə üzvləri, iş yoldaşları, qohum–əqrəba, qapı qonşu, Neft Akademiyasının laborantı Tamilla Əzizova ilə vidalaşırdı. Mərhumənin oğlu Anar Əzizov nə baş verdiyini anlamadığını bildirdi:

«Hadisəni eşidib kafedraya zəng elədim. İş yoldaşı götürdü dəstəyi. Dedi ki, ananın halı pisdir, təcili yardım çağırıblar. Özümü akademiyaya yetirdim. Qalxdım işlədiyi kafedraya. Elə qapının ağzındaca yerdə uzanmış gördüm anamı. Arxadan bir güllə ilə vurulmuşdu. Anam başqa laborantı əvəz etmək üçün həmin günü işə çıxmışdı. Vəziyyət belə gətirdi. Bu, birdən ağlını itirib hadisə törədən adamın işi deyil, əvvəlcədən hazırlanmış işdir. 1-ci mərtəbədən 6-ya qədər qaçaraq insanları qətlə yetirmək hər adamın işi deyil, bunun üçün fiziki hazırlıqlı və peşəkar olmaq lazımdır. Onun üzərindəki sursat da bunu deməyə əsas verir.
Anar Əzizov
Ortada olanlar belə düşünməyə əsas verir ki, bu, düşünülüb hazırlanmış aksiyadır».

Onu da deyim ki, yas mərasimləri dövlət hesabına təşkil olunub. Bu məsələdə gözümüzə hər hansı kəm-kəsir dəymədi.

Hüzr yerlərində Bakı Şəhər Ticarət Xidməti Departamentinin əməkdaşları vəziyyətə nəzarət edirdi. Onlardan biri - İsmayıl Həsənovun dedikləri:

«Biz bütün hüzr yerlərini gəzirik, ilk növbədə əlbəttə ki, başsağlığı veririk. Sonra da mərasim üçün nə lazımdır hamısını edirik. Şəhər rəhbərliyi, ölkə rəhbərliyi bu hadisəyə biganə qala bilməzdi və gördüyünüz kimi nə lazımdır edilir».

Və nəhayət, dəhlizlərində insanların qətlə yetirildiyi, yəqin ki, bir müddət medianın gündəmindən düşməyəcək Neft Akademiyasının rektoru Siyavuş Qarayevlə baş verən hadisə barədə danışdıq:

«Çox pis qiymətləndirirəm bu hadisəni. Ancaq hələlik bir fikir deyə bilmərəm. Mənə fakt lazımdır. Əgər sizin üstünüzə silahla gəlirlərsə, nə edə bilərsiniz? Problem bundadır. Hadisə qəflətən olub. Təfərrüatı sonra yəqin məlum olacaq».

Aprelin 30-da Bakıda evdən işə və ya dərsə tələsənlərin 13-ü ölərək geri qayıtdı. 13-ü isə sağlamlığını itirdi. Hələlik ortada olan həqiqət odur ki, bu hadisə həmin adamların günahı ücbatından baş verməyib. Elə qətlə yetirilənlərin doğmalarını da yandıran bax budur.
XS
SM
MD
LG