Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 07:43

Azərbaycan qalan qazını Rusiyayamı satmaq istəyir?


Medvedev Əliyevə: «Çox çətindir, ancaq düzələ biləndir»
Medvedev Əliyevə: «Çox çətindir, ancaq düzələ biləndir»
«Qazprom» «Şahdəniz» yatağından ikinci mərhələdə çıxacaq bütün qazı almaq üçün Azərbaycanla danışıqlar aparır». Bunu Rusiyanın «Komsomolskaya Pravda» qəzeti yazır.

Rusiya televiziyaları Azərbaycan prezidentinin Moskvaya səfərində dediyi bir fikri sitat gətirirdilər ki, «qaz məsələsində Azərbaycan tərəfdən heç bir məhdudiyyət olmayacaq».

İlham Əliyev «Vesti» televiziyasına müsahibəsində şikayətlənib ki, «bu, çox məyusedicidir ki, tranzit məsələsi həll olunmadığına görə, qaz istehsal edə bilməyəsən». O daha sonra «Vesti»yə deyib ki, «əsas məsələ Azərbaycanla Rusiya arasında qaz satışı və tranziti üzrə razılığa gəlmək və irəliyə getməkdir».

Moskvada çıxan ingilisdilli «Moscow Times» isə belə yazır:

«İlham Əliyev qazı Avropaya satmaq üçün Rusiyanı tranzit ölkə kimi görmək istədiyini dedi».

Qəzet onu da yazır ki, Avropaya Rusiya vasitəsilə bu qaz tranziti məsələsi İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedevlə görüşündən bir gün sonra məlum oldu.

Qəzet dərhal «Qazprom»dan şərh almaq istəyib, ancaq şirkət hətta sonrakı gün deyib ki, dərhal şərh vermək iqtidarında deyil.

Bu o deməkdirmi ki, qaz məsələsi prezidentlər səviyyəsində daha geniş sövdələşmələrin nəticəsi olub, hətta «Qazprom» da fikir bildirə bilməyib?
Ya da «Qazprom» Azərbaycan qazını ötürməyə yox, almağa hazırlaşır?

«Moscow Times» «Metropol» investisiya şirkətinin təhlilçisi Aleksandr Nazarovdan transit məsələsini şərh etməsini istəyəndə, təhlilçi deyib ki, «Rusiya vasitəsilə Avropaya qaz tranzitindən Azərbaycanın nə qazanacağını demək çətindir, çünki Azərbaycan eyni pulu qazı birbaşa «Qazprom»a satmaqla qazana bilər».

«Nabucco» kəməri öldümü?

İlham Əliyev Moskvada deyib ki, «əgər «Nabucco» kəməri çəkilsə, Azərbaycan qazının bir hissəsini «Nabucco»ya verə bilər. Ancaq bilinmir ki, «Nabucco» nə vaxt tikiləcək».

Ola bilərmi ki, «Nabucco» hazır olsa, Azərbaycan Rusiya ilə qaz sazişlərinə bir də baxsın?

Qəzetlərin Azərbaycan prezidentindən ən çox gətirdikləri ikinci sitat odur ki, «Rusiya ilə razılaşma elə olmalıdır ki, bunu heç bir tərəf gələcəkdə dəyişə bilməsin».

Ancaq ola bilər ki, söhbət heç Rusiyadan da getmir, Azərbaycan qazını bütün yollarla dünya bazarına çıxarmaq istəyir. Çünki «Moscow Times» «Şahdəniz» yatağında qaz istehsalı ilə məşğul olan «StatoilHydro»nun qaz kəşfiyyatının və istehsalının rəhbəri Peter Mellbyenın bu ayın əvvəlində dediyini xatırladır. O vaxt Mellbye demişdi ki, onun şirkəti Rusiya və İran vasitəsilə qaz ixracını araşdırır.

Bəs Türkiyə vasitəsilə qaz ixracı? Qəzet yazır ki, Azərbaycan çox perspektivli Yunanıstan istiqamətində Türkiyədən qaz göndərilməsini artırmağa çalışdı, ancaq Türkiyə ilə razılığa gələ bilmədi.

Azərbaycan qazını Rusiyaya verməklə iqtisadidən başqa, siyasi dividend də qazana bilərmi? Bunun əlaqəsini Rusiya mətbuatında görmək çətindir. «Komsomolskaya Pravda»nın və «Kommersant» qəzetinin yazdığına görə, Medvedev Əliyevə söz verib ki, Qarabağ probleminin həllinə kömək edəcək. Ancaq bunun müqabilində Azərbaycandan xahiş edib ki, Gürcüstanla hərbi-texniki əməkdaşlığı dayandırsın.

«Komsomolskya Pravda» Rusiya prezidenti Dmitri Medvedevin Qarabağ problemi haqda dediyini qeyd edir. Medvedev deyib: «Çox çətindir, ancaq düzələ biləndir».
XS
SM
MD
LG