Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:00

Medvedev demokratiya ilə kolbasanı uzlaşdıracaq


Medvedev «Novaya qazeta»nın əməkdaşı Dmitri Muratovun suallarına cavab verir - 15 aprel 2009
Medvedev «Novaya qazeta»nın əməkdaşı Dmitri Muratovun suallarına cavab verir - 15 aprel 2009
«Bəlkə Soçidəki mer seçkilərini təxirə salmaq lazımdır. Bu, seçkini imitasiya eləməkdən daha yaxşı olardı. Namizəd Lebedevi məhkəmə birdən-birə yarışdan kənarda qoyur, Nemtsova kampaniya aparmağa imkan vermirlər...»

«Novaya qazeta»nın Rusiya prezidenti Dmitri Medvedevə ilk sualı belə kəskin olub.

Rusiya prezidenti ilk dəfə olaraq ölkənin ən nüfuzlu müstəqil media orqanı olan «Novaya qazeta»ya müsahibə verib. O vurğulayıb ki, belə təcrübə başqa müstəqil qəzetlərlə davam etdiriləcək.

İlk sualın cavabında Medvedev deyib: «Mən bilmirəm kimi yarışdan kənarda qoyublar, amma Soçidə sözün həqiqi mənasında siyasi rəqabət var. Və çox yaxşıdır ki, həmin rəqabətdə müxtəlif siyasi qüvvələr iştirak edirlər. Yoxsa ki, bəzi bələdiyyə seçkiləri yekcins olur və insanlar üçün seçim imkanı yaradılmır. Buna görə də onlar seçkiyə maraq göstərmirlər».

O ki qaldı kiminsə seçki kampaniyasından uzaqlaşdırılmasına, Medvedev deyib ki, bu, dünyanın hər yerində var.

Prezidentə başqa bir sual belə olub ki, indi Rusiyada mövcud olan şəraiti necə adlandırmaq olar - ictimai müqavilə? Yəni dövlət əhalini doyuzdurur, əhali də bunun əvəzində dövlətə sadiqlik nümayiş etdirir?

Medvedev xatırladıb ki, buna «demokratiya əvəzinə kolbasa» deyənlər də var. Amma məlumdur ki, ictimai müqavilə nəzəriyyəsi Russodan gəlir və dünyada demokratiyanın bərqərar olmasında böyük rol oynayıb:

«Belə müqavilə həm də Konstitusiyadır. Yəni dövlətlə əhali arasında. İnsanlar öz hüquqlarının bir hissəsini könüllü olaraq dövlətə verirlər. Dövlət də bunun əvəzində onların müdafiəsini təşkil edir, təhlükəsiz, rahat və tox yaşamasına şərait yaradır. Aydındır ki, insan yaxşı maaş almasa, qarnı doymasa, onun öz hüquq və azadlıqları təhlükəyə məruz qala bilər».

Medvedev hesab edir ki, bu mənada cəmiyyətin inkişafı üçün həqiqətən də azadlıq və toxluğu uzlaşdırmaq lazımdır.

Bir ayrı sual. Bu yaxınlarda prezident də daxil olmaqla yüksək vəzifəli məmurlar öz gəlirlərini ictimaiyyətə açıqladılar. «Novaya qazeta» Medvedevdən soruşub ki, bu gəlir bəyannamələrinin düzgün olduğunu kim yoxlayacaq? «Çünki Rusiyada bir neçə günün içində - zəngin arvadı olan dilənçi məmurlar peyda olub…»

Prezident deyib ki, əlbəttə, bu sahədə çox böyük uğur əldə edildiyini söyləmək olmaz, amma bu faktdır ki, indi gəlirlərin bəyan edilməsi işi 90-cı illərdəkindən daha yüksək səviyyədədir. Medvedev deyib ki, bu, ilk addımdır:

«Belə şey nə çar dövründə, nə sovet dövründə, nə də ondan sonra olub ki, məmurlar öz gəlirləri haqda xalqa məlumat versinlər».

Onun fikrincə, vergi müfəttişliyinə məlumat vermək ayrıdır, xalqa məlumat vermək ayrı. Prezident hesab edir ki, bu, doğru istiqamətdə bir addımdır.

Məmurların arvadları məsələsinə gəlincə, Medvedev deyib ki, hansısa məmurun arvadının bizneslə məşğul olması qəbahət deyil, sadəcə bu məsələdə nəzarət olmalıdır.

Bir də əgər hansısa məmur bir sahəni idarə edirsə, onun arvadının da eyni sahədə bizneslə məşğul olması qeyri-etik bir hərəkətdir.

«Novaya qazeta» prezidentdən onu da soruşub ki, həbsdə olan biznesmen Xodorkovskiyə qarşı açılan yeni cinayət işini də əvvəlki iş kimi qabaqcadan proqnozlaşdırmaq olarmı? Yəni işin qərəzli olması haqda ehtimallara işarə vuraraq. Bir sözlə, sual hakimlərin müstəqilliyi haqda olub.

Medvedev deyib ki, adi adamlar, yaxud müstəqil analitiklər üçün hansısa iş haqqında proqnoz vermək asandır, çünki üzərlərində vəzifə adamının üzərində olan məsuliyyət yoxdur. İllah da ki, prezidentin üzərində olan məsuliyyət.

Onun belə şərh vermək müstəqilliyi yoxdur. O cümlədən onun üçün Xodorkovskinin işiylə bağlı qabaqcadan proqnozlaşdırılan heç nə ola bilməz.

Medvedev Rusiyada internet üzərində nəzarət yaradılacağı haqda ehtimallara da toxunub.

O deyib ki, heç kəs internet üzərinə qadağalar qoymaq istəmir, onun özü də hər gün beynəlxalq şəbəkədən istifadə edən adam kimi - internetin və internetdəki medianın normal inkişafı üçün bu sahədə işlək normativ bazanın yaradılmasını istərdi.

Amma Medvedev hesab edir ki, internet vasitəsilə törədilən qanunsuzları əsas götürüb beynəlxalq şəbəkəyə şər qüvvə kimi yanaşmaq olmaz.
XS
SM
MD
LG