Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:53

Çernoqoriya və Kosovodakı proseslər Qarabağ münaqişəsinə necə təsir edə bilər?


Serbiya və Çernoqoriya İttifaqının prezidenti Svetozar Maroviç müstəqilliklə bağlı refendumda səs verir, 21 may 2006
Serbiya və Çernoqoriya İttifaqının prezidenti Svetozar Maroviç müstəqilliklə bağlı refendumda səs verir, 21 may 2006

Ekspertlərin fikrincə, istər Çernoqoriya, istərsə də Kosovo məsələləri bir çox meyarlar baxımından Qarabağ münaqişəsindən fərqlənir


Bir neçə gün əvvəl Çernoqoriyada müstəqilliklə bağlı referendum keçirildi. Kosovo məsələsinin də həlli imkanları getdikcə artır. Bütün bunlar Qarabağ münaqişəsinə necə təsir edə bilər?


Həm Çernoqoriya, həm də Kosovo məsələləri bir çox meyarlar baxımından Qarabağ münaqişəsindən fərqlənir. Ona görə də, Azərbaycanda bu münaqişələrin eyniləşdirilməsini düzgün saymırlar. Məsələn, politoloq Rasim Musabəyov deyir ki, Çernoqoriya keçmiş Yuqoslaviyanın subyektlərindən biri idi və indi onun müstəqillik əldə etməsi keçmiş Sovetlər Birliyindəki müttəfiq respublikalar kimi çox təbiidir. Əslində, keçmiş Yuqoslaviyanın bir çox subyektləri, o cümlədən də Xorvatiya bu prosesi çoxdan keçib. Cənab Musabəyov deyir ki, Kosovo məsələsi də, Qarabağ münaqişəsindən bir xeyli fərqlənir. Onun sözlərinə görə, əgər Kosovoda albanlar etnik təmizlənməyə məruz qalıb və indi müstəqillik istəyirlərsə, Dağlıq Qarabağda bunun əksinə, məhz azərbaycanlılar öz torpaqlarından sıxışdırılıb çıxarılıblar. Ancaq Rasim Musabəyov Kosovo müstəqillik əldə edirsə, bir sıra separatçı qüvvələrin bundan istifadə etmək istəyəcəyini istisna etmir: «Kosovo Timurdan fərqli olaraq Avropa ərazisidir. Haradakı «Helsinki Aktı» güclə sərhədlərin dəyişdirilməsinə imkan vermir, təbii ki, bu ənənədən ermənilər istifadə etmək istəyinə düşəcəklər. Ancaq onun universal xarakteri yoxdur. Kosovonun müstəqilliyinə Serbiya razılıq verməlidir. Azərbaycan istəməsə, buna razılıq verməyə bilər».


Cənab Musabəyov deyir ki, əslində, indi Serbiya daxilində Kosovonun müstəqilliyinə ciddi şəkildə etiraz etmirlər. Sadəcə, Serbiya Kosovonun müstəqilliyi əvəzində Avropa Birliyindən bir sıra güzəştlər əldə etmək niyyətindədir.


Bu mövzuda Azərbaycandakı ekspertlərlə Qərbin bir sıra analitiklərinin də mövqeyi üst-üstə düşür. Vaşinqtondakı «Ceymstaun» Fondunun analitiki Vladimir Sokorun da fikirlərinə görə, post-sovet məkanındakı münaqişələrlə bağlı şərait Kosovodakı şəraitdən bir xeyli fərqlənir. Cənab Sokor hesab edir ki, bu da, Rusiyanın bütün bu münaqişələrə universal bir model kimi baxmaq iddialarını alt-üst edir.


Prezidentin Xarici Məsələlər üzrə keçmiş müşaviri Vəfa Quluzadə isə, deyir ki, əslində, Rusiya daha çox daxili problemlərinin hayındadır. Çünki Çernoqoriya müstəqillik əldə edərsə, sabah da Tatarıstan eyni iddialara düşəcək. Cənab Quluzadənin sözlərinə görə, nə qədər ki, Rusiyada bir sıra qüvvələr imperiya iddialarından əl çəkməyib, keçmiş Sovetlər Birliyindəki münaqişələr çox çətin həll edilə bilər.


Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə, bildirir ki, Ermənistan referendum ideyasını ortalığa atmaqla, əslində, Qarabağ münaqişəsini Şərqi Avropadakı bir sıra münaqişələrlə eyniləşdirmək istəyir: «Dövlət başçılarının Parisdə keçirilən görüşündə Azərbaycana referendum təklif edilmişdi. İndiki halda Dağlıq Qarabağda referendumun keçirilməsi, ona müstəqilliyin verilməsi demək olardı. Biz bilmirik sabah nə olacaq, ancaq indi Azərbaycan bunun əleyhinədir».


Əslində, son dövrlər Azərbaycanda referendum ideyasına çox ziddiyyətli münasibətlər bildirilib. Məsələn, bir neçə ay əvvəl həm Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov, həm də Xarici İşlər nazirinin müavini Araz Əzimov 15-20 il sonra referendum haqda təkliflərə baxa biləcəklərini istisna etməmişdi. Sonra da həmin şəxslər belə bir fikir də dilə gətirdilər ki, əgər referendum olacaqsa, bu, tək Dağlıq Qarabağda yox, bütün ölkə ərazisində keçirilməlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG