Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:08

Şuşanın işğalının 14 ili tamam olur


Şuşanın işğalının 14 ili tamam olur
Şuşanın işğalının 14 ili tamam olur

«Bir də görürsən, evdə bir övladı hamıdan çox istəyirlər. Şuşa da elədir, hamı mehrini ona salıb»


Azərbaycan mənbələrində Şuşa şəhərinin 1756-cı ildə Pənah xanın tərəfindən salındığı və ilkin adının Pənahabad olduğu deyilir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən və hər tərəfdən dağlarla əhatə olunan Şuşa «xilqətdən qalalı-səngərli» olduğundan onu «Qala şəhər» adlandırıblar, strateji baxımdan böyük üstünlüklərə malikdir. Sonrakı dövrdə Pənahabad Şuşayla əvəzlənib və şəhər Qarabağ xanlığının mərkəzinə çevrilməklə yanaşı, Azərbaycan mədəniyyətinin beşiyi sayılıb.


Qarabağ münaqişəsi dövründə - 1992-ci ildə isə şəhər işğal olunub.


Şuşa o şəhərdir ki, münaqişənin nizamlanması ilə bağlı çoxsaylı danışıqlarda ona nəzarətlə bağlı bir neçə təklif səslənib, bütün danışıqlarda bu şəhərin taleyi prioritetə çevrilib. Səbəb də strateji baxımdan əhəmiyyətli nöqtədə yerləşməsidir. Hərbçilərin sözlərinə görə, Şuşa kimin əlindədirsə, Qarabağa nəzarəti də o edəcək.


Beləliklə, Şuşanın taleyi ilə bağlı birinci təklif: Bu haqda ilk dəfə Azərbaycan ictimaiyyətinə məlumat verənlərdən biri sabiq prezident Heydər Əliyev olub. Bu təklifə görə, Şuşa və Laçın Ermənistana verilir, əvəzində isə Ermənistan ərazisi sayılan Qafanda azərbaycanlıların kompakt yaşamasına imkan yaradılır. Bu variant münaqişənin ilk dövrlərindən 90-cı illərin sonlarına kimi danışıqların mövzusu olub. Amma birinci dəfə onu Amerika politoloqu Qobl və buna oxşar nümunəni Rusiya akademiki Andrey Saxarov səsləndirib.


Siyasi icmalçı Rauf Mirqədirov: «Heydər Əliyev parlamentdəki çıxışında belə bir variantın müzakirə olunduğunu faktiki etiraf etdi. Açıq şəkildə bildirdi ki, o, təkliflə razılaşmayıb. Baxmayaraq ki, bu variant Azərbaycan üçün böyük üstünlüklər vəd edirdi. Naxçıvandan başqa, Azərbaycanın başqa bölgələrinin də Türkiyəyə birbaşa çıxışı yaranırdı. Eyni zamanda, Naxçıvanla Azərbaycanın yerdə qalan ərazisini birləşdirmək imkanı yaradırdı».


İkinci təklif: Danışıqların müəyyən mərhələsində Şuşaya xüsusi statusun verilməsi də müzakirə mövzusu olub.


Rauf Mirqədirov: «Azərbaycan rəsmiləri tələb ediblər ki, Şuşaya xüsusi status verilsin. Və bu halda şəhərdə Azərbaycan hakimiyyəti tam bərqərar olunsun. Yəni, Şuşanın ermənilərin tabeçiliyində olmasını istəməyiblər».


İkinci təklif qarşı tərəfi razı salmadığından üçüncü variant - Şuşaya birgə nəzarət meydana çıxıb. Söhbət Azərbaycan və Ermənistanın bu şəhərə birgə nəzarətindən gedib.


Rauf Mirqədirov: «Ermənistan Şuşanı Azərbaycanın tam nəzarətinə verməyə razı olmadığından birgə nəzarət təklifləri də müzakirə olunub».


Və nəhayət, dördüncü təklif haqda Böyük Britaniya jurnalisti, «Qarabağ» kitabının müəllifi Tomas De Vall yazıb. Onun sözlərinə görə, Ki Vest danışıqlarında Dağlıq Qarabağın Ermənistana birləşməsindən və əvəzində Şuşanın Azərbaycana verilməsindən söhbət gedirdi. Amma bu təklif də baş tutmayıb. Və tərəflər bir fikrə gələ bilmədiyindən danışıqlar bu gün də davam edir.


Siyasi icmalçı Elxan Şahinoğlunun sözlərinə görə, indiki mərhələdəsə Dağlıq Qarabağ ətrafındakı beş rayonun və üstəgəl Şuşa və Kəlbəcərin qaytarılmasından söhbət gedir. Amma Yerevan yenə razılaşmır: «Onlar təhlükəsizliklərinə yüksək təminat istəyirlər. Məndəki məlumata görə, onlar Şuşada və Kəlbəcərdə Azərbaycan silahlı qüvvələrinin yerləşdirilməməsini tələb edirlər. Bu halda isə əhalinin ora qayıtması ağlabatan deyil».


Elxan Şahinoğluna görə, danışıqlarda tərəflərin razılığa gələ bilmədikləri başlıca məqam Şuşayla bağlıdır. Çünki Şuşa strateji baxımdan elə nöqtədə yerləşir ki, onun sahibinə böyük üstünlük vəd edir. Ona görə də Ermənistan qüvvələrinin təminat almadan bu şəhərdən çıxması çətin ki, mümkün olsun: «Hətta Kəlbəcər və Laçın məsələsində də razılığa gəlirlər. Amma Şuşayla bağlı anlaşma əldə edə bilmirlər».


Uzun illər Azərbaycanı danışıqlarda təmsil etmiş və çoxsaylı təkliflərlə rastlaşmış Vəfa Quluzadə: «Hər dəfə Şuşa məsələsi qalxanda Ermənistan bunun təhlükəli olacağını deyəcək. Məsələ elə qurulub ki, razılığa gəlmək çətindir».


Şuşa ilə bağlı yalnız sıravi vətəndaşlar deyil, hətta diplomatlar da bəlağətli danışmaqdan, onun Azərbaycan və azərbaycanlılar üçün önəmini açmağa cəhd göstərməkdən özlərini saxlaya bilmirlər.


Keçmiş Xarici İşlər naziri Vilayət Quliyev Şuşanı Qüdslə müqayisə edir. Onun sözlərinə görə, bu şəhər yalnız strateji baxımdan danışıqlarda ön mövqeyə keçməyib: «Bu şəhər Azərbaycan mədəniyyətinin, tarixinin tərkib hissəsidir, Şuşa simvoldur, Qarabağın açarıdır. Ona görə də danışıqlarda Şuşa ön mövqedə dayanıb».


Söhbətə burda da nöqtə qoymaq olardı. Amma Şuşanın danışıqlarda ön mövqedə olmasının sirrini şuşalı Zahid Quliyevdən eşidək, sonra: «Bir də görürsən, evdə bir övladı hamıdan çox istəyirlər. Şuşa da elədir, hamı mehrini ona salıb».


Yəqin elə buna görə də Dağlıq Qarabağ danışıqlarında bütün yollar bundan sonra da Şuşaya aparacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG