Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

Svante Kornel: «Ermənistan Fransa və ABŞ-ın dəstəyini itirib»


Dağlıq Qarabağ köçkünləri üçün İranın qurduğu çadır şəhərciyi - 22 noyabr 1993
Dağlıq Qarabağ köçkünləri üçün İranın qurduğu çadır şəhərciyi - 22 noyabr 1993

«Dağlıq Qarabağın statusu sülh danışıqlarının indiki mərhələsində həll olunmayacaq». Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru Svante Kornel «Azadlıq» radiosuna müsahibəsində belə deyib. Onun sözlərinə görə, bu məsələ işğal olunmuş Azərbaycan torpaqlarının çoxu geri qaytarıldıqdan sonra həllini tapacaq: «Ən azından Dağlıq Qarabağın axır statusu barədə bu mərhələdə qərar verilməyəcək. Yəni, söhbət bu məsələnin sonraya saxlanılmasından gedir. Əvvəlcə, Azərbaycan torpaqlarının çoxu geri qaytarılacaq, qaçqınlar yurdlarına qayıdacaqlar və iqtisadi əlaqələr yaranacaq».


Cənab Kornel əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi məsələsində Ermənistan əvvəlki illərə görə, Fransa və ABŞ-dan olan dəstəyini itirib: «Hazırda bir çox məsələlərin perspektivi baxımından Azərbaycan Birləşmiş Ştatlar üçün ən vacib ölkədir. Fransa isə artıq münaqişənin həlli məsələsində neytral mövqedə dayanır».


Svante Kornelin sözlərinə görə, Ermənistan bölgədə gedən proseslərdən kənarda qalır, Azərbaycan isə bu proseslərin mərkəzindədir: «Bu, həm inkişaf baxımından, həm də Qarabağ münaqişəsinə görə, Ermənistanın geridə qalması, Azərbaycanın isə daha yaxşı mövqeyə gəlməsi deməkdir».


Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru bildirir ki, İlham Əliyev prezident Corc Buşla Dağlıq Qarabağdan danışarkən problemin həllində ABŞ-ın daha böyük rol oynamasını istəyib. Ona görə də, ola bilsin ki, Amerika münaqişənin həllinə daha böyük önəm verəcək.


Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov isə mətbuata açıqlamasında bildirib ki, həmsədrlərin regiona səfərləri sadəcə, gəzmək xatirinə deyil. Fransalı həmsədr Bernar Fasyenin Yerevana getməsi, oradan Bakıya gəlməsi və dövlət başçısı tərəfindən qəbul edilməsi müzakirə üçün mətləblər olduğunu deməyə əsas verir.


Cənab Əzimovun sözlərinə görə, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG