Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:37

Gürcüstandakı azərbaycanlıların problemləri


Ramil Usubov neqativ halların olmasını istisna etmir
Ramil Usubov neqativ halların olmasını istisna etmir

Daxili İşlər naziri Ramil Usubov: “Təəssüflər olsun ki, son 10 ildə on minlərlə Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana gəliblər”


Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov hesab edir ki, Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycana gəlməsinin geniş xarakter alması iqtisadi problemlərlə bağlıdır. Nazirin fikrincə, qonşu ölkədən fərqli olaraq Azərbaycanda son dövrlərdə görünən iqtisadi inkişaf soydaşlarımızın buraya axınını stimullaşdırır. Amma cənab Usubov bəzi neqativ halların olmasını da istisna etməyib. Daxili İşlər naziri neqativ halların nədən ibarət olduğuna aydınlıq gətirməsə də Gürcüstanda yaşayan azərbaycanlılar hesab edir onlar bu ölkəni heç də özxoşuna tərk etmirlər.


Gürcüstandakı “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Gürcüstanda yaşayan azərbaycanlıların öz yerlərini tərk etməsini müxtəlif amillərlə əlaqələndirir. Cənab Əsgərov deyir ki, bu bir tərəfdən ölkədə iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdırsa digər tərəfdən azərbaycanlıların torpaq islahatlarından kənarda qalması və bir çox hallarda ayrı seçkiliklə üzləşmələrilə bağlıdır. Cənab Əsgərova görə, əkinçilik və heyvandarlıqla məşğul olan azərbaycanlılar indiyə qədər öz məhsullarının əksər hissəsini Rusiya bazarlarına çıxarırdısa indi iki ölkə arasındakı soyuq münasibətlər bu imkanı heçə endirib. Bundan başqa Azərbaycanla Gürcüstan arasındakı gömrük keçid məntəqələrində də rəsmi və qeyri-rəsmi qurumların nəzarəti xeyli sərtləşdirilib.


Əlibala Əsgərova görə, azərbaycanlıların bu ölkədən getməsini sürətləndirən mühüm məsələlərdən biri də təhsil problemidir. Onun sözlərinə görə, Gürcüstanda yeni qəbul edilən təhsil qanununa görə, orta təhsil gürcü dilində olmalıdır və əgər kimsə başqa dildə təhsil almaq istəyirsə və bu hansısa dövlətin marağındadırsa onda Gürcüstanda məktəb aça bilər. «Azərbaycanlılarınsa bu sahədə ixtisaslı kadırı yoxdu».Məhkəmələrdə, təhsil nazir liyində də azərbaycanlılar təmsil olunmur. Əlibala Əsgərova görə, belə davam edəcəyi halda gələcəkdə Gürcüstanda bir nəfər də azərbaycanlı qalmaya bilər.


Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov da hesab edir ki, azərbaycanlıların bu ölkəni tərk etməsində əsas səbəb ölkədəki iqtisadi vəziyyətin o qədər də yaxşı olmaması, işsizlik və sosial problemlərlə bağlıdır. Azərbaycandakı indiki inkişaf Gürcüstanda yaşayan azərbaycanlılar üçün cəlbedici olduğundan onlar bu ölkəyə üz tuturlar və sonra da geri qayıtmaq istəmirlər. Amma Elxan Poluxov deyir ki, onlar bu vəziyyətin Gürcüstanda torpaq islahatlarından sonra dəyişəcəyinə ümidlidirlər.


Gürcüstanın dövlət strukturlarında azərbaycanlıların çox az təmsil olduğunu deyən cənab Poluxova görə, ötən ildən bu məsələlərin aradan qaldırılmasına başlanılıb. Belə ki ötən il ölkə prezidentinin təşəbbüsü ilə yaradılan Jvaniya adına Dövlət İdarəçilik Məktəbinə 34 nəfər azərbaycanlı qəbul edilib ki, onlar həmin məktəbi bitirəndən sonra dövlət orqanlarında işlə təmin olunacaqlar.


Buna baxmayaraq Gürcüstandakı Azərbaycan dilli məktəblərinin çox acınacaqlı vəziyyətdə olduğunu bildirən Elxan Poluxova görə, bu da valideynləri məcbur edir ki, onlar öz uşaqlarını Azərbaycana göndərsinlər.


Gürcüstanda yaşayan digər millətlərlə müqayisədə azərbaycanlıların bu ölkəni az tərk etdiyini bildirən Elxan Poluxov deyir ki, 1989-cu ilin rəsmi statistikasında bu ölkədə yaşayan azərbaycanlıların sayı 300 mindən çox olub, 2002-ci ilin statistikasında bu say 285 minə enib.


Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin Orta Asiya və Zaqafqaziya ölkələri üzrə eksperti Füzuli Nəcəfov deyir ki, Gürcüstandakı azərbaycanlılarının problemlərinin həlli ilə bağlı komitənin hazırladığı proqramın və tədbirlər planının Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsini gözləyirlər. Füzuli Nəcəfova görə, proqramın reallaşdırılması ilə bağlı işçi qrup yaxın vaxtlarda fəaliyyətə başlasa, Gürcüstandan azərbaycanlıların köçməsinin qarşısı az da olsa alına bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG