Vüqar Əliyev deyir ki, Azər Səmədov 2003-cü ilin 16 oktyabr hadisələrinə görə axtarışda olub və Azərbaycanın hüquq-mühafizə orqanlarının müraciəti əsasında saxlanıb. O, 16 oktyabr hadisələrinin təşkilində ittiham olunur.
DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu isə bildirir ki, Azər Səmədov hüquq müdafiəçisi kimi 16 oktyabr hadisələrinin monitorinqiylə məşğul olub, buna görə onun saxlanması qanunsuzdur: «Prokurorluğun Azər Səmədovu 16 oktyabr hadisələrinə görə həbs etməsi absurddur. Həmin günlərdə o, mənimlə birlikdə baş verənlərin monitorinqini aparırdı, hüquq müdafiəçisi kimi işini görürdü. Həm də artıq bu hadisələrə görə tutulanlar buraxılıb, onu indi həbs etmək məntiqsizdir».
Yerli hüquq müdafiəçilərinin birləşdiyi monitorinq mərkəzi də Azər Səmədovun həbsindən narahatlığını bildirib. DEVAMM isə onun həbsdən azad olunması üçün Gürcüstan prezidenti Mixail Saakaşviliyə və BMT-nin dini etiqad və vicdan azadlığı üzrə məruzəçisi Əsma Cahangirə müraciət edib.
Respublika Prokurorluğunun məlumatında bildirilir ki, 16 oktyabr hadisələrinə görə, Azər Səmədovdan başqa daha bir neçə nəfər axtarışdadır.
2003-cü il oktyabrın 16-da Bakıda hüquq-mühafizə orqanları ilə prezident seçkisinin elan edilən nəticələrinə etiraz edən müxalifət tərəfdarları arasında baş verən toqquşmada onlarla müxalifət tərəfdarı saxlanmış, bir nəfər isə vəfat etmişdi.