Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:01

«Dedovşina» işi üzrə hökm oxunub


Hökm oxunan vaxt 19-20 yaşlarında olan gənclər narazı görünürdülər
Hökm oxunan vaxt 19-20 yaşlarında olan gənclər narazı görünürdülər
Bakı Hərbi Məhkəməsinin qarşısına toplaşan hərbçilərin yaxınları səhərdən burdaydılar. Hökmün vaxtı səhər saat 10-a təyin olunsa da, sonradan 12-yə, daha sonra 1-in yarısına keçirildi. Məhkəmənin keçiriləcəyi zaldakı barmaqlıqlar arxasında isə 5 nəfər keçmiş əsgər oturmuşdu. İttihamda göstərilir ki, onlar hərbi hospitalda müalicə olunan vaxt burdakı 4 əsgəri bir-birinə döydürüblər.

Bu hadisə keçən ilin fevralında olub. Məhkəmə qarşısında oturan Famil Qəniyev, Cavid Yusifov, Adil Abbasov, Rahid Cəfərov və Elxan Alməmmədov 4 əsgərə təzyiqlər göstərib gözlərini qorxutmaq istəyiblər. Buna orduda «dedovşina» deyilir.

Bunu da elə təqsirləndirilənlərdən biri - Cavid Yusifov çəkib sonradan yayıb. İnternet saytlarında bu görüntülər yerləşdiriləndən sonra telefonlara yol tapıb. Bundan sonra ictimai müzakirə başlayıb və həmin vaxta qədər «bizim orduda «dedovşina»lıq yoxdur» deyən Müdafiə Nazirliyi faktı təsdiq edib.


Prosesdə hakim Salman Yusifov bildirdi ki, müttəhimlərin günahları həm zərərçəkənlərin ifadələriylə, həm də görüntülərlə sübut olunub:

«Müttəhimlər əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girib əsgərlərə qarşı ittihamda göstərilən hərəkətləri ediblər. İfadələrlə onların əməlləri sübut olunub».
Hərbi hospitalda şillələnmə
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00
Direct-ə keçid

Məhkəmənin hökmü ilə Famil Qəniyev 4 il 6 ay, Cavid Yusifov və Adil Abbasov 4 il, Rahid Cəfərov və Elxan Alməmmədov isə 3 il müddətinə azadlıqdan məhrum edildilər. Onlar Cinayət Məcəlləsinin 332.2-ci (tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda) və 332.2.3-cü (eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunublar.

Hökm oxunan vaxt 19-20 yaşlarında olan bu gənclər narazı görünürdülər. Baxmayaraq ki, ifadələrində günahlarını etiraf ediblər. Elə onların yaxınları da narazıydılar. Cavid Yusifovun atası Şakir Yusifov deyir ki, oğlum pnevmaniya xəstəliyinə tutulmasaydı, nə hospitala düşərdi, nə də bunlar baş verərdi:

«Mən oğlumu hərbi xidmətə göndərmişəm. Cəmi 20 gündən sonra pnevmaniya xəstəliyinə tutulub. Hospitalda olub, indi də 4 il iş kəsdilər. Agızlarından süd iyi gələn uşaqların 4 il həbsdə çürüməsi çox ağırdır».

Vəkil Şakir Yusifov da deyir ki, bu cəza ağırdır:

«Böyük ehtimalla biz Apellyasiya Məhkəməsindən işin yenilənməsini tələb edəcəyik. Düzdür, ittihamda göstərilənlər olub, ancaq cəza çox ağırdır, daha yüngül cəza vermək olardı».
Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, bu cür halların qarşısını almaq üçün orduya nəzarət güclənməli, geniş islahatlar aparılmalıdır:

«4-5 nəfərin məsuliyyətə cəlb olunması ordudakı bu vəziyyəti qətiyyən düzəltmir. «Dedovşina» halı Müdafiə Nazirliyi və digər güc strukturlarında olub və indi də davam edir. Bunun kökünü kəsmək üçün islahatlar aparılmalı, kadr siyasətində güclü dəyişikliklər olmalı, çavuş heyətiylə yaxından işləməli və zabit heyətinin bacarığını artırmaq lazımdır».

Baş verənlərlə bağlı videogörüntülər yayılmamışdan əvvəl Müdafiə Nazirliyi Azərbaycan ordusunda belə halların olmasını inkar edirdi.

Bu hadisədən sonra Ələtdəki hospitalda rəisin tibb məsələləri üzrə müavini, həmin vaxt rəis vəzifəsini müvəqqəti icra edən Nazim Allahverdiyev və hospitalın vərəm bölməsinin rəisi Oqtay Babayev tutduqları vəzifədən azad ediliblər. Müdafiə naziri Səfər Əbiyevin əmri ilə onlar bir pillə aşağı vəzifəyə təyin olunublar.

Fevralın 25-də isə Lənkəran Hərbi Məhkəməsində gənc əsgərlərə qarşı zorakılıq edən iki çavuşun məhkəməsi başlanacaq. Bu işlə bağlı 19 zərərçəkmiş var. Həmin hadisə isə Daxili Qoşunların Hacıqabuldakı hərbi hissəsində baş verib. Yenə internet saytlarında və mobil telefonlarda yayılan videoçarxda iki nəfərin 20-25 əsgəri kazarmada sıraya düzüb döydüyü təsvir olunur.
XS
SM
MD
LG