Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:49

Ordudakı problemlər partlayış həddində…


Ekspertlər hesab edirlər ki, orduya vətəndaş nəzarəti olmadığından neqativ hallar geniş yayılıb
Ekspertlər hesab edirlər ki, orduya vətəndaş nəzarəti olmadığından neqativ hallar geniş yayılıb
Son bir neçə həftədə Azərbaycan ordusunda bir-birinin ardınca intihar və «dedovşina» faktları ilə bağlı xəbərlər yayılır. Müdafiə Nazirliyinin keçmiş zabiti Üzeyir Cəfərov deyir ki, bu, Azərbaycan Ordusunda illərlə yığılıb qalmış problemlərin partlayış həddinə qədər gəlib çatmasıdır:

«Yuxarıdan aşağıya ciddi araşdırılma aparılmalıdır və hər bir fakt ictimailəşdirilməlidir. Hər dəfə ordu ilə bağlı problem çıxan kimi bildirilir ki, Azərbaycan müharibə şəraitindədir, faktları açıqlamaq doğru deyil, əslində isə bütün bunlar bəhanədir. «Dedovşina» ilə bağlı indiyə qədər də dəfələrlə faktlar ortaya çıxıb. Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə və qarnizon məhkəmələrində baxılan onlarla iş var. Ancaq bunu etiraf etmək istəmirlər. Hələ indi orduda belə faktların olması ilə bağlı təkzibi mümkün olmayan faktlar ortaya çıxandan ordunu istəməyən bir qrup şəxs bu faktları təkzib etməklə məşğuldur».

Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin başçısı Yaşar Cəfərli isə orduda mənəvi-psixoloji durumun gərginləşməsinin əsas səbəblərini sosial problemlərdə axtarmağı düzgün sayır. Onun fikrincə, orduya başçılıq edən şəxslərin ordudakı problemləri çözmək yerinə onları cəmiyyətdən gizlətməsi baş verənlərin əsas səbəbidir:

«Orduda belə durum ilk sırada hərbi qulluqçuların hüquqlarının qorunmaması ilə bağlıdır. Silahlı qüvvələrdə bir sıra sosial problemlər mövcuddur. Ancaq bunların içərisində ən vacibi orduda insan haqlarının qorunmasıdır. Ordu rəhbərliyi bu haqları qorumadığı üçün belə sosial-psixoloji gərginlik yaranıb».

«Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacı isə düşünür ki, problemin ən ciddi tərəfi rəsmilərin orduya dövlətin əsas sütunlarından biri kimi yox, cəza müəssisəsi kimi baxmasındadır. Zamin Hacının fikrincə, zabitlərin intihar etməsi, əsgərlərin əsgər yoldaşlarına qarşı qəddar münasibəti orduya ictimai nəzarətin olmamasından irəli gəlir:

«İndi təsəvvür edin ki, Azərbaycan cəmiyyətinin içərisində məhdudlaşmış azadlıqların da qat-qat məhdudlaşdırıldığı bir yer var.

Azərbaycanı bir «matryoşka»ya bənzətsək, onun içərisindəki ən balaca «matryoşka» Azərbaycan ordusudur. Azərbaycan ordusuna heç bir ictimai nəzarət yoxdur. Nə cəmiyyət, nə QHT-lər ordu ilə maraqlana bilmir. O sıradan orduya parlament nəzarəti də yoxdur, beynəlxalq qurumlar orduya heç bir formada nəzarət edə bilmir. Bütün bu səbəblər qapalılıq yaradır və sonda belə ciddi problemlərin ortaya çıxmasına səbəb olur».

Zamin Hacı deyir ki, hərbi hissələrdə «dedovşina» faktları mobil telefonlarla çəkilib internetə yerləşdiriləndən sonra Müdafə Nazirliyinin hərbi hissələrdə videokameralı mobil telefonları qadağan etməsi xəbərləri yayılıb. Qəzetçi hesab edir ki, əslində indiki halda videokameralı mobil telefonları qadağan etmək yox, hərbi hissələri mərkəzləşdirilmiş qaydada izləmək üçün hərbi hissələrdə videokameralar quraşdırılmalı idi.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Eldar Sabiroğlu isə düşünür ki, ortada bir neçə ciddi fakt olsa da, bunlar heç də bütün orduda mənəvi-psixoloji durumun ağırlığı haqda fikirlər səsləndirməyə əsas vermir: «İstisna hallarda belə faktlar olub. Hüquq mühafizə orqanları bunları araşdırır».

İkinci dəfə prezident seçilən İlham Əliyev də andiçmə mərasimindəki çıxışında bildirib ki, 5 il öncə Azərbaycan ordusunun güclənəcəyi və regionun lider ordusuna çevriləcəyi ilə bağlı verdiyi vədlər yerinə yetirilib. Azərbaycan ordusu regionun ən güclü ordusudur.
XS
SM
MD
LG