Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

«Dedovşina» ilə bağlı çarxlar siyasi mahiyyət daşıyır»


«Bu məlumatların yayılması və ictimaiyyətin nə baş verdiyini bilməsi yaxşı haldır»
«Bu məlumatların yayılması və ictimaiyyətin nə baş verdiyini bilməsi yaxşı haldır»
Dinlə

Astara rayonu Pensər kənd sakini Elton Qurbanov hərbi xidmətə başladıqdan cəmi 17 gün sonra zorakılığa məruz qalıb. Onun anası Nərminə Qurbanova deyir ki, bu il iyulun 2-də oğlunu əsgərliyə yola salıb. Avqust ayında isə oğlunun hospitalda olduğu barədə xəbər gəlib.

Nərminə xanım deyir ki, ikinci müalicədən sonra oğlu yaxşılaşıb və hazırda xidmətini davam etdirir. Onu başqa hərbi hissəyə keçiriblər və yeri yaxşıdır. Çavuş isə həbsdədir, məhkəməsi olacaq.

Son günlər orduda əsgərlərə qarşı zorakılıq barədə video görüntülərin internetə ayaq açması halları intensivləşir. Mütəxəssislərin məsələyə münasibəti isə birmənalı deyil. Bəziləri bunu sovet dövründən qalma özbaşınalıq, «dedovşina»nın davamı adlandırır. Amma deyilənlərlə razılaşmayıb məsələni başqa cür izah edənlər də var. İnternetə yenicə qoyulmuş videoçarxın əvvəlində bir çavuş baş verəcəkləri tamaşa adlandırsa da, görüntülər bunun xalis zorakılıq olduğuna şübhə yeri qoymur.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu deyir ki, həmin videoçarxla artıq tanış olublar. Hazırda araşdırma gedir. Əgər oradakı faktlar təsdiqlənsə, ciddi tədbirlər görüləcək. Cənab Sabiroğluna görə, nazirlikdə mənfi hallara heç vaxt göz yumulmayıb:

«Əgər göz yumulsaydı, bunların hamısı qapalı saxlanılardı. Hərbi hissələrdə baş verən bu və ya digər hallarla hüquq- mühafizə orqanları məşğul olur. Müdafiə Nazirliyinin rəhbərliyi özü maraqlıdır ki, əgər neqativ hal varsa, tezliklə üzə çıxarılsın və barəsində ən ciddi tədbirlər görülsün».

E.Sabiroğlu əlavə edir ki, belə videoçarxları saytlara verənlər əvvəlcə onu Müdafiə Nazirliyinə təqdim etsələr, daha yaxşı olar.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov isə hesab edir ki, təkcə Müdafiə Nazirliyinin hərbi hissələrində yox, digər strukturların qoşunlarında da özbaşınalıq, «dedovşina» halları mövcuddur. Və belə getsə, gələcəkdə də olacaq. Bu barədə müvafiq instansiyalara haqqında danışılan video görüntülər internetdə yayılmamışdan əvvəl də məlumat verilib:

«Təəssüflər olsun ki, ordunun indiki vəziyyəti ilə NATO-ya inteqrasiya məsələsindən danışmağa dəyməz».

Ə.Məmmədov deyir ki, əslində bütün ölkələrin Silahlı Qüvvələrində belə hallara rast gəlmək mümkündür. Amma başqa ölkələrdə bunun qarşısının alınması üçün lazımi islahatlar aparılır, qanunvericilik bazası gücləndirilir. Azərbaycanda isə hələ ki, bu cür addımlar müşahidə olunmur.

Bəzi ekspertlər hesab edirlər ki, son vaxtlar güc strukturlarının qoşun hissələrində baş verən zorakılıq hallarını əks etdirən videoçarxların internet saytlarına ayaq açmasının arxasında əslində müvafiq nazirliklərarası mübarizə dayanır. «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu da baş verənlərin siyasi mahiyyət daşıdığını düşünür. O deyir ki, belə hadisələrin ictimaiyyətə çıxarılmasının orduya inam baxımından mənfi tərəfləri var. Amma bunun arxasında siyasi çəkişmələr, kompromat müharibəsi və sair dayanırsa belə, bu məlumatların yayılması və ictimaiyyətin nə baş verdiyini bilməsi yaxşı haldır.
XS
SM
MD
LG