Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:07

YAP-ın Bərdədə açılan yeni qərargahı neçəyə başa gəlib?


YAP-ın Bərdədə açılan yeni qərargahı
YAP-ın Bərdədə açılan yeni qərargahı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bərdədə açılan yeni qərargahı neçəyə başa gəlib? Rəsmi məlumatlarda binanın 500 kvadratmetrə qədər ərazisi, ikimərtəbəli, 60 nəfərlik konfrans zalı olduğu söylənir.

YAP-ın Bərdə təşkilatının sədri Emil Cəlalov «Azadlıq» radiosuna hər hansı məbləğ söyləmir. Deyir ki, bunu özü də bilmir. Bəs qərargahın tikintisinə kim kömək əli uzadıb? E.Cəlalov deyir ki, bina rayonun daxili imkanları hesabına başa gəlib. Müsahibimiz «daxili imkanlar» deyəndə, yerli icra hakimiyyətinin imkanlarını nəzərdə tutduğunu bildirdi.

Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəhbəri Xasay Mehdiyev isə deyir ki, bina yerli YAP-çıların öz hesabına tikilib:

«Partiyanın binası köhnəydi. Özləri yer aldılar, yenisini tikdilər».

Bərdə YAP-çılarının qərargahını kimin tikdiyini, neçəyə tikdiyini öyrənmək qeyri-mümkündür. Məlum olan budur ki, binanın təməli 2006-cı ildə qoyulub, tikinti işləri 2008-ci ilin aprel-may aylarında başa çatıb.

Yerli YAP-çılar da yeni binaya bu vaxta qədər ona görə qıraqdan baxıblar ki, qırmızı lentini prezident gəlib kəssin. YAP-ın Bərdə rayon təşkilatının deyilənə görə, 7500 üzvü var. Onlar hər ay 30 qəpik üzvlük haqqı verirlər. Bu isə ay ərzində 2250 manat deməkdir. Bu minvalla Bərdə təşkilatı ən çoxu il ərzində 27 min manat vəsait toplaya bilər ki, bu pula da qərargah tikdirmək real görünmür.

E.Cəlalov deyir ki, bir çox tədbirləri öz vəsaitləri hesablarına keçirirlər, amma gücləri çatmayanda yerli təşkilatlara müraciət edirlər. Bu təşkilatlar həm özəl, həm də dövlət təşkilatlarıdır.

Ölkənin əsas müxalifət partiyalarından hesab olunan Müsavatın isə yalnız bir neçə rayonda qərargahı var. Məsələn, ölkənin ikinci şəhəri Gəncədə yerli müsavatçılar iki ildən çoxdur ki, qərargahsızdır.
Müsavat fəalları Gəncədə qərargahsız qalıblar, 16 may 2008
Onların görüş yeri şəhərin mərkəzindəki «Xan bağı»ndakı çayxanalardır. Amma Gəncə şəhər İcra Hakimiyyəti bu yaz parkda yenidənqurma işlərinin aparılacağını bildirib…

Elə Bərdədə də Müsavatın qərargahı yoxdur. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, onlar partiyanın yerli qərargahı olmayan rayon və şəhər rəhbərliyinə dəfələrlə müraciət ediblər:

«Amma heç bir müsbət nəticəsi olmayıb».

YAP-ın Siyasi Şurasının üzvü Səyavuş Novruzov bir müddət əvvəl demişdi ki, yerli rayon rəhbərlikləri partiyaları yerlə təmin etməyə borclu deyil. Özləri icarəyə yer götürsünlər.

Arif Hacılı isə deyir ki, onlara icarəyə yer verən vətəndaşlar təzyiqlə üzləşir, yer götürüb tikməyə isə vəsaitləri yoxdur. Müsavat Partiyası iş yeri olan üzvlərindən ildə təxminən 10-12 min manat üzvlük haqqı toplaya bilir.

YAP-ın digər funksioneri Mübariz Qurbanlı isə bir müddət əvvəl «Azadlıq» radiosuna bildirmişdi ki, onlar toplanan üzvlük haqlarını yerli təşkilatlara qaytarırlar. Yerli təşkilatlar da bu vəsaiti öz ehtiyaclarına xərcləyirlər.

Politoloq İlqar Məmmədov deyir ki, ölkədə hakim partiyanın təmtəraqlı qərargahlarının olması, müxalifətin isə az qala heç paytaxtda belə qərargahının olmaması siyasi rəqabətsizliyin nəticəsidir:

«Real güc və siyasi rəqabət baxımından Azərbaycanda bir partiyalı sistemdir. Bir partiyalı sistemin yaradılması təmtəraqlı ofislərin açılmasına gətirib çıxarır. Əgər real siyasi rəqabət olsaydı, ya bütün siyasi qüvvələrin ofisi olmalıydı, ya da təxminən eyni şəraitdə olmalıydı».
XS
SM
MD
LG