Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

Təşviqat necə gedir?


«İnanın ki, mənim başım çıxmır bu seçki nəyə görədir»
«İnanın ki, mənim başım çıxmır bu seçki nəyə görədir»
18 mart referendumuna bir neçə həftə qalsa da, söhbətləşdiyim vətəndaşlar deyirlər ki, Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçən doqquz təşviqat qrupundan heç birini demək olar ki, tanımırlar:

- Heç bir təşviqat qrupunu tanımıram, tanımaq da istəmirəm.

- Ancaq televiziyada görmüşəm. Evlərə gəlib təşviqat aparmırlar.

- Bizə gəlmişdilər, kağız veriblər.

- Nə yazılıb o kağızda?

- Nə bilim? Heç maraqlanıb baxmamışam.

- İnanın ki, mənim başım çıxmır bu seçki nəyə görədir. Siz məni başa sala bilərsiniz bu seçki nə üçündür?

Vətəndaşların sözlərinə görə, təşviqat qrupları MSK-da qeydiyyatdan keçənə qədər indikindən daha fəal görünürdülər. Əsasən iqtidara yaxınlığı ilə tanınan hüquqşünasların birləşdiyi «Hüquq və demokratiya» təşviqat qrupunun üzvü, deputat Fazil Qəzənfəroğlu isə bu fikirləri bölüşmür. Onun sözlərinə görə, üzvü olduğu təşviqat qrupu artıq seçicilərlə fəal görüşlərə başlayıb:

- Maştağada, Bakıxanovda bir sıra seçicilərlə görüşlər keçirmişik. Mən hüquqşünas olaraq vətəndaşlara maddələrin izahını verməyə çalışıram.

«Yeni Azərbaycan» təşviqat qrupunun üzvü, YAP-ın Gənclər Təşkilatının sədri Ramin Həsənov da həm təşviqat qrupunun işindən, həm də vətəndaşların fəal siyasi mövqeyindən razılıqla danışır:

- YAP-ın rayon və məhəllə ilk partiya təşkilatları var. İnsanlarla öncədən söhbət, danışıqlar aparılır. Onlar qanunla müəyyən edilmiş yerlərə dəvət olunur və orda Konstitusiyaya dəyişikliklərlə bağlı təşviqat aparılır.

Bir neçə ay əvvəl keçirilən prezident seçkisi ilə müqayisə etsək, paytaxtdakı seçki təşviqatı lövhələrində plakatlar daha az gözə dəyir. Bakının mərkəzində yalnız «Yeni Azərbaycan» təşviqat qrupunun və MSK-nın təbliğat plakatlarına rast gəlmək olur.

Müxalifətin təbliğat plakatları isə, «Qarabağ və Respublika Uğrunda» təşviqat qrupunun üzvü AXCP-nin sədr müavini Həsən Kərimovun sözlərinə görə, hələ mətbəədən çıxmayıb:

- Təşviqat materiallarının çapı sifariş verilib. Martın 1-də «Təbriz» kinoteatrında seçicilərlə görüş keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bir də televiziya və radionun verdiyi imkanlardan yararlanmağa çalışırıq.

Martın 1-də müxalifətin digər təşviqat qrupu «Respublikaçılar» da «Təbriz» kinoteatrında seçicilərlə görüşə ümid edirlər. Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı:

- Martın 1-də Nizami rayonu ərazisindəki «Təbriz» kinoteatrında «Respublikaçılar» təşviqat qrupunun səlahiyyətli nümayəndələri ilə görüş keçirmək üçün rayon İcra Hakimiyyətinə müraciət hazırlanır. Kinoteatrda görüş keçirəcəyimizə ümid edirik.

Gülağa Aslanlı deyir ki, bütün hallarda icra strukturları onların müraciətinə müsbət cavab verməlidir. Çünki müxalifət məhz MSK-nın seçicilərlə görüş üçün ayırdığı ünvanlardan birinə iddia edir.

«Ayna-Zerkalo» qəzetlərinin siyasi şərhçisi Azər Rəşidoğlu isə deyir ki, əslində iqtidar müxalifətin təşəbbüs qruplarını qeydiyyatdan keçirməklə müxalifəti tora salıb. Ekspert hesab edir ki, müxalifət seçki prosesindən kənarda qalıb siyasi bəyanatlar verməyə daha çox ümid bəsləyirdi. Bu halda müxalifət seçki ilə bağlı daha ciddi ajiotaj yarada bilərdi. İndiki halda isə müxalifət məhdud təbliğat imkanları ilə faktiki olaraq seytnota salınıb.

İqtidarın zəif təbliğat aparmasını isə A.Rəşidoğlu, hakim dairələrin əlavə qüvvə xərcləməyə ehtiyac duymaması ilə bağlayır. Onun fikrincə, iqtidar inzibati resurslara arxalandığından ciddi təşviqata ehtiyac duymur.
XS
SM
MD
LG