Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:14

Saakaşvili alternativlər içində üzür


İrakli Alazania
İrakli Alazania
«Saakaşvilinin prezident kimi mövqeyi düzgün yönəlməyib». Bunu Gürcüstan prezidenti Mixail Saakaşvilinin keçmiş yaxın tərəfdaşı İrakli Alazania deyir. Gürcüstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsindən istefa verib vətənə dönən Alazania indi prezident M.Saakaşvilinin yerini tuta biləcək yeni namizədə çevrilib. Baxmayaraq ki, onun cəmi 35 yaşı var. Ancaq Gürcüstan hakimiyyətinə gənclərin belə cəlb olunması məhz Saakaşvilinin siyasəti olub.
Vaxtilə Saakaşvilinin sürgündə olan Abxaziya hökumətinə başçı təyin etdiyi Alazanianın atası general olub və 1993-cü ildə Abxaziya ilə müharibənin son günlərində onu abxazlar öldürüb. Belə şəxsi faciəyə baxmayaraq İrakli Alazania yeganə gürcü rəsmilərindəndir ki, Abxaziya tərəfində ona inam var. Alazania deyir ki, indi Saakaşviliyə rəqib kimi meydana çıxmasının səbəbi isə odur ki, onunla prezident arasında fundamental fikir ayrılıqları var:
«Mənimlə prezident arasında donmuş münaqişələrə və cari məsələlərə baxışda fundamental fərq var. Mənim fikrimcə, abxaz tərəfi ilə birbaşa və açıq danışığa başlamağa biz çox imkanlar itirdik».
«Azadlıq» radiosuna müsahibə verən Alazania özünün prezident ambisiyalarına toxunmayıb. Bircə onu deyib ki, indi əsas olan milli ideyadır və bu ideya ətrafında sıravi insanların və hökumətdə vəzifə tutanların birləşməsidir. O, eynilə Saakaşvilinin digər keçmiş tərəfdaşı, parlamentin sabiq sədri Nino Burcanadzenin dediklərini təkrarlayıb ki, Gürcüstana indi yeni seçki qanunu və mətbuata nəzarətin yumşaldılması lazımdır.
Alazania əlavə edir ki, hökumətin gördüyü iş konsensusa əsaslanmalıdır. Bütün bunlar Gürcüstanı demokratiya yoluna qaytara bilər:
«Qərar vermə prosesi birtərəfli olmamalıdır. Qərar professional adamların tövsiyələrinə əsaslanmalıdır. Prezident avqust ayında Rusiya tərəfinin provokasiyasına ona görə getdi ki, ortada seçməyə ideyalar və fikirlər yox idi. Gürcüstanda kollektiv qərar qəbul etmə sistemi yoxdur və yaradılmayıb. Parlamentin icra hakimiyyətinə nəzarəti də yoxdur və yaradılmalıdır. Hökumətin gördüyü işlər şəffaf olmalıdır».
Gürcüstanın siyasi elitasında Saakaşviliyə tənqidlər artmaqda davam edir, hətta erkən prezident seçkisindən danışırlar. Bu yaxınlarda Saakaşviliyə rəqib kimi parlamentin keçmiş sədri Nino Burcanadze meydana çıxmışdı, indi diqqət Alazaniaya yönəlib.
Ötən ilin oktybarında Burcanadze Osetiya müharibəsinə hazırlıq və müharibənin aparılması ilə bağlı hakimiyyətə 43 sual verdi. Bu suallar mətbuatda çap olundu. Bir neçə həftə sonra isə Saakaşviliyə açıq məktub yazdı ki, Gürcüstan siyasi böhrana girir, böhrandan yayınmağın yolu seçki qanunlarını liberallaşdırmaq və mediaya məhdudiyyətləri götürməkdir.
Gürcüstanda prezidentin ən qatı tənqidçisi isə Saakaşvilinin digər keçmiş tərəfdaşı, hökumətin insan haqları müvəkkili, ombudsmanı Sozar Subaridir. Alazanianın çox vaxtı elə Subari ilə keçir.
Bəs bütün bunlara Saakaşvili nə deyir?
Daxildə və Qərbdə artan tənqidlərin təzyiqi ilə dekabrda Saakaşvili Konstitusiyaya dəyişikliklər təklif etdi ki, prezident səlahiyyətlərinin bir hissəsi parlamentə verilsin. Vəziyyətdən çıxmaq üçün bu, Saakaşvilinin yeganə güzəştidir. Erkən seçki keçirmək təkliflərinə Saakaşvilinin cavabı isə budur ki, 2013-cü ilədək heç bir seçki olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG