Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

«Adınız siyahıdadırmı?»


17 saylı Yasamal 3-cü seçki dairəsinin, 5 saylı seçki məntəqəsi
17 saylı Yasamal 3-cü seçki dairəsinin, 5 saylı seçki məntəqəsi
«Bilirsiniz, indi kompyuter əsridir. Hamının evində kompyuter də var, internet də. Oturub evində, daxil olur MSK-nın saytına, adının seçici siyahısında olub-olmadığını yoxlayır…»

Bu 17 saylı Yasamal 3-cü seçki dairəsinin, 5 saylı seçki məntəqəsinin sədri Səmayə Yusifovanın təxminləridir. Səmayə Yusifovanın rəhbərlik etdiyi məntəqə 31 saylı məktəbdə yerləşir və ümumilikdə orada 1500-ə yaxın seçici qeydiyyatdadır.

Komissiya sədrinin deməsinə görə, bu vaxta qədər seçicilərin yalnız 20 nəfərə yaxını, adının siyahıda olub-olmadığını dəqiqləşdirmək üçün məntəqəyə gəlib. O bunu seçkiyə marağın azlığı ilə yox, müasirliklə izah edir…

Seçki məntəqəsinin qarşısında məntəqənin yerləşdiyi məktəbdə oxuyan uşaqların səsi gəlir. Adlarının seçici siyahısında olub-olmadığını dəqiqləşdirmək istəyən bir vətəndaş belə gözə dəymir…

Hərçənd məntəqənin yerləşdiyi küçədən ara-sıra insanlar keçir və söhbət etdiyimiz bu potensial seçicilər heç də yeni əsrin fəzilətləri ilə öyünmürlər:

«Siz bu ərazidə yaşayırsınız, eləmi?

-Bəli?

-Adınızı seçici siyahısında olduğunu dəqiqləşdirmisinizmi?

1 saylı seçki məntəqəsindəki seçici siyahısı
-Yox?

-Bəs hər gün uşaqlarınızı bu məktəbə gətirirsiniz. Nə çətindir siyahını dəqiqləşdirmək?

-Nə marağım var seçkiyə, nə də inamım…

-Mən də dəqiqləşdirməmişəm. Hələ vaxta var…

-Yox mən dəqiqləşdirmişəm…

-İşim çoxdur, buna görə də vaxt tapa bilmirəm…»

Yasamal rayonundakı 1 saylı tibb texnikumunda yerləşən məntəqənin komissiya sədri Yaqut İsayeva isə deyirdi ki, indiyə qədər onlara cəmi 8 seçici müraciət edib. Texnikumun rayonlardan gələn tələblərindən də bir nəfər olsun belə hələ, qeydiyyatdan çıxma sənədi gətirməyib. Belə də isə tələblərin bu məntəqədə qanunla səs vermələri sual altında qalır.

Həmin ərazidə yaşayan bir yaşlı qadının sözlərinə görə isə, onun qızını işlədiyi institutda yüzbaşı təyin ediblər. Həmin yaşlı qadının deməsinə görə, onun qızının üzərinə işlədiyi institutun rəhbərliyi belə bir vəzifə qoyub ki, seçkiyə özü ilə 100 seçici gətirməlidir. Əks halda iş yerini itirə bilər. Onun dediklərini dəqiqləşdirmək imkanımız olmadığından sözü gedən institutun adını burada çəkmirik.

«Ümid» Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə isə deyir ki, indi seçici siyahılarında ən böyük problem yaşayış yerlərini dəyişən insanların nəzərə alınmamasıdır:

Yaqut İsayeva deyir ki, indiyə qədər onlara cəmi 8 seçici müraciət edib
«Adamlar var ki, 8,10 ildir Bakıda yaşayır, ancaq rayonda qeydiyyatdadır. Rayona gedib qeydiyyatdan çıxma sənədi gətirə bilmir və nəticədə də isə burada onun səs vermək hüququ təsbit olunmur».

Əvvəlki seçki məcəlləsinə görə, seçici siyahısında adı olmayan vətəndaşlar yalnız məhkəmə yolu ilə səsvermə hüququnu bərpa edə bilərdi. İndi isə seçki günü adını siyahıda tapa bilməyən vətəndaş, qeydiyyatda olduğu ərazidəki məntəqələrin istənilən birində pasportunu təqdim etməklə səsvermədə iştirak edə bilər. Bundan ötrü hər bir məntəqədə əlavə seçici siyahıları hazırlanmalıdır.

Müsavat Partiyası Seçki Departamentinin müdiri Gülağa Aslan ehtimal edir ki, əlavə seçici siyahıları seçkidə iştirak faizini yüksəltmək üçün istifadə edilə bilər:

«Bu dəfə seçkidə iştirak faizi aşağı olacaq. Düzdür qanunda kvorum anlayışı yoxdur. Ancaq hakimiyyət seçkidə 80-70 faizin iştirak edəcəyini vəd edib. O da bu şəkildə həyata keçiriləcək…»

Komissiyalarda isə deyirlər ki, seçkinin taleyini onlar yox, seçicilərin iradəsi həll edəcək. Onlar sadəcə seçkinin qanunlara uyğun aparılmasını təmin edirlər. Seçkiyə isə az qalıb…

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG