Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Əli Kərimliyə təbrikə görə işgəncə?


A.Hüseynov
A.Hüseynov

«Nardaran məhbusu» Abbas Hüseynovun anası deyir ki, oğlu saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalıb. Rəhimə Hüseynovanın sözlərinə görə, aprelin 30-da Abbas ailə üzvləriylə əlaqə saxlayaraq bu barədə danışıb.

«Bundan əvvəl axırıncı dəfə Abbasla aprelin 26-da danışmışdıq. Həmin zəngdən sonra Abbası çox möhkəm döyüblər. Bu gün telefonla danışanda özü dedi. Rəis müavini də daxil olmaqla, dörd-beş nəfər onu o qədər döyüb ki, bədəni bütün yaradır. Sonra da beş günlük «kars» cəzası veriblər. Amma üç gündən sonra rəisin göstərişi ilə «kars»dan çıxarıblar», – R.Hüseynova AzadlıqRadiosuna bildirib.

***Buna da bax-Arzu Abdullayeva: 'Əfsuslar olsun ki, işgəncə olub'

Anasının dediyinə görə, A.Hüseynovun döyülməsinin səbəbini onun özü də bilmir. Çünki bu haqda ona heç nə söyləməyiblər: «Abbasın həbsxanada məhbus yoldaşları ilə problemi yoxdur. Ehtimal edirik ki, (AXCP sədri) Əli Kərimliyə ad günü təbrikinə görədir. Axırıncı dəfə telefonla danışanda xahiş elədi ki, onun təbrikini çatdıraq. Biz də çatdırdıq, hətta mediada da bu məsələ yayıldı».

A.Hüseynovun vəkili Fariz Namazlı hüquqlarını müdafiə etdiyi şəxsin döyülməsi barədə deyilənlərdən xəbərsiz olduğunu bildirib: «Bu barədə məlumatım yoxdur. Əlbəttə ki, araşdıracağam».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna açıqlamasında işgəncə xəbərini təkzib edib: «Həbsxananın rəisi ilə danışdım, heç bir işgəncə, döyülmə halı olmayıb. Bizim əməkdaşlar mütəmadi məhkumlarla, o cümlədən Abbas Hüseynovla profilaktik söhbətlər aparırlar».

***Buna da bax-'Nardaran işi'ndə vəkil: 'Belə hallar faşizm əsirliyində olurdu...'

A.Hüseynov daha öncə də içəridə ona işgəncə verildiyini bildirmiş, vəkili Yalçın İmanov bu məlumatı ictimailəşdirdikdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı.

Xatırlatma

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üz qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG