Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Əbülfəz Sadıqlı azadlığa buraxıldı


Ə.Sadıqlı
Ə.Sadıqlı

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqlı həbsdən buraxılıb. Martın 6-da Qaradağ Rayon Məhkəməsində hakim Fuad Hüseynov onun haqqında hökm çıxarıb

Prokuror deyib ki, Ə.Sadıqlı, onun əmisi oğlu Asif Sadıqlı və «Nikoil Bank»ın əməkdaşı olmuş Kamran Abbasova qarşı CM-in 178 (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması və ya saxta sənədlərdən istifadə) maddələri ilə irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib. Prokuror deyir ki, CM-in 320-ci maddəsi ilə cəlbetmə müddəti yanvarın 13-də başa çatıb: «Əbülfəz Sadıqlı və Asif Sadıqlı bu ittiham üzrə özlərini təqsirli bilmir. Qanunun tələbi belədir ki, şəxs özünü təqsirli bilmirsə və bəraətverici əsas yoxdursa, onun razılığı olmadan işinə xitam verilə bilməz. Ona görə də hesab edirik ki, Əbülfəz Sadıqlı və Asif Sadıqlı Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə təqsirli bilinməli, amma müddət keçdiyinə görə ona cəza təyin olunmamalıdır. Kamran Abbasov isə bu ittiham üzrə təqsirini etiraf edir. Ona görə də Kamran Abbasova münasibətdə bu ittihama xitam verilməlidir».

Prokuror CM-in 178-ci maddəsi ilə Ə.Sadıqlı və A.Sadıqlının hər birinə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasının verilməsini istəyib: «Əbülfəz Sadıqlı 3 ay 15 gündür həbsdədir. Həbsin hər günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulsun. 7 ay çıxılmaqla Əbülfəz Sadıqlının üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlansın. O, məhkəmə zalından azadlığa buraxılsın, barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilsin».

Digər təqsirləndirilən K.Abbasova gəlincə, prokuror ona qarşı CM-in 178-ci maddəsi ilə irəli sürülmüş dələduzluq ittihamına da xitam verilməsini istəyib. Bildirib ki, K.Abbasov iş üzrə zərərçəkən tərəflə - «Nikoil Bank»la barışıb, mülki iddiada göstərilən 10 min 892 manatı ödəyib. Üstəlik, bu məbləğin bir mislini də dövlət büdcəsinə ödəyib. Bu da onun cinayət məsuliyyətindən azad olunmasına əsas ola bilər.

Daha sonra bankın nümayəndəsi çıxış edərək ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadığını bildirib.

«Gənc bir insanı ləkələyirsiniz»

Ardınca vəkillər çıxış edərək, bəraət hökmü çıxarılmasını istəyiblər.

Təqsirləndirilən şəxslərdən K.Abbasov son sözündə ədalətli qərar çıxarılmasını xahiş edib.

A.Sadıqlı isə son sözündə deyib ki, o, heç bir cinayət törətməyib. Sadəcə, bankda işləyən tanışı Kamran əmisi oğlunun probleminin həllinə kömək xahiş edib: «Mən kiməsə deməmişəm ki, saxtakarlıq elə. Xahişlə cinayət olmur. Mənə qarşı ittiham gülüncdür. Prokuror deyir ki, sübut eləmişik. Heç nəyi sübut eləməmisiz. Nəzərə alın ki, bu, insan həyatıdır. Gənc bir insanı ləkələyirsiz...»

Ə.Sadıqlı da son sözündə heç bir cinayət törətmədiyini, əksinə, özünün bu işdə ən böyük zərərçəkən olduğunu söyləyib. Deyib ki, ziyana düşən də, aldadılan da, həbsə düşən də özüdür. Üstəlik, əmisi oğlu da ona görə həm işini itirib, həm də cinayət məsuliyyətinə cəlb olunub.

«Mən 6 il zərgər işləmişəm, hər gün əlimdən kilolarla daş-qaş keçib, bir dənəsi də kəm gəlməyib. 7 il «Azəriqaz»da işləmişəm, əlimdə böyük pullar olub, heç vaxt bir qəpiyinə dəyilməyib. Heç işə gecikməyə görə izahatım olmayıb. İstintaq ilk gündən yanlış gedib, məni iki saat dindirib, onun 15 dəqiqəsini bu iş barədə soruşublar. Qalanı Müsavat Partiyası, mənim siyasi fəaliyyətim barədə olub. Bizim nəslimizdə indiyədək üç nəfərin məhkumluğu olub - atam, əmim və mən. Üçümüz də sırf siyasi baxışlarımıza görə cəzalandırılmışıq. Mən bu tamaşaya rəy bildirməyi özümə ayıb bilirəm, ona görə cinayət işi haqda danışmaq istəmirəm», - Ə.Sadıqlının son sözü belə olub.

Bundan sonra hakim Fuad Hüseynov hökm çıxarmaq üçün müşavirəyə gedib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG