Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

'İstintaqda soruşurdular, Gürcüstana niyə gedirsən, dedim, sevgilim var...'


Ə.Sadıqbəyli

«Məni Daxili İşlər Nazirliyində müstəntiq bir saat dindirdi, bunun cəmi 10 dəqiqəsi bank krediti haqda oldu. Sualların əksəriyyəti mənim siyasi fəaliyyətimlə bağlı idi. Soruşurdu ki, gənclər təşkilatının nə qədər üzvü var, hansı işləri görürsüz, niyə tez-tez Gürcüstana gedirsən? Dedim, Gürcüstanda sevgilim var, ona görə gedirəm...», – Müsavat Partiyasının Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqbəyli yanvarın 31-də məhkəmədə ifadə verərkən deyib.

Onun işinə Qaradağ Rayon Məhkəməsində baxılır.

Deyir, pulu ödəyəndən sonra arayış alıb

Ə.Sadıqbəyli təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında tək deyil. Əmisi oğlu Asif Sadıqov və «Nikoil bank»ın əməkdaşı Kamran Abbasov da onunla birlikdə mühakimə olunur. A.Sadıqov Yasamal rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşı, K.Abbasov isə bankın Qaradağ filialının hüquqşünası olub.

İttihamda yazılıb ki, Ə.Sadıqbəyli əmisi oğlu və onun dostu ilə əlbir olub, banka olan kredit borcunun tam ödənilməsi barədə saxta arayış alıb Dövlət Yol Polisinə təqdim edərək, maşınını girovdan çıxarıb.

Təqsirləndirilən üç nəfərdən yalnız Ə.Sadıqbəyli həbsdədir, digər iki nəfər haqqında istintaq və məhkəmə dövrü üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ə.Sadıqbəyli məhkəmədə deyib ki, 2015-cı ildə «Nikoil Bank»ın Qaradağ filialından avtomobil üçün 6 min 200 dollar ipoteka krediti götürüb. Devalvasiyadan sonra krediti vaxtında ödəməkdə çətinlik çəkib. 2017-ci ilin yanvarında maşınla gedəndə onu mülkigeyimlilər saxlayıb, özlərini bankın əməkdaşları kimi təqdim ediblər. Deyiblər ki, ödəniş gecikdiyi üçün maşını cərimə meydançasına aparırlar. Ə.Sadıqbəyli əmisi oğluna zəng edərək, ondan məsləhət istəyib. Asif də ona «Nikoil Bank»ın Qaradağ filialında çalışan K.Abbasovla əlaqə saxlamağı tövsiyə edib.

Ə.Sadıqbəyli deyir ki, həmin gün banka gedib. Kamran ona təklif edib ki, banka olan borcun əsas hissəsini devalvasiyadan əvvəlki məzənnə ilə ödəsə, ona güzəşt edib faizləri bağışlaya bilərlər. O da 5 min 100 manat tapıb gətirib ödəyib, K.Abbasovdan kreditin bağlanması haqda arayış alaraq Dövlət Yol Polisi İdarəsinə təqdim edib. Ə.Sadıqbəyli vurğulayıb ki, o, nə saxta sənəd hazırlayıb, nə də dələduzluq edib.

«Pul ödənilməmişdi»

Təqsirləndirilən K.Abbasov da etiraf edir ki, Ə.Sadıqbəyliyə 5 min 100 manat ödəniş barədə özü arayış təqdim edib. Arayışa bankın orijinal möhürünü vurub, filial müdirinin imzasını qoyub. Ancaq deyir ki, həmin pul ödənilməmişdi, sadəcə, Asiflə dost olduqlarına görə sənədi hazırlayıb verib: «Möhür stolun üstündə idi. İmza da faksimile imzasıdır, möhürün yanında idi, götürdüm vurdum».

Təqsirləndirilən A.Sadıqov isə deyir ki, onlar Kamranla dost olmayıblar, sadəcə, tanışdılar. 5 min 100 manat pul da ona ödənilmişdi, K.Abbasov bu iş üzrə istintaqa cəlb olunandan sonra həmin məbləği geri qaytarıb. A.Sadıqovun sözlərinə görə, pulun qaytarılmasını təsdiqləyəcək iki şahid də var.

A.Sadıqov bildirib ki, bu iş üzrə istintaqa cəlb olunduqdan və onun Ə.Sadıqbəylinin əmisi oğlu olması üzə çıxandan sonra işdən azad edilib.

Filial müdiri də istintaqda dindirilib, amma məhkəməyə gəlməyib. Teleqram göndərib ki, istintaqdakı ifadəsini təsdiqləyir. Bu da Ə.Sadıqbəylinin vəkillərini qane etməyib. Onun məcburi gətirilməsini istəyiblər.

Məhkəmə fevralın 6-da davam edəcək.

Ə.Sadıqbəyli CM-nin 178 (dələduzluq) və 320-ci (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Qanunda ona verilən ittihamlara görə, 5 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG