Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:54

Ə.Bünyadovun vəziyyətinin ağırlaşdığı deyilir


Ə.Bünyadov
Ə.Bünyadov

«Əbülfəz onsuz da yataq xəstəsiydi, hərəkət edə bilmirdi. İndi vəziyyəti lap pisləşib. Dünən (iyunun 5-də-red.) yanına getmişdik, elə gündədir ki, görəndə tanımadıq. O, uzun müddət tab gətirə bilməz», – Leyla Bünyadova həyat yoldaşı Əbülfəz Bünyadov haqqında danışır.

«Müsəlman Birliyi» Hərəkatı İdarə Heyətinin üzvü Ə.Bünyadov hərəkət qabiliyyətini tam itirib. 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat onun həyətində keçirilib. Əməliyyat zamanı onurğasından iki güllə yarası alan Ə.Bünyadov o vaxtdan yataq xəstəsidir, yalnız başını və əllərini tərpədə bilir.

«Bağırsaqları işləmir»

İlahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunan Ə.Bünyadova 15 il cəza kəsilib və o, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

Həyat yoldaşı deyir ki, Ə.Bünyadov son vaxtlar yeyib-içməkdən də kəsilib, bağırsaqlarına infeksiya düşdüyünə görə qida qəbul edə bilmir: «Əbülfəzin durumu məlumdur, bu üzdən onun səhhətində illərdir problem var. Hərəkət qabiliyyətini itirməsi, uzanıqlı vəziyyətdə qalmağın yaratdığı yaralar, qaraciyərində Hepatit C... İndi üstəgəl bağırsaq infeksiyası. Ondan analiz götürüldü, aparıb kənarda yoxlatdırdıq, məlum oldu ki, güclü infeksiya düşüb, bir də göbələk var. Bağırsaqlar da daha işləmir. Heç dərman da qəbul edə bilmir. Çox pis vəziyyətdədir».

Ə.Bünyadova Müalicə Müəssisəsində olan başqa məhbuslar qulluq edir. Həyat yoldaşı Penitensiar Xidmətdən narazı olmadıqlarını desə də, onun saxlandığı şəraiti qənaətbəxş saymır. Deyir ki, kiçik otaqda beş nəfər saxlanılır, üstəlik, təmizlik problemi var.

«Müsəlman Birliyi» Hərəkatının sədr müavini, Nardaran hadisələri ərəfəsində həbs olunan və bu il martın 17-də əfv fərmanıyla azadlığa buraxılan Elçin Qasımov deyir ki, bu vəziyyətdə insanı həbsdə saxlamaq onu məqsədli şəkildə öldürməkdir: «Əbülfəz Bünyadov dərhal azad olunmalı, ciddi həkim nəzarətinə götürülməlidir. Əks halda, onun başına gələcəklərə görə məsuliyyəti onu qanunsuz olaraq həbsdə saxlayanlar daşıyacaq».

Məsələyə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Ə.Bünyadov Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbs olunub. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Nardaran məhbuslarının bir hissəsi Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG