Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 16:49

Taleh Bağırov Əbülfəz Bünyadova görə hakimiyyətə səsləndi


T.Bağırov

«Mən Azərbaycan hakimiyyətindən hər şey gözləyirəm. Amma doğrusu, vurub şikəst etdikləri, hərəkət edə bilməyən, hətta təbii ehtiyaclarını belə ödəmək iqtidarında olmayan bir adamı həbsə, özü də qapalı həbsxanaya göndərəcəklərini gözləmirdim», – ilahiyyatçı Taleh Bağırov rəhbərlik etdiyi «Müsəlman Birliyi» Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov haqqında çıxarılan hökmə belə münasibət bildirib.

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibi Ə.Bünyadov özü də həmin gün güllələnib hərəkət qabiliyyətini tam itirmişdi. Məhkəmə qarşısına da xərəkdə uzanıqlı vəziyyətdə çıxarılan Ə.Bünyadov iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. O, cəzasının ilk üç ilini həbsxana rejimində, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, Ə.Bünyadov məhkəmədən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına aparılıb və hazırda orada saxlanılır.

T.Bağırov iyulun 12-də Qobustan həbsxanasından Azərbaycan hakimiyyətinə səslənib və Ə.Bünyadov haqqında qərarı dəyişməyə çağırıb: «Əbülfəz Bünyadovla bağlı verilən qərar insanlıqdan kənar hərəkətdir. İqtidarda olduğunuz müddətdə çox ağır əməllərin yükünü öz vicdanınıza yükləmisiniz. Bu yükü də vicdanınıza yükləyib, ruhunuzu tam qaraltmayın. Əbülfəz qardaşımız haqqında verdiyiniz qərarı dəyişin...».

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

Multimedia

XS
SM
MD
LG