Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:23

'Şərləyib tutublar, ailəsinin yanında ölməyə də imkan vermirlər...'


Həbsxana

Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ailəsi də, vəkili də onun durumunun təhlükəli həddə çatdığını deyir. Həyat yoldaşı Məhbubə Qurbanovanın AzadlıqRadiosuna bildirdiyinə görə, həkimlər onun ömrünün çox qalmadığını deyiblər.

Gəncə hadisələri ilə bağlı həbs olunanların işi bir neçə yerə ayrılıb. 4 qrup üzrə 30-dan çox adamın işi məhkəməyə göndərilib. A.Qurbanov isə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və mühafizəçisini güllələməkdə suçlanan Yunis Səfərovun da daxil olduğu qrupdakı təqsirləndirilən şəxslərdən biridir. Bu qrupun işi üzrə istintaq isə hələ davam edir.

«Deyir, məhkəməyə müraciət etməyin»

Mədə xərçəngindən əziyyət çəkən A.Qurbanovun vəkili onun ev dustaqlığına buraxılması üçün Nəsimi Rayon Məhkəməsinə vəsatət verib. Ancaq mayın 30-da vəsatətə baxan hakim Azər Tağıyev vəsatəti təmin etməyib.

M.Kərimova bu qərardan apellyasiya şikayəti verəcəklərini deyir: «53-yaşlı adamı, bir normal ailənin başçısını şərləyib həbs etmələri, ölümcül xəstəliyə səbəb olmaları bəs deyil, ailəsinin yanında ölməyinə də imkan vermirlər. Həkimi ilə danışdım, deyir ki, vəziyyəti kritikdir, heç bir il çəkməz. O da normal şəraitdə saxlansa...».

A.Qurbanov mədə xərçəngindən əziyyət çəkir. Həyat yoldaşı deyir ki, o, həbs olunandan sonra bu xəstəlik yaranıb. O, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

M.Qurbanovanın sözlərinə görə, ayaqlarındakı şişkinlik, qarnına dolmuş su üzündən artıq hərəkət qabiliyyətini də itirir: «Vəkil dedi ki, durumuna görə məhkəməyə gətirə bilmirlərmiş, ona görə proses saat yarım gec başlayıb. Evə zəng eləmək hüququ var, amma durub telefona gələ bilmir. O qədər ağrıyır, inciyir ki, deyir, lazım deyil, məhkəməyə müraciət etməyin, qoyun ölüm öldüyüm yerdə...».

A.Qurbanov Y.Səfərov və digərləri ilə birlikdə mütəşəkkil dəstədə birləşib, terror törətmək cəhdində suçlanır. Həyat yoldaşı isə deyir ki, bu ittiham yalandır. Onun sözlərinə görə, A.Qurbanov nə mütəşəkkil dəstənin üzvü olub, nə də qatı dindar. İnanclı olsa da, heç namaz qılan, oruc tutan olmayıb. M.Qurbanovanın sözlərinə görə, öncə həyat yoldaşının bacısı oğlu Hamlet Abdullayevi həbs ediblər:

«Aydın da dayı kimi onun arxasınca gedib, vəkil tutmaq, yemək aparmaq kimi işlərə kömək eləyib. O vaxtı bunlar tutmağa adam gəzirdilər, Aydın da onlar üçün göydəndüşmə oldu. Bununla da bizim ailəyə qarşı soyqırımı başladı».

Rəsmilər nə deyir

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən AzadlıqRadiosuna bildirilib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan onkoloji xəstələr Milli Onkologiya Mərkəzinin mütəxəssislərin nəzarətində saxlanılır. Həmin xəstələr Mərkəzdə müayinədən keçirlər, təyin olunan müalicəni alırlar.

Baş Prokurorluğun yaydığı məlumatda A.Qurbanovun evindən silah-sursat tapıldığı bildirilirdi. O, mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlamaqda ittiham olunur. Bu maddədə 5 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulub.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG