Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:14

'Özü siyasətdən uzaq adamdır, onu dayısına görə həbs ediblər...'


Həbs. Foto arxiv
Həbs. Foto arxiv

İyulun 7-də Bərdədə rayonun Türkmən kənd sakini Arzu Mehdiyev həbs olunub. O, narkotik maddə saxlamaqda suçlanır. İddia olunur ki, A.Mehdiyevdən 1 kiloqramdan artıq heroin tapılıb. Bu barədə AzadlıqRadiosuna onun yaxınları bildirib.

A.Mehdiyevə CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsiylə ittiham irəli sürülüb.

Yaxınları isə iddia edir ki, bu, A.Mehdiyevə atılan şər-böhtandır. Onların fikrincə, A.Mehdiyev dayısına görə cəzalandırılıb: «Arzu kənddə evdə olub. 20-30 nəfər polis evə basqın edib, onu götürüb aparıblar. Bu adam bir ay əvvəl ailə qurub. Təsərrüfatla məşğul olub, evi, ailəni dolandırırdı. Qətiyyən şübhəmiz yoxdur ki, bütün bunlar dayısının fəaliyyətinə görədir. Özü uzaqdadır, əlləri çatmır deyə, bunu cəzalandırırlar. Halbuki, Arzu tamamilə siyasətdən, bu cür işlərdən uzaq adamdır».

***Buna da bax-Gəncə olayında müəmmalar, verilməyən cavablar...

A.Mehdiyev Kanadada siyasi sığınacaq almış «Uşaq Evlərinə Qayğı» İctimai Birliyinin sədri Sahib Teymurovun bacısı oğludur. S.Teymurov bir neçə gündür ki, sosial şəbəkələrdə Gəncədə etiraz aksiyası keçirməyə çağırış edib.

S.Teymurov da Facebook səhifəsində bacısı oğlunun onun sosial şəbəkələr üzərindən səsləndirdiyi tənqidi çıxışlarına, çağırışlarına görə cəzalandırıldığını iddia edib.

Ancaq yaxınlarının səsləndirdikləri iddialara hələlik rəsmi münasibət almaq mümkün olmayıb.

***Buna da bax-Əli Həsənov: 'Gəncədəki hadisənin personajını qəhrəmanlaşdırmağa cəhd göstərdilər...'

S.Teymurovun adı zaman-zaman müxtəlif qalmaqallarda hallanıb. O, 2007-ci ildə dələduzluqda suçlanaraq həbs olunmuşdu. Bu təşkilat rəhbəri ilk dəfə sığınacaqlardan birindən tapdığı, 14 yaşında HİV-ə yoluxmuş bir yeniyetmə qızın üzə çıxarılmasıyla tanındı. İddia olunurdu ki, HİV daşıyıcısı olan həmin uşaq 200-ə qədər insanla cinsi əlaqədə olub. Həmin qız sonradan CM-in 140.1 (bilə-bilə başqa vətəndaşları immun çatışmazlığı virusu ilə yoluxdurma təhlükəsi qarşısında qoyma) maddəsi ilə 7 ay həbsdə saxlandı.

Həbsdən çıxdıqdan sonra isə verdiyi açıqlamalarında S.Teymurovu ittiham edirdi: «Onun tələbiylə 200 rəqəmini dedim. Halbuki, mən intim münasibətdə olduğum adamları saymamışdım. Tələb edirdi ki, olduğum barların adını çəkim. Məqsədinin nə olduğunu bilmirdim. Məni qorxudurdu ki, dediyini eləməsəm, mənə pis olacaq».

1989-cu il təvəllüdlü qız 2012-ci ildə QİÇS-lə Mübarizə Mərkəzində dünyasını dəyişdi.

XS
SM
MD
LG