Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Əli Həsənov: ‘Gəncədəki hadisənin personajını qəhrəmanlaşdırmağa cəhd göstərdilər...’


Əli Həsənov
Əli Həsənov

“...Hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhrəmanlaşdırmağa cəhd göstərdilər...”

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov son günlər yaranmış enerji böhranı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısına sui-qəsd haqqında deyilənlər və bunun fonunda baş verənlər haqqında yazısında belə qeyd edib. Prezidentin köməkçisi fikirlərini özünün Facebook səhifəsindən paylaşıb.

Əli Həsənov qeyd edib ki, Mingəçevirdə baş vermiş qəzadan dərhal sonra prezidentin göstərişi ilə komissiya yaradılıb:

“Atılan addımlar nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı dərhal alındı. Ən əsası isə, vətəndaşlarımızın həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman kəsiyində elektrik enerjisi təminatı bərpa olundu”.

Bunun ardınca Əli Həsənov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirilməsindən də bəhs edib:

“Hər kəs yaxşı bilir ki, heç bir ölkə fövqəladə haldan, təbii fəlakətdən, böyük qəzalardan və kriminal hadisələrdən sığortalanmayıb. ...Ölkəmizdə kriminogen durum sabit olsa da, ...insan canına qəsd tipli hadisələr cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yarada bilir. Belə cinayət tanınmış şəxslərə qarşı törədiləndə isə onun doğurduğu ajiotaj daha böyük olur”.

Elmar Vəliyev
Elmar Vəliyev

Əli Həsənova görə, həm son fövqəladə qəzanın, həm da məlum kriminal hadisənin eyni vaxta düşməsi, əlavə gərginlik yarada bilən hal kimi xarakterizə edilə bilər:

“Belə hallarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə, ziyalısından fəhləsinə qədər - hər bir təbəqə, hər bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən gələni etməlidir. Bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada biləcək hərəkətlərə yol verməməlidir”

Əli Həsənov daha sonra yazıb:

“...Hadisələr fonunda Azərbaycanda mütləq əksəriyyətin bu sınaqdan alnıaçıq çıxdığını çəkinmədən söyləyə bilərəm... Təəssüf ki, bu dəfə də istisnalar oldu. Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb, iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular...”

“Allah eləməsin, onlar gələcəkdə ölkənin sükanını əllərinə keçirsələr nə olar?” - deyə sual edən Əli Həsənov Azərbaycandan mühacirət etmiş bəzi şəxslərə münasibətdə ad çəkmədən bildirib ki, onlar hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhrəmanlaşdırmağa cəhd göstərdilər.

Əli Həsənov qeydlərini belə yekunlaşdırıb:

“İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır?”.

Xatırlatma

Bu gün, iyulun 4-də bəhs edilən hər iki hadisə ilə bağlı Prezident Administrasiyasının da açıqlaması olmuşdu. Əli Həsənovun paylaşdığı bir sıra fikirlər orada da yer almışdı.

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, 1993-cü ildə dövlət katibi işləyən Əli Kərimli isə həmin açıqlamanı AzadlıqRadiosuna dəyərləndirmişdi. Əli Kərimliyə görə, baş verənlər göstərdi ki, ölkədə hökumətin çox öyündüyü sabitlik o qədər də möhkəm deyil:

“Sabitlik legitimlik üzərində qurulur və legitimlik olmadığı halda sabitlikdən danişmağa dəyməz. Sabitlik üçün hakimiyyətin qolları məlum olmalı və fəaliyyət göstərməlidir. İdarəçilik institutlaşmalıdır, amma bunun heç biri yoxdur. Ən əsası xalqın etimad edəcəyi bir orqan belə qalmayıb”.

Əli Kərimlinin sözlərinə görə, baş verənlər göstərir ki, müharibə şəraitində yaşadığı deyilən ölkədə nə hökumət orqanları, nə də müəssisələr fövqəladə vəziyyətə hazırdırlar:

“Hökumət başa düşməlidir ki, avtoritarizm dövlət idarəçiliyini məhv edib, məmurlar qanunla yox, təlimatla işləməyə öyrəşiblər, təlimat olmadıqda nə edəcəklərini belə bilmirlər”.

Nə baş vermişdi?

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.

Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektrikin əksərən bərpa edildiyi açıqlanıb.

Rəsmi açıqlamada vurğulanırdı ki, ilkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas qovşaq yarımstansiyasında baş vermiş qırılma olub.

Gəncədə baş verən silahlı hadisə ilə bağlı isə 35 yaşlı Yunis Səfərovun saxlanaraq, tərksilah edildiyi qeyd edilir. Rəsmi açıqlamada deyilir:

“Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb”.

Rəsmi açıqlamaya, hələlik, silahlı basqında ittiham edilən Yunis Səfərovun yaxınları və vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG