Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:13

1 manatlıq iddia təmin edilmədi


Eynulla Fətullayev
Eynulla Fətullayev
Həbsdə olan jurnalist Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı iddiası təmin edilmədi. Noyabrın 4-də Səbail rayon Məhkəməsində işə baxan hakim Elnur Həsənov belə bir qərar qəbul etdi. Qərar iddiaçının və onun vəkillərinin iştirakı olmadan elan edildi.

Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunun ona münasibətdə təqsirsizlik prezumpsiyasını pozduğunu iddia edərək məhkəməyə müraciət etmişdi. Jurnalist iddiasında göstərirdi ki, Bakı Şəhər Prokurorluğu bu ilin fevralında yaydığı məlumatda onun barəsində təqsirsizlik prezumpsiyasını pozub.

Həmin məlumatda Eynulla Fətullayevin narkotik maddədən istifadə etdiyi və müalicəyə ehtiyacı olduğu bildirilirdi.

İDDİADA NƏ DEYİLİRDİ?

Jurnalist iddiasında göstərirdi ki, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin və Cinayət-Prosessual Məcəlləsinin pozuntusu tanınmalı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxs barəsində onun təqsirliliyinə dəlalət edən məlumatları yaydığına və bu barədə cəmiyyətdə əvvəlcədən rəy yaratdığına görə Bakı Şəhər Prokurorluğu rəsmən üzr istəməlidir.

Fətullayev təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun törətdiyi hüquqi nəticələrə görə, Bakı Şəhər Prokurorluğundan 1 manat alınaraq Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsi barədə qətnamə qəbul edilməsini də istəyirdi.

Elçin Sadıqov
Prokurorluq nümayəndəsi Ramiz Rzayev isə prosesdə bildirmişdi ki, prokurorluq Eynulla Fətullayevin təqsirsizlik prezumpsiyasını pozmayıb, jurnalistlərin sorğuları ilə bağlı məlumat yayıb.

“MƏHKƏMƏNİN QƏRARI QANUNSUZDUR”

Eynulla Fətullayevin vəkili Elçin Sadıqov deyir ki, məhkəmənin qərarı gözlənilən idi. Bütün məhkəmə instansiyalarından sonra Fətullayev Avropa Məhkəməsinə müraciət edəcək:

- Bilirdik ki, məhkəmə bütün hallarda siyasi sifarişi yerinə yetirəcək, iddianı təmin etməyəcək. Məhkəmə də siyasi sifarişdən kənara çıxmadı. Məhkəmənin qərarı qanunsuzdur. Qanunsuz olduğuna görə qərardan apelyasiya şikayəti verəcəyik və Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəyik.

BELƏ HALLARA AZƏRBAYCANDA TEZ-TEZ RAST GƏLİNİR

Hüquqşünas Ələsgər Məmmədli isə bildirir ki, Azərbaycanda məhkəmə keçirilmədən, təqsirləndirilən şəxsin günahkar olub-olmaması müəyyən olunmadan onun cinayətkar adlandırılması hallarına tez-tez rast gəlinir:

Ələsgər Məmmədli
- Bu, Konstitusiyanın 63-cü maddəsi ilə təminat verilən təqsirsizlik prezumpsiyası hüququna ziddir. Ancaq çox fərqli məqamlar ola bilər ki, məsələn, əməliyyat-axtarış tədbirləri nəticəsində kimlərsə həbs olunur və bununla bağlı məlumat verilmir. Cəmiyyəti məlumatlandırmaq hüququ baxımından prokurorluq bunu informatik xarakterli verməlidir. Ancaq bu zaman onu təfsilatı ilə günahkar kimi yox, belə hadisə baş verib, axtarış aparılır kimi sadəcə informatik xarakterli vermək lazımdır. Əks halda təqsirsizlik prezumpsiyası hüququ pozulmuş olur.

Eynulla Fətullayev 2007-ci ildən həbsdədir. O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi bu ilin aprelində jurnalistin azadlığa buraxılması, ona 28 min avro təzminat ödənilməsi haqqında qərar çıxarıb. Bundan sonra Azərbaycan hökuməti bu qərarla bağlı Məhkəmənin Böyük Palatasına şikayət göndərib. Keçən ay isə Böyük Palata qərarı qüvvədə saxlayıb.

2009-cu ilin dekabrında isə saxlandığı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və cinayət işi açılıb. Bu ilin iyulunda Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə bu ittiham üzrə Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG