Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:42

Aclığı dayandırmaq üçün Eynulla Fətullayevə müraciət olunub


Oktyabrın 25-də 30-a yaxın ziyalı, hüquq müdafiəçisi və jurnalist məhbus jurnalist Eynulla Fətullayevə aclıq aksiyasını dayandırmaqla bağlı müraciət edib. Bu barədə AzadlıqRadiosun jurnalist Şahvələd Çobanoğlu məlumat verib.

Müraciətdə jurnalistdən aclıq aksiyasını dayandırmaq xahiş olunur.

“İstəyirik ki, bu məktubu alan kimi aclıq aksiyasını dayandırasan. Bu aksiya belə bir aksiyanın yarada biləcəyi kifayət qədər böyük rezonansa artıq səbəb olub. Aksiyadan sonra hakimiyyət qurumları Avropa İnsan Haqları Məhkəməsinin qərarına Ali Məhkəmə Plenumunun növbədən kənar iclasında baxılacağını bəyan edib. Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev isə səninlə bağlı qərarı nəzərdə tutaraq deyib: “Bu heç kəsdə, heç Azərbaycan hakimiyyətində də şübhə doğurmur ki, Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir”-deyə, müraciətdə bildirilir.

Oktyabrın 19-dan jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı qərarın icra olunması tələbi ilə Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Həmin qərar Eynulla Fətullayevin azadlığa buraxılmasını və ona 28 min avroya yaxın təzminat ödənməsini nəzərdə tutur.

Oktyabrın 20-dən isə jurnalistlər Eynulla Fətullayevə dəstək olmaq üçün aclıq aksiyasına başlayıblar.

Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.

XS
SM
MD
LG