Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50
Oktyabrın 25-də 30-a yaxın ziyalı, hüquq müdafiəçisi və jurnalist məhbus jurnalist Eynulla Fətullayevə aclıq aksiyasını dayandırmaqla bağlı müraciət edib. Bu barədə AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu məlumat verib.

Müraciətdə jurnalistdən aclıq aksiyasını dayandırmaq xahiş olunur:

«İstəyirik ki, bu məktubu alan kimi aclıq aksiyasını dayandırasan. Bu aksiya belə bir aksiyanın yarada biləcəyi kifayət qədər böyük rezonansa artıq səbəb olub. Aksiyadan sonra hakimiyyət qurumları Avropa İnsan Haqları Məhkəməsinin qərarına Ali Məhkəmə Plenumunun növbədən kənar iclasında baxılacağını bəyan edib. Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev isə səninlə bağlı qərarı nəzərdə tutaraq deyib: «Bu heç kəsdə, heç Azərbaycan hakimiyyətində də şübhə doğurmur ki, Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir», - deyə müraciətdə bildirilir.

Müraciəti imzalayanlar İfadə Azadlığı Komitəsinin İşçi Qrupundan Arzu Abdullayeva, Mehman Əliyev, Pənah Hüseyn, Zərdüşt Əlizadə, Eldar Namazov, İlqar İbrahimoğlu, Emin Hüseynov, Rəşid Hacılı, İsaxan Aşurov, Elçin Sadıqov, jurnalistlərdən Rövşən Hacıyev, Seymur Baycan, Samir Kazımlı, Elçin Həsənli, Qan Turalı, Xaliq Bahadır, Elnur Astanbəyli, Natiq Güləhmədoğlu, Qabil Zimistanoğlu, Elşən Balaxanılı, Natiq Cavadlı, Aynur Elgünəş, Nemət Hüseynli, Azər Hüseynbala, Pərviz Həşimov, Əfqan Muxtarlı, Zamin Hacı, Şahvələd Çobanoğludur.

Oktyabrın 19-dan jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı qərarın icra olunması tələbi ilə Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Həmin qərar Eynulla Fətullayevin azadlığa buraxılmasını və ona 28 min avroya yaxın təzminat ödənməsini nəzərdə tutur.

Oktyabrın 20-dən isə jurnalistlər Eynulla Fətullayevə dəstək olmaq üçün aclıq aksiyasına başlayıblar.

Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG