Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:33

Eynulla Fətullayev: «Məni faktiki olaraq girov kimi saxlayırlar»


Eynulla Fətullayev
Eynulla Fətullayev
Noyabrın 2-də Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə məhbus jurnalist Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı iddiası üzrə növbəti məhkəmə prosesi davam edib.

Prosesdə Eynulla Fətullayev cavabdeh tərəfin nümayəndəsi olan Bakı Şəhər Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Ramiz Rzayevə suallar verib. Jurnalist cavabdehdən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan nəyə gönə onun barəsində narkotik maddə istifadəçisi olması barədə ictimaiyyətə rəsmi məlumat verdiklərini soruşub.

PROKUROR PROSESƏ DƏVƏT EDİLSİN


Ramiz Rzayev deyib ki, 3 fevral 2009-cu il tarixdə həmin məlumat Bakı Şəhər Prokurorluğunun rəhbərliyinin göstərişi ilə yayılıb. Onda Eynulla Fətullayev məhkəmə qarşısında vəsatət qaldırıb ki, Bakı Şəhər prokuroru Əziz Seyidov və onun iki müavini də məhkəməyə dəvət olunsun. Lakin hakim vəsatəti təmin etməyib.

Cavabdeh tərəf isə bildirib ki, prokurorluq həmin məlumatı jurnalistlərin çoxsaylı sorğularına cavab olaraq yayıb. Cavabdehin fikrincə, Eynulla Fətullayev barədə yayılmış bəyanatda jurnalistin təqsirsizlik prezumpsiyası hüququnu pozan detal yoxdur.

Eynulla Fətullayev məhkəmədə ərizə yazaraq iddiasının bir qismini – şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı hissəsini geri götürdü. Məhkəmə Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı iddiasının həmin hissəsinə xitam verib.

FAKTİKİ GİROV

Sonra tərəflər məhkəmə çıxışları ediblər. Eynulla Fətullayev çıxışında deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının qərarından sonra onun həbsdə saxlanılması qanunsuzdur: “Məni istintaq təcridxanasında faktiki olaraq girov kimi saxlayırlar”.

Hakim məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, məhkəmə iclası yekunlaşıb və noyabrın 4-də qətnamə oxunacaq.

Bakı Şəhər Prokurorluğu 2010-cu il fevralın 2-də məlumat yayaraq Eynulla Fətullayevin narkotik istifadəçisi olduğunu bəyan edib. Barəsində belə bir məlumatın yayılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin, Cinayət-Prosessual Məcəllənin 21-ci, Konstitusiyanın 63-cü maddəsinin pozulması kimi qiymətləndirən Eynulla Fətullayev məhkəməyə müraciət edib. Jurnalist məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxs barəsində onun təqsirliliyinə dəlalət edən məlumatları yaydığına və bu barədə cəmiyyətdə əvvəlcədən rəy yaratdığına görə Bakı Şəhər Prokurorluğunun rəsmən üzr istəməsini, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının törətdiyi hüquqi nəticələrə görə Bakı Şəhər Prokurorluğundan 1 manat alınaraq Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG