Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:02

Azərbaycan xəbərləri

‘Toplum TV işi’ üzrə həbs edilənlərin şikayəti təmin edilməyib

Bugün, oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi" üzrə həbs edilən bir çox şəxslərin şikayətlərinə baxılıb.

Bu barədə onların vəkilləri məlumat veriblər.

Həmin şəxslər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal və "Toplum" İnternet Televiziyasının redaktoru Müşfiq Cabbarlıdırlar. Onların həbs müddətinin 3 ay uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsi oktyabrın 3-də qərar vermişdi.

Vəkillərin bildirməsinə görə, istintaq orqanın nümayəndəsi məhkəmədən şikayətin təmin edilməməsini xahiş edib. Müdafiə tərəfi isə istintaq hərəkətlərinin aparılmadığını və həbs qətimkan tədbirin uzadılması üçün heç bir əsas olmadığını bildirərək şikayətinin təmin edilməsini istəyib.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

İş üzrə həbs olunmuş Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın məhkəmədə Penitensiar Xidmətin əməkdaşlarının təzyiqinə məruz qaldığı deyilir.

Müdafiə tərəfinin verdiyi məlumata görə, 12:30-da başlayacaq prosesə Əli Zeynal 11:10-dan gətirilib və bütün bu müddət ərzində əlləri qandallı şəkildə, ayaq üstdə saxlanıb.

Müdafiə tərəfinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli isə martın 8-də həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

İyulun əvvəlində də onların həbs müddəti 3 ay uzadılmışdı.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azərbaycan 47 min avrodan çox ödəməlidir

'Başlarına torba keçirib boğublar' - Gəncədə tutulanların anaları
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 10-da Azərbaycanla bağlı bəzi qərarlarını elan edib. Məhkəmə qərarlarına görə, Azərbaycan ümumilikdə 47 min 500 avro təzminat və xərclər ödəməlidir.

Onlardan biri 2018-ci il Gəncə hadisələri zamanı öldürüldüyü bildirilən Anar Bağırovun yaxınlarının şikayəti ilə bağlıdır.

Şikayətdə bildirilir ki, 2018-ci il iyulun 12-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən A.Bağırov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. Hakimiyyətə yaxın media orqanlarında onun silahlı müqavimət göstərdiyinə görə öldürüldüyü vurğulanıb. Məhkəmə bu işdə iddia olunan pozuntuları tanıyıb, Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulmasına qərar verib. Hökumət ərizəçiyə (bacısı Aynur Bağırova) mənəvi zərər və xərclər əvəzi 32 min avro ödəməlidir.

"Gəncə işi" barədə

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) sui-qəsd olub. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd ittihamda terror aktı kimi dəyərləndirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.

Bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisinin – Ağa Sərxani və Anar Bağırovun saxlanılarkən öldürüldüyü açıqlanıb.

Səfərov məhkəmədə bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.

Keçmiş baş prokuror

AİHM-də qərar verilən işlərdən biri də keçmiş baş prokuror və keçmiş səfir Eldar Həsənovun şikayəti ilə bağlıdır. Şikayət onun vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə xərcləmə, çirkli pulların yuyulması, mənimsənilməsi kimi ittihamlarla tutulması və məhkəməyə qədər həbs edilməsinə aid olub.

Ərizəçinin şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanırdı.

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü və 5-ci maddələrinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərclər əvəzi 9 min 234 avro ödəməlidir.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanıb. O, 2022-ci ildə 10 il həbs cəzası alıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.

Hələlik, bu qərarlara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Bakıda COP29-un Yol Xəritəsi nəzərdən keçirilib

Pre-COP29 müzakirələri
Pre-COP29 müzakirələri

Oktyabrın 10-da Bakıda BMT-nin İqlim Konfransına hazırıq məqsədi ilə Pre-COP29 tədbiri işə başlayıb.

COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə "Troyka ölkələri"nin "1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusu müzakirə edilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək: "Belə ki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq...".

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil isə vurğulayıb ki, hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür: "Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik...Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıq tutacaq".

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstranın sözlərinə görə isə, geosiyasi problemlər çox mürəkkəb məsələdir, ancaq bu, bəhanə ola bilməz: "Dubayda əldə olunan nailiyyətlər genişləndirilməlidir. Bizim 2050-ci ilədək xalis sıfır karbon emissiyasına nail olmaq məqsədimiz var... Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik".

Bu il noyabrın 11-dən 22-dək Bakıda COP29 keçiriləcək.

Ötən il Birləşmiş Ərəb Əmirliklərində (Dubayda) keçirilən COP28 sammitində ölkələr mədən yanacağından uzaqlaşmağa razılaşıblar. Azərbaycan hökuməti isə, öz növbəsində, atmosferə istixana qazlarının buraxılmasını 2030-cu ilədək 35 faiz azaldaraq 1990-cı illər səviyyəsinə salmaq öhdəliyi götürüb.

Xatırlatma

Bir sıra beynəlxalq təşkilatlar COP29 ərəfəsində Azərbaycanda insan hüquqları məsələsini də önə çəkirlər. "Human Rights Watch" və "Freedom Now" kimi insan haqları təşkilatları oktyabrın 8-də açıqladıqları birgə hesabatda bildiriblər ki, Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı "kinli" hücum aparılır.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının durumunun pisləşməsi ilə bağlı tənqidlərlə razılaşmır, beynəlxalq qurumları qərəzli davranmaqda, provokasiyada ittiham edir.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda ölkə həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə deyir ki, onlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Əhməd Əhmədov cəzadan azad edilib, məcburi müalicə olunacaq

Əhməd Əhmədov
Əhməd Əhmədov

Ailəsinin beş üzvünü - anası, atası, azyaşlı qardaşı, bacısı və onun 3 yaşlı qızını öldürməkdə suçlanan Əhməd Əhmədov cəzadan azad edilib, onun məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsinə qərar verilib. Bu barədə oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində qərar çıxarılıb.

Məhkəmə Ə.Əhmədov haqqında çıxarılmış psixiatrik ekspertiza rəylərinə əsaslanıb. Mart və aprel aylarında keçirilmiş hər iki ekspertiza 25 yaşlı Ə.Əhmədovun "şizofreniya paranoid forma, hallüsinator-paranoid sindromla təzahür edən kəskin psixotrik hal" diaqnozlu psixi xəstəlikdən əziyyət çəkməsi haqda rəy verib.

Həm istintaq, həm də məhkəmə belə nəticəyə gəlib ki, hadisə törədiləndə Ə.Əhmədov anlaqsız durumda olub. Onun xəstəliyi hazırda da davam etdiyinə görə özü və ətrafı üçün təhlükəli sayılır. Bu üzdən məhkəmə cəzadan azad edilərək, ixtisaslaşdırılmış müalicə müəssisəsinə məcburi yerləşdirilməsi barədə qərar çıxarıb.

Prokuror da hakimlərə belə bir qərarın çıxarılmasını təklif edib. Cinayət nəticəsində həyatını itirən zərərçəkmişlərin hüquqi varisləri də buna etiraz etməyib. Yalnız Ə.Əhmədovun bacısının qaynı Rüstəm Niftəliyev məhkəmədə ifadə verərkən şikayətçi olduğunu deyib. O bildirib ki, qardaşının həyat yoldaşı və 3 yaşlı qızının qətlinə görə Ə.Əhmədova ömürlük həbs cəzası verilməsini tələb edir.

Məhkəmədə sənəd elan edilərkən məlum olub ki, Ə.Əhmədov haqqında 2016-cı ildə də Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin bir müddət sonra o işə xitam verilib.

Ə.Əhmədovun istintaqa ifadəsində iddia olunur ki, ailə üzvlərinin münasibəti onu qane etməyib.

Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib

Ə. Əhmədovun anası 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Ə.Əhmədov kiçik yaşlarından psixi xəstəlikdən əziyyət çəkir. O, orta məktəbdə 9 il təhsil alıb. Lakin onun Moskva universitetinin məzunu olması barədə diplomu var.

Anası Sevinc Vaqifqızına yaxınları ilə görüşünə icazə verilmədiyini deyir

Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

“Abzas Media” nəşrinin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova AzadlıqRadiosuna bildirib ki, sentyabrın əvvəlindən qızı ilə görüşə bilmir.

Onun vurğulamasına görə, sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərindən sonra S. Vaqifqızı ictimaiyyətə açıqladığı bir məlumata görə cəzalandırılır:

"Seçkilərdən sonra bizi Sevinclə görüşdürmürlər. 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi mənə dedi ki, Sevinc təcridxanada əcnəbilərin də seçkilərdə səsverməyə cəlb edildiyini iddia etdiyinə görə cəzalandırılır".

O.Məhərrəmova deyir ki, qızı ilə görüşlərinə icazə verilməməsi qanunsuzdur.

Onun dediklərinə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda sentyabrın 1-də keçirilən parlament seçkilərində 125 mandat uğrunda 990 namizəd mübarizə aparırdı.

Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazandı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sentyabrın 2-də açıqlanan ilkin hesabatında vurğulanırdı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib.

Mərkəzi Seçki Komissiyası isə hesab edir ki, həmin seçkilər çox yüksək səviyyədə keçirilib.

Xatırlatma

“Abzas Media” işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin dierktoru Ülvi Həsənli, Sevinc Vaqifqızı daha sonra isə daha bir neçə şəxs həbs ediliblər.

Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Ümumilkdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Əfqan Sadıqov həbsxanada müalicə müəssisəsinə köçürülüb

Əfqan Sadıqov
Əfqan Sadıqov

Gürcüstanda həbsdə olan azərbaycanlı bloqer Əfqan Sadıqovun səhhəti pisləşib. Bu barədə "Sosial ədalət mərkəzi"nin başçısı Tamta Mikeladze məlumat verib.

AzadlıqRadiosunun gürcü xidməti yazır ki, Ə.Sadıqov Tbilisinin Qldani rayonundakı təcridxanada tibb müəssisəsinə köçürülüb.

Sentyabrın 21-də təcridxanada aclıq aksiyası elan edən bloqer Gürcüstandan Azərbaycana ekstradisiya olunmamasını tələb edir.

T.Mikeladze yazır ki, Ə.Sadıqovun səhhəti qəflətən pisləşib, onun həyat yoldaşına bu barədə bilgi verilib.

Gürcüstanın Miqrasiya Xidməti Ə.Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. O, avqustda Azərbaycanın sorğusu əsasında saxlanılıb və Bakıya deportasiya edilə bilər. Ona qarşı cinayət işi qaldırıldığı bildirilir.

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Gürcüstan hakimiyyətini Ə.Sadıqovun Azərbaycana deportasiyasını dayandırmağa çağırıb.

AzelTV-nin rəhbəri olan Ə.Sadıqov 2020-ci ildə xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il həbs olunub. Bir il sonra onun cəzası 6 ilə endirilib və o, 2022-ci il mayın 27-də əfv olunub.

Bloqer daha öncə də məhbus həyatı yaşayıb, bütün hallarda ittihamları qəbul etməyib və onların onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycan siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Hazırda Azərbaycanda azı 10 jurnalist həbsdədir, onlar ittihamları qəbul etmir, siyasi motivli sayırlar.

Bakıda partlayış olub, 8 nəfər xəsarət alıb

Oktyabrın 7-də günorta saatlarında Azərbaycan paytaxtı Bakı şəhəri, Nizami rayonundakı 8-ci Köndələn küçəsində qazanxanada partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, hadisə nəticəsində xəsarət alan 6 nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib:

“... Ümumi sahəsi 40kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib.”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, xəsarət alanlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir:

“Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.”

Hələlik, məsələ ilə bağlı zərəçəkənlərin yaxınları və qazanxanaya cavabdeh şəxslərlə danışmaq mümkün olmayıb.

'ToplumTV işi' üzrə tutulanların həbs müddəti uzadıldı 

Toplum TV-nin ofisində axtarış
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00

Ələsgər Məmmədlinin məhkəmədə pis rəftarla üzləşdiyi deyilir

“Toplum” İnetrnet Televiziyasının təsisçisi Ələsgər Məmmədlinin bugün, oktyabrın 3-də Xətai Rayon Məhkəməsində pis rəftara məruz qaldığı bildirilir.

Bu barədə onun qardaşı Nəsimi Məmmədli məlumat verib.

Nəsimi Məmmədlinin sözlərinə görə, istintaq təcridxanasına qaytarıldıqdan sonra Ələsgər Məmmədli ona zəng edib və deyib ki, proses başlayana qədər onu qolları qandallı halda məhkəmə binasında bir otaqda saatlarla gözlədiblər:

“Bu səbəbdən onun arterial təzyiqi yüksəlib və gözlərindəki kiçik damarların partlaması nəticəsində subkonyunktival qansızma baş verib. Gözün ağ hissəsi qanla örtülüb, görməsində müəyyən problem yaranıb. Məhkəmənin hakimi pis rəftara görə "konvoylara" şifahi irad bildirsə də hər hansı qərar qəbul etməyib.”

Onun deməsinə görə, qardaşının tibbi müayinəsi üçün məhkəməyə əlavə müraciət olunmalıdır.

Hələlik, bu açıqlamaya Ədliyyə Nazirliyi və Xətai Rayon Məhkəməsindən münasibət alma qmümkün olmayıb.

***

"ToplumTV işi" üzrə tutulan şəxslərin həbs-qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb.

Bu gün, oktyabrın 3-də Xətai rayon Məhkəməsində istintaq orqanının həbs-qətimkan tədbirlərinin 3 ay uzadılması ilə bağlı vəsatətlərinə baxılıb. Məhkəmə vəsatətləri təmin edib.

III Respublika Platformasının spikeri Akif Qurbanovun, həmin qurumun üzvü Ruslan İzzətlinin, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynalın, habelə "Toplum" İnternet Televiziyasının təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbarın həbs müddəti 3 ay uzadılıb.

Müdafiə tərəfi məhkəmə qərarını əsassız hesab edir və qərardan apellyasiya şikayəti verəcək.

A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli və Ə.Məmmədli isə martın 8-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

İyulun əvvəlində barələrində həbs-qətimkan tədbirin müddəti 3 ay uzadılıb. Bu müddət bir neçə gün sonra başa çatırdı.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azərbaycanın Niderlanddakı səfiri Rusiyada səfiri olacaq 

Rəhman Mustafayev
Rəhman Mustafayev

Prezident İlham Əliyev Azərbaycanın Rusiyaya yeni səfirini təyin edib.

Prezidentin oktyabrın 1-də imzaladığı sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin imzaladığı digər sərəncama əsasən, R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.

Bundan əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. O, 2006-cı ildən həmin vəzifəni tuturdu.

P.Bülbüloğlu 2024-cü ilin sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat mandatı qazandıqdan sonra səfir vəzifəsindən geri çağırılıb.

Qısa tanışlıq

1963-cü ildə Bakıda doğulan R.Mustafayev Moskva Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alıb.

1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

O, 2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir işləyib.

2006-cı ildən 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olan R.Mustafayev daha sonra Azərbaycanın Yunanıstanda, eyni zamanda Albaniyada, daha sonra isə Fransada fövqəladə və səlahiyyətli səfiri olub.

61 yaşlı R.Mustafayev 2022-ci ilin oktyabrından Azərbaycanın Niderlanddakı səfiri idi.

Vidadi İsgəndərli vəfat edib 

Vidadi İsgəndərli Fransada bıçaqlandı: Yaxınları siyasi fəaliyyətinə görə olduğunu iddia edirlər
Gözlə

No media source currently available

0:00 0:04:59 0:00

Bu gün, oktyabrın 1-i siyasi mühacir Vidadi İsgəndərli Fransanın Müluz şəhərində xəstəxanada vəfat edib. Bu barədə onun qardaşı Oktay İsgəndərli məlumat verib.

Onun sözlərinə görə, V.İsgəndərli səhər saatlarında vəfat edib: "Ailə səhər saat 5-də Vidadi İsgəndərli ilə vidalaşmaq üçün hospitala dəvət olunmuşdu. Ailə üzvləri bir neçə saat onunla birgə qaldı. Vidadi saat 10 radələrində vəfat etdi".

O.İsgəndərli bildirib ki, meyit bir neçə gün ekspertiza üçün hospitalda saxlanacaq və ekspertizanın rəyi hazır olduqdan sonra nəşi ailə üzvlərinə təhvil veriləcək: "Bu, təkcə bizim ailənin faciəsi deyil, Vətəni, xalqını sevən hər bir insan üçün acı faciədir".

Onun vurğulamasına görə, V. İsgəndərli Azərbaycan xalqının azadlığı uğrunda həlak olub.

Qardaşı deyir ki, Vidadi İsgəndərli 24 bıçaq yarası alıb

Sentyabrın 29-da Fransanın Müluz şəhərində yaşayan mühacir Vidadi İsgəndərliyə silahlı hücum olduğu bildirilir. Hazırda onun vəziyyətinin ağır olduğu vurğulanır.

Bu barədə onun qardaşı Oqtay İsgəndərli V.İsgəndərlinin müalicə aldığı klinikanın baş həkimi ilə görüşündən sonra bildirib.

"Fransada mühacir həyatı yaşayan qardaşım Vidadi İsgəndərli sentyabrın 29-da Paris vaxtı ilə saat 7.30-da naməlum şəxslərin hücumuna məruz qalıb. Yaşadığı evin pəncərəsindən üç nəfər killer Vidadinin yataq otağına daxil olaraq ona çoxsaylı bıçaq zərbəsi endirib".

Qardaşının sözlərinə görə, hadisə baş verən gün məsələ ilə bağlı tam təfsilatlı məlumat əldə edə bilməyib: "30 saniyə Vidadi ilə söhbət etdim. Dedi ki, üç nəfər maskalı şəxs idi, onlar danışmırdılar. Onu bıçaqla vurublar. Vidadi müqavimət göstərib və qaçıblar. Sentyabrın 30-da hospitalın baş həkimi ilə görüşdüm. Baş həkim bildirdi ki, səhərə yaxın vəziyyəti lap ağırlaşıb. Çox çətinliklə onu yenidən həyata qaytarıblar. Baş həkim əlavə etdi ki, qarın nahiyəsinə 21 bıçaq zərbəsi vurulub, bir bıçaq zərbəsi qara ciyərinə, ondan güclü bir bıçaq zərbəsi ağciyərinə dəyib. Nəfəsalma prosesi çətinləşib".

Qardaşının bildirməsinə görə, baş həkim deyib ki, daha bir bıçaq zərbəsi isə arxadan baş nahiyəsinə vurulub: "Onu nəzarətdə saxlayırlar. Çox ağır bir xəbər idi. Həkim dedi ki, ailəsini və uşaqlarını gətirin... Mənim də telefon nömrəmi aldılar. Soruşdum ki, onun yaşamaq şansı varmı? Həkimdən cavab almadım. Dedi ki, onlar əllərindən gələni edirlər...".

Yaxınları Vidadi İsgəndərli ilə bağlı son baş verənləri onun siyasi fəaliyyəti ilə izah edirlər.

Amma bütün bu deyilənlərə, hələlik, nə Fransa və nə də Azərbaycan hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olub.

Xatırlatma

V.İsgəndərli Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkilərində iştirak edib. Seçkiləri saxtalaşdırıldığını açıqlayıb. Müxalifət təmsilçiləri ilə etiraz aksiyalarına qatılıb. 2011-ci ildə o, Bakıda saxlanıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3 il yarım azadlıqdan məhrum edib.
V.İsgəndərli ittihamları qurma sayıb. O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

İsgəndərli 2015-ci ildə Fransaya mühacirət edib. O, mühacirətdə sərt çıxışları ilə diqqət çəkib.

Bundan öncə də Azərbaycandan Avropaya gedib siyasi sığıncaq əldə edən bəzi şəxslərə də hücum edildiyi ilə bağlı məlumatlar yayılıb. Onların bəziləri bu hücumu siyasi fəaliyyətləri ilə əlaqələndiriblər. Elə 2021-ci ildə Fransanın Nant şəhərində siyasi mühacir, bloqer Məhəmməd Mirzəliyə də bıçaqla hücum olmuşdu. 2022-ci ildə Fransa məhkəməsi üçü əslən Azərbaycandan olmaqla dörd nəfəri adam öldürməyə cəhd ittihamı ilə həbs edib.

Strasburqda İqbal Əbilovu müdafiə aksiyası keçirilib

İqbal Əbilova dəstək piketi
İqbal Əbilova dəstək piketi

Bu gün, sentyabrın 30-da Strasburqda Avropa Şurasının qarşısında Azərbaycanda milli ədavətin qızışdırılması və dövlətə xəyanət ittihamı ilə həbs edilən 'Talış Milli Akademiyasının xəbərləri'nin baş redaktoru İqbal Əbilovun müdafiəsi üçün etiraz aksiyası keçirilib.

Aksiyanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının açılışı ilə əlaqədar İ.Əbilovun dostları və fəallar təşkil edib.

"İqbal Əbilov sosial elmlərlə məşğul olub. Belarusda talış diasporunun fəal üzvü olub. Azərbaycanda etnik azlıq olan talışların mədəniyyətini araşdırıb", - aksiyanın iştirakçılarından biri Yelena Karol bildirib.

Dövlətə xəyanətdə ittiham edilən tədqiqatçı. 'Erməni professorla əlaqəsi elmi fəaliyyətdir'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

"Azərbaycanda onun elmi fəaliyyətində dövlətin bütövlüyünə təhlükə aşkar edilib və o, dövlətə xəyanətdə ittiham olunub. Ancaq elmi araşdırmaların siyasətlə heç bir əlaqəsi yoxdur və bizim səylərimiz bu işə diqqəti cəlb etmək məqsədi daşıyır", - o deyib.

Onun sözlərinə görə, Əbilov təkcə talışların yox, bütövlükdə Azərbaycan mədəniyyətinin araşdırılmasına öz töhfəsini verib.

"Odur ki, biz Azərbaycan hakimiyyətini İqbalı azad etməyə çağırırıq", - oəlavə edib.

Hələlik, aksiyaya Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İqbal Əbilov bu il iyulun 22-də Azərbaycana qohumlarının yanına gələrkən saxlanıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələrilə ittiham irəli sürülüb.

Əbilov ittihamları rədd edir və yalnız elmi fəaliyyətlə məşğul olduğunu bildirir.

35 yaşlı İ.Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.

İ.Əbilov Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bölmə rəisi həbs edilib

İllüstrativ foto
İllüstrativ foto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Əsgərov həbs edilib.

AZƏRTAC Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verib ki, onun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Amma, hələlik, ittihama Anar Əsgərov və ya vəkilindən münasibət almaq mümkün olmayıb.

Həmin maddə üzrə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Mətbuat xidmətindən habelə bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə müvafiq əməlləri törətməsinə şübhələr olan həmin Xidmətin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Qurbanov barəsində də 4 aylıq həbs qəti imkan tədbiri seçilib. O, isə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilməklə dələduzluq), 311.3.2-ci və digər maddələr ilə ittiham olunur.

Amma bu ittihamlara da, hələlik, Seymur Qurbanov və yaxınlarının münasibəti bəlli deyil.

Xatırlatma

Ötən il Xidmətin Xəzər, Xaçmaz, Cəlilabad və Laçın rayon şöbələrinin vəzifəli şəxsləri də oxşar ittihamlarla üzləşmişdilər. Onlar isə əsasən ittihamları qəbul etmirdilər.

Azərbaycanda hər il dörd dəfə - yanvar, aprel, iyul və oktyabrda müddətli həqiqi hərbi xidmətə çağırış gerçəkləşdirilir və minlərlə gənc hərbi xidmətə cəlb olunur.

Pakistan Azərbaycana JF-17 qırıcıları satmaq üçün kontrakt imzalayıb

JF-17
JF-17

Pakistan ordusunun sentyabrın 26-da bildirdiyinə görə, Azərbaycana "JF-17 Block III" qırıcı təyyarələrinin satışı üzrə kontrakt imzalanıb.

Təyyarəni Pakistan Aeronavtika Kompleksi ilə Çin birlikdə hazırlayır. Son illər İslamabadla Pekinin hərbi münasibətləri sıxlaşıb, Birləşmiş Ştatlar ilə zəifləyib.

Azərbaycana neçə qırıcının, hansı qiymətə satılacağı açıqlanmayıb. Bəyanatda deyilir ki, İslamabad dost ölkələrlə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə, Azərbaycanın hava gücünü artırmağa çalışır.

Həm də Türkiyənin müttəfiqi olan Pakistan Azərbaycanı 2020-ci il Qarabağ müharibəsində dəstəkləyib. Azərbaycan həmin 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.

Azərbaycan prezidenti İlham Əliyev iyulda Pakistana səfər edib. Tərəflər müdafiə də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək üzrə razılığa gəliblər.

Pakistan Bakıda keçirilən müdafiə sərgisində iştirak üçün hava qüvvələri kontingenti göndərib, bu təyyarə nümayiş olunub.

ABŞ səfiri Ombudsmanla insan haqlarını müzakirə edib

Ombudsman ABŞ səfirini qəbul edib
Ombudsman ABŞ səfirini qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 25 də Birləşmiş Ştatların (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbini qəbul edib.

Ombudsman Aparatının məlumatına görə, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində son dövrdə həyata keçirdiyi fəaliyyət barədə qonağa ətraflı məlumat verib.

ABŞ səfirliyi də X platformasında görüş barədə səfir Libbiyə istinadən məlumat yayıb.

"Ombudsman Səbinə Əliyeva ilə insan haqlarını müzakirə etmək üçün görüşməyimə şadam. Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq", - M.Libbi qeyd edib.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Azərbaycanda karantin gələn ilə qədər uzadılıb

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılsın", - qərarda yazılıb.

Bundan əvvəl xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bəzi müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir.

Prezident İlham Əliyev isə bu həftə Milli Məclisdə çıxışında bu məsələni təhlükəsizlik amili ilə izah etdi: "Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.

ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Çeçenistanda saxlanan Azərbaycan vətəndaşları ölkəyə gətirilib

Rusiyada polis reydlərindən birindən sonra (Arxiv fotosu)
Rusiyada polis reydlərindən birindən sonra (Arxiv fotosu)

Çeçenistanda saxlanan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.

Bu barədə bu gün, sentyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Təqribən bir ay bundan əvvəl Rusiyanın Çeçenistan Respublikasında üç nəfər Azərbaycan vətəndaşı - Elxan Şirinov, Vüqar MəhərrəmovNihad Rzayevin miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlandıqları bildirilirdi. Daha sonra E.Şirinov və V.Məhərrəmovun Qroznıda Ukraynada müharibəyə göndərilmək məqsədilə təlimlərə cəlb olunduqları vurğulanırdı.

Azərbaycan XİN-dən vurğulanıb ki, həmin şəxslərin ölkəyə geri qaytarılması məqsədilə Rusiya XİN-nə nota ünvanlanıb və aidiyyəti qurumlar ilə danışıqlar aparılıb: "Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın... 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib".

Hələlik, məsələ ilə bağlı həmin şəxslər və Rusiya tərəfi ilə danışmaq mümkün olmayıb.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin avqustunda Rusiya vətəndaşlığı almış şəxslərin icbari qaydada hərbi qeydiyyata düşməsinə dair qanun imzalayıb.

Bu tələbin yerinə yetirilməməsi Rusiya vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər.

Xatırlatma

2022-ci ilin fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirib. (sanksiyalar 2014-cü ildə Rusiyanın Ukraynanin Krım bölgəsini ilhaq etməsindən sonra başlamışdı) Azərbaycan sanksiyalara qoşulmur. Artıq 2 il yarımdır davam edən müharibədə yüz minlərlə insanın həlak olduğu, milyonlarla insanın qaçqın düşdüyü bildirilir.

Sentyabrın 25-dən Bakı-Sumqayıt qatarlarının tarifləri artırılır

Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı

Sentyabrın 25-dən Abşeron dairəvi marşrutu üzrə (Bakı-Sumqayıt) qatarlarının tarifləri artırılır

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

Bildirilib ki, Abşeron dairəvi marşrutu üzrə qiymət minimum 40 qəpik olacaq:

"Bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq".

Qurumdan vurğulanıb ki, bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və keyfiyyətin artımına yönəlib.

ADY-dən əlavə olunub ki, ölkədaxili səfərlər edən sərnişinlər üçün qiymət endirimləri da nəzərdə tutulub:

"Biz 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçirik. Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 faiz endirimdən yararlana biləcəklər".

Bu qiymət artımı ilə bağlı Azadlıq Radiosuna danışan bəzi Sumqayit və Abşeron rayon sakinləri narazılıqlarını ifadə ediblər.

Onlar bu qiymət artımının keyfiyyətin yüksəlməsinə xidmət edəcəyinə bir elə də inanmadıqlarını vurğulayıblar.

Həmin şəxslərin sözlərinə görə, ölkədə nəqliyyatda hər qiymət artımı baş verəndə keyfiyyətin də yüksəldiləcəyi deyiləsə də, çox vaxt vədlər özünü doğurultmur.

Xatırlatma

Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünüb.

Onda Bakı-Sumqayıt istiqamətində dəmir yolu infrastrukturu yenidən qurulmağa başlanıb. Həmin vaxt xəttə yeni, müasir qatarlar buraxılıb.

Abşeron dairəvi dəmir yolu Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı- Biləcəri- Sumqayıt və Bakı- Sabunçu-Sumqayıt.

Prezident: 'Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi'

İlham Əliyev
İlham Əliyev

"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır". AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 23-də prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Amma dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. "Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir", - prezident diqqətə çatdırıb.

Xatırlatma

Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində gediş-gəliş 2020-ci ilin əvvəllərindən məhdudlaşdırılıb. Həmin vaxt bu, koronovirus pandemiyası ilə izah edilib.

2022-ci il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı koronovirus pandemiyasının sona çatdığını açıqlayıb. Amma Azərbaycanın quru sərhədlərində məhdudiyyətlər qalır. Rəsmilər indi də bunu təhlükəsizlik amili ilə izah edirlər. Amma bu hal zaman-zaman ölkə vətəndaşlarının, xüsusilə də müxalifətçi fəalların etirazlarına səbəb olur. Müxalif düşərgədə hesab edirlər ki, hakimiyyət bununla daha çox iqtisadi məqsədlər güdür. Onların fikrincə, Azərbaycan vətəndaşları qonşu ölkələrə quru sərhədlərlə alış-verişə gedə bilmədiklərindən bu, ölkədən daha çox valyuta çıxarılmasının qarşısını alır. Üstəlik, onlar deyir ki, son illər ölkədə təyyarə biletləri də kəskin artmaqla haqsız qazancların əldə edilməsinə imkanlar yaranıb. Müxalif düşərgədə habelə vurğulayırlar ki, bununla Azərbaycan xalqı siyasi baxımdan da məhdudiyyətlərə öyrəşdirilir.

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Azərbaycanın AİHM qərarlarını necə icra etməsinə baxılıb

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Sentyabrın 20-də Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana qarşı bəzi qərarlarının necə icra edilməsini nəzərdən keçirib.

AİHM Avropa İnsan Hüquqları Konvensiyasının pozuntuları üzrə qərarlar çıxarır. Məhkəmənin qərarlarının necə icra olunmasına AŞNK nəzarət edir.

Defamasiyaya görə həbsin ləğvi üçün çağırış

"Mahmudov və Ağazadə Azərbaycana qarşı" işi ərizəçi jurnalistlərin ifadə azadlığının pozulmasından idi. Həmçinin yerli məhkəmələrin ifadə azadlığına müdaxiləni yetərincə əsaslandırmaması, qeyri-proporsional kriminal sanksiyaların tətbiqi, özəlliklə defamasiyaya görə həbs cəzaları mübahisələndirilmişdi.

Azərbaycan hakimiyyətinin təqdim etdiyi məlumatlarda bildirilir ki, yerli məhkəmələr defamasiyaya görə həbsdən, əsasən, istifadə etmirlər. Amma müzakirələrdə narahatlıqla qeyd edilir ki, bəzi hallarda həbs cəzasına kriminal sanksiya kimi əl atılır.

Yerli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin tələblərinə uyğunlaşdırılmaması təəssüflə vurğulanır. Bunun üçün Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin sanksiyasında uzunmüddətli həbs cəzalarının çıxarılması istənilir. Nazirlər Komitəsi dəfələrlə bu məsələ ilə bağlı çağırış edib.

Yeri gəlmişkən, sentyabrın 19-da AXCP sədri Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə mühakiməsi başlanıb. Partiyadan xaric edilmiş Aydın Əliyev onun həbsini istəyir. Həmin maddədə 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.

"Məmmədli qrupu Azərbaycana qarşı"

"Məmmədli qrupu Azərbaycana qarşı" işində AİHM hər bir ərizəçinin Konvensiyanın 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinə zidd olaraq hüququnun pozulması qərarına gəlmişdi. Bu isə hökumətin tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının, insan haqları müdafiəçilərinin özbaşına həbs olunması tendensiyasını ortaya qoyurdu. AŞNK Azərbaycan hakimiyyətini qalan yeddi ərizəçiyə qarşı hökmləri dərhal ləğv etməyə, onların kriminal tarixçəsini təmizləməyə çağırır.

Komitə bu işlərin təkrar baxılmaq üçün Ali Məhkəməyə göndərilməsinin həddən artıq və izahsız yubanmasından narahatlıq bildirib.

Hazırda hüquq müdafiəçisi Anar Məmmədli qaçaqmalçılıq ittihamı ilə həbsdədir. O və ötən ilin noyabrından bəri oxşar ittihamla saxlanmış 20-yədək jurnalist, media işçisi ittihamı saxta adlandırır, peşə fəaliyyətinə görə saxlandıqlarını deyirlər.

"Sarqsyan Azərbaycana qarşı" işinə dekabrda təkrar baxılacaq

AŞNK "Sarqsyan Azərbaycana qarşı" işini də nəzərdən keçirib. Bu iş 1992-94-cü il Qarabağ müharibəsi zamanı evini tərk etməli olmuş ermənistanlı qaçqının mülkiyyət hüquqları barədədir. AİHM-nin 2017-ci ildə çıxardığı qərarda deyilirdi ki, Azərbaycan bu ərizəçinin qohumuna üç ay ərzində müəyyən maddi və mənəvi ziyana görə kompensasiya ödəməlidir. Azərbaycan hakimiyyəti isə katibliyin hazırladığı Anlaşma Memorandumunun mümkün təsirlərini dəyərləndirməkdən, Avropa Şurasının bank hesabı vasitəsilə ödənişi etməkdən ötrü daha çox zamana ehtiyacı olduğunu bildirib.

Nazirlər Komitəsi qeyd edir ki, cavabdeh ölkələr AİHM-nin bütün qərarlarını tam və səmərəli icra etməlidir. Bu, məhkəmənin kəsdiyi kompensasiyanın qeyd-şərtsiz ödənməsinə aiddir. Komitə Azərbaycan hakimiyyətini birbaşa Sarqsyanın qohumuna kompensasiyanın ödənməsini həyata keçirməyə çağırıb. Bu işə 2024-cü ilin dekabrında komitənin iclasında yenidən baxılacaq.

Nazirlər Komitəsi bundan öncə "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərar çıxarıb. Bu qərar 1992-94-cü illər Qarabağ müharibəsi dövründə evlərini tərk etməli olmuş altı azərbaycanlının mülkiyyət hüquqları ilə bağlı idi.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Dağlıq Qarabağ 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Münaqişə nəticəsində hər iki ölkədə yüz minlərlə insan evini tərk etməli olub.

Məhkəmə ‘Müsəlman Birliyi’nin üzvünə 7 il  həbs verib

Bugün, sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvü Ağəli Yəhyayevə 7 il həbs cəzası verilib. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur.

Fəalın yaxınlarının verdiyi məlumata görə, Yəhyayev ittihamları rədd edərək işi uydurma adlandırıb, amma məhkəmə onun sözlərini nəzərə almayıb.

Müdafiə tərəfi hökmdən Apellyasiya Məhkəməsinə şikayət verəcəklərini bildiriblər.

Yəhyayev 2023-cü avqustun 31-də saxlanıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ağəli Yəhyaev əvvəllər iki dəfə, o cümlədən 2015-ci il Nardaran hadisələri ilə bağlı cinayət təqibinə məruz qalıb.

O, hüquq müdafiəçilərinin siyasi məhbus siyahılarında yer alıb.

Amma rəsmilər Azərbaycanda siyasi məhbusların olması ilə bağlı açıqlamaları qəbul etmirlər.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu.

Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlara maksimum 20 il olmaqla ( A.Yəhyayev 15 il həbs almışdı) müxtəlif müddətə həbslər verilsə də məhkəmələrdə günahsız olduqlarını açıqlayıblar.

Onlar polislərin də ölümündə əllərinin olmadığını vurğulayıblar. Həmin şəxslərin bir çoxu (Ağəli Yəhyayev daxil) əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Dövlət Suverenliyi Günü təsis edilib

İlham Əliyev
İlham Əliyev

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.

Bununla bağlı bu gün, sentyabrın 19-da prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilsin.

Sənəddə vurğulanır ki, 2020-ci ildə 44 günlük savaşda Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Sərəncamda daha sonra 2023-il sentyabrın 19-da cəmi 23 saat çəkən "antiterror" əməliyyatının keçirildiyi vurğulanır. Sənədə görə, bununla da Azərbaycanın bütün ərazisində suverenliyi bərpa edilib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Gələn ilin büdcəsində gəlirlər arta, xərclər azala bilər

Azərbaycanın 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır. Bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6 faiz çoxdur.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

Həmin məlumata görə, amma layihəyə görə, növbəti ildə dövlət büdcəsinin xərclərində 2024-cü ilin proqnozu ilə müqayisədə 74,7 milyon manat ( 0,2 faiz) azalma var. Xərclər 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır.

Sənəddə 2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.Bu da 2024-cü ilin büdcəsində eyni göstəricidən 5 dollar azdır.

2024-cü ilin ilkin bücəsində bu rəqəm 60 götürlsə də iyunda sənədə edilən dəyişikliklə həmin rəqəm 75 dollara yüsəldilmişdi.

Son günlər dünyda Azərbaycan neftinin bir bareli 75 dollar civarında dəyişir

Azərbaycan iqtisadiyyatında müsbət saldo iki dəfədən çox azalıb

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12 faizdən çox azalaraq 30 milyard 995 milyon ABŞ dollarına düşüb.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Son bir ildə ölkə üzrə ixrac da 25-faizdən çox azalaraq 18 milyard 231 milyon, idxal isə 14 faizdən çox artaraq 12 milyard 763 milyon dollar təşkil edib.

Xarici ticarət dövriyyəsinə 5 milyard 467 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə azdır.

Azərbaycanda qeyri-neft sektoru zəif inkişaf etdiyinə görə...

İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə, müsbət saldonun azalmasının səbəblərini, əsasən, ölkədə neftin hasilatının azalmasında axtarmaq lazımdır: "Bizdə hasilat kəskin olaraq aşağı düşüb. Biz may ayından bəri ortalama 475 min barel neft hasil edirik, hansı ki, bir neçə il bundan əvvəl 700-800 min barel idi. Bununla paralel olaraq qiymətlər da son rübdə aşağı düşüb. Bu iki faktor ixracat göstəricilərdə öz əksini tapdı".

Onun fikrincə, Azərbaycanda qeyri-neft sektoru zəif inkişaf etdiyinə görə enerjidaşıyıcıların həcmində və qiymətində azalma olan kimi bu, ixrac göstəricilərinə ciddi təsir göstərir.

İdxalın artmasına gəldikdə, N.Cəfərli bunu iki səbəblə izah edir: "Birinci, qlobal səbəb - bizdə istehsal çox zəifdir və idxaldan çox asılı ölkəyik. Bu səbəbdən də bizim idxal göstəricilərimiz həmişə artır. İkinci səbəb isə Qarabağda aparılan təmir-bərpa işləridir ki, onlara hər il büdcədən milyardlarla vəsait ayrılır. Təmir-tikinti işlərində istifadə olunan materialların, avadanlıqların çoxu xaricdən gətirilir. Bu da idxal rəqəmlərinə təsir göstərir".

Azərbaycandan xaricə və əksinə köçürülən pulun məbləği artıb

ABŞ dolları
ABŞ dolları

Bu ilin altı ayında Azərbaycandan xaricə 259.6 milyon ABŞ dolları, xaricdən Azərbaycana isə 567.8 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, uyğun olaraq, 1.9 faiz və 36.3 faiz çoxdur.

Bu barədə sentyabrın 12-də Mərkəzi Bankda keçirilən brifinqdə məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə Azərbaycana ən çox pul baratı Rusiyadan (287 milyon), Türkiyədən (82.3 milyon), ABŞ-dən (30.5 milyon), Gürcüstan (17.4 milyon) və Birləşmiş Krallıqdan (16.1 milyon) daxil olub.

Altı ayda ölkədən xaricə köçürülən pul baratlarının həcminə görə isə birinci yerdə Türkiyə (76.6 milyon), sonra isə Rusiya (29.9 milyon), ABŞ (28.3 milyon), Gürcüstan (25.1 milyon) və Birləşmiş Krallıq (13.6 milyon) qərarlaşıb.

5 məntəqədə nəticələr ləğv edilib

MSK iclası
MSK iclası

Milli Məclisə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd və 22 saylı Nəsimi-Yasamal seçki dairələrinin bəzi məntəqələrinin nəticələri etibarsız sayılıb.

Bu barədə sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında qərar qəbul olunub.

İclasda 78 saylı Lənkəran kənd seçki dairəsindən namizəd Əzizxan Əzizovun şikayətinə baxılıb. MSK-nın qərarına görə, dairənin yalnız 29 və 32 saylı seçki məntəqələrində pozuntu aşkarlanıb və həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib. Ümumi nəticələrə gəlincə, bildirilib ki, dairədəki 53 seçki məntəqəsindən yalnız ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

MSK-nın açıqlamasına görə, həmin dairədən lider namizəd hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, keçmiş deputat Anar İsgəndərovdur.

İlqar Məmmədovun şikayəti

MSK-nın digər qərarına görə, 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç məntəqəsində (2, 14 və 20) qanun pozuntusu qeydə alınıb və həmin məntəqələrdə nəticələr ləğv olunub. Həmin dairədən deputatlığa namizəd, ReAL Partiyasının sədri İlqar Məmmədov şikayətlə MSK-ya müraciət etmişdi. Namizəd seçki günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların təqdim edilmədiyini və digər pozuntuların olduğunu bildirmişdi. O, nəticələrin ləğvini istəyirdi.

Qurumun qərarına görə, dairədəki 38 seçki məntəqəsindən üçünün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Həmin dairədən isə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, keçmiş deputat Asim Mollazadə lider namizəd sayılır.

İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, parlament seçkiləri ilə bağlı quruma 12 müraciət daxil olub. Xatırladıb ki, MSK-ya müraciətlərin daxil olması müddəti bu gün, sentyabrın 11-i saat 18:00-da başa çatır.

MSK kameralarının qeydə aldığı topa bülletenlər
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Dörd il əvvəl

MSK bundan əvvəlki parlament seçkilərində dörd dairədə - 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrində pozuntulara yol verildiyini bildirərək onların nəticələrini ləğv etmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bir gün sonra açıqlanan ilkin hesabatında isə vurğulandı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib.

MSK isə hesab edir ki, seçkilər yüksək səviyyədə keçirilib.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub.

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

Davamı

XS
SM
MD
LG