Keçid linkləri

2026, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Xəbərlər

AXCP fəalına 2 il həbs cəzası verilib

Vüqar Qədirli
Vüqar Qədirli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı, ikinci qrup əlil Vüqar Qədirli 2 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP-dən verilən məlumata görə, Qarabağ müharibəsi veteranı olan fəal barəsində bu qərar iyunun 30-da İmişli rayon Məhkəməsində çıxarılıb.

4 may

Həbsdəki Xalq Cəbhəsi fəalına dərmanların çatdırılmadığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin hazırda həbsdə olan fəalı, ikinci qrup əlil Vüqar Qədirlinin ona lazım olan dərmanların verilməməsi səbəbindən aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə mayın 5-də onun mənsub olduğu AXCP-dən məlumat yayılıb. Məlumatda vurğulanır ki, o, Lənkəran Penitensiar Kompleksində saxlanılır. "Vüqar Qədirli Qarabağ müharibəsində başından ciddi xəsarət alıb. Başında hələ də çıxarılmayan qəlpələr var. Bu da ona dözülməz ağrılar verir. Artıq iki aya yaxındır ki, Lənkəran Penitensiar Kompleksi Vüqar Qədirlinin evindən gətirilən dərmanları qəbul etmir. Bu barədə Vüqar Qədirlinin ailəsi Ombudsman Aparatına məlumat versə də, heç bir nəticə yoxdur. Dərmanların verilməməsi Vüqar Qədirliyə həyatı təhlükəsi yaradır", –partiyadan iddia edilib.

Lakin aksiyaya nə vaxt başlanıldığı açıqlanmayıb.

Bu məlumata münasibət almaq üçün Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edilsə də, cavab alına bilməyib.

V.Qədirlinin yaxınları martın sonunda da oxşar şikayəti ictimaiyyətə açıqlamışdılar.

V.Qədirli ötən il dekabrın 12-də İmişli rayonunda saxlanılıb. Dekabrın 13-də isə onun barəsində qanunsuz silah saxlama ittihamı ilə həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var.

Milli Məclis məcburi köçkünlərlə bağlı qanuna dəyişiklik etdi

'Ya təklif olunan ev, ya status!' – Laçın köçkünü: 'Laçından başqa heç hara!'
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

İyunun 30-da Milli Məclis məcburi köçkünlərin statusu ilə bağlı qanuna dəyişiklik edib. Yeni qaydalara görə, onlara təklif olunan yaşayış sahələrindən imtina edən məcburi köçkünlər statuslarını itirəcəklər.

Qanunun keçid müddəasına görə, işğaldan azad edilmiş ərazilərdə artıq əvəzsiz ev almış şəxslərin məcburi köçkün statusu qanun qüvvəyə mindiyi gündən ləğv olunur.

Dövlətin yeni yaşayış sahəsi ilə təmin etdiyi məcburi köçkünlər zaman-zaman evlərin yeri və keyfiyyətindən şikayətlənirlər. Amma rəsmi qurumlar bu cür narazılıqları, adətən, bir o qədər də əsaslı saymırlar.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalara yol açmış, 1990-cı illərin əvvəllərində isə Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal olunmuş, yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşmüşdü. 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildəki birgünlük antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib.

Keçən il avqustun 8-də Vaşinqtonda 30 ildir münaqişədə olan Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini paraflayıb. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, qarşılıqlı iddialardan imtina edəcəklərini bildirirlər. Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.

Avropada rekord istilər: Ölənlərin sayı 1300-ü keçdi

Polşada rekord isti
Polşada rekord isti

İyunun 21-dən bəri Avropada yüksək istilər səbəbindən normadan artıq 1300-dən çox ölüm qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus məlumat verib.

ÜST rəhbərinin sözlərinə görə, hazırda Avropada təxminən 150 milyon insan ekstremal isti hava şəraitində yaşayır. O vurğulayıb ki, qitədə evlər, iş yerləri və məktəblər bu cür yüksək temperatur nəzərə alınmadan inşa edilib, halbuki anomal istilər artıq, demək olar ki, hər il təkrarlanır.

"Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir - burada temperatur qlobal ortalamadan iki dəfə daha sürətlə artır", – Qebreyesus bildirib. O, Avropa ölkələrini anomal istilər zamanı sağlamlığın qorunması üçün fəaliyyət planlarını aktiv tətbiq etməyə çağırıb.

Fransa Milli İctimai Səhiyyə Agentliyi isə əvvəlki açıqlamasında bildirib ki, təkcə bu ölkədə istilər səbəbindən 1000 izafi ölüm qeydə alınıb. Ölənlərin əksəriyyəti (85 faizi) 65 və daha yuxarı yaşda olan şəxslərdir. Qocalar evləri və ixtisaslaşdırılmış müəssisələrdən əlavə məlumatlar daxil olduqca, ölüm sayının daha da artacağı gözlənilir.

İyun ayında Avropanı bürüyən anomal isti dalğası əvvəlcə Qərbi Avropaya təsir göstərib, hazırda isə şərqə – Almaniya, Çexiya və Polşaya doğru irəliləyir. Belarusda artıq "qırmızı" təhlükə səviyyəsi elan olunub: bu gün ölkədə havanın temperaturunun şimal-şərqdə +29, cənub-qərbdə isə +39 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Azərbaycanda problemli kreditlər yenidən artır

Problemli kreditlər azalmır, artır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bu il iyunun 1-nə olan məlumata görə, ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 635.4 milyon manata çatıb. Mərkəzi Bankın hesabatına əsasən, bu göstərici mayın 1-i ilə müqayisədə 21.2 milyon manat artıb.

Apreldə isə problemli kreditlərin həcmində 5 milyon manatdan çox azalma qeydə alınmışdı.

Buna baxmayaraq, vaxtı keçmiş öhdəliklərin ümumi məbləği ilin əvvəlindən bəri 78 milyon manat, son bir ildə isə 127 milyon manat artıb.

Rəsmi qurumlar problemli kreditlərdəki bu artım tendensiyasını hələlik şərh etməyiblər. Müstəqil ekspertlər isə prosesi birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. O dövrdə problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqi dövlət tərəfindən ödənildi. Bu addımdan sonra problemli kreditlər azaldı.

2021-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlandı və bu, koronavirus pandemiyası ilə əlaqələndirildi.

2022-ci ildə isə problemli kreditlərin azaldığı vurğulanırdı.

Amma son bir ildə, əsasən, əks proses müşahidə edilir.

Aİ Rusiyaya sanksiyaları ilk dəfə 1 illiyə uzatdı - 21-ci paket gözlənilir

Azərbaycan Rusiyanın 'kölgə donanması'na kömək edib?
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların qüvvədə olma müddətini 31 iyul 2027-ci ilə qədər uzadıb. Şuradan verilən açıqlamada bildirilib ki, Moskva beynəlxalq hüququ pozmaqda davam etdiyi müddətcə bu məhdudiyyətlər qüvvədə qalacaq. Brüssel həmçinin ehtiyac yaranarsa, əlavə məhdudlaşdırıcı tədbirlər görməyə hazır olduğunu vurğulayıb.

Hazırkı sanksiyalar ticarət, maliyyə, energetika və ikili təyinatlı mallar sahələrini əhatə edir. Bura Rusiyadan dəniz yolu ilə neft və neft məhsullarının idxalına qadağa, Rusiya banklarına və kriptovaluta xidmətlərinə qarşı məhdudiyyətlər, eləcə də Rusiyanın bir sıra dövlət media qurumlarının Aİ-də yayımının dayandırılması daxildir.

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları ilk dəfə 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edib. 2022-ci ilin fevralında genişmiqyaslı müharibənin başlaması ilə bu məhdudiyyətlər daha da sərtləşdirilib. Bundan əlavə, ittifaq fiziki və hüquqi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq etməklə yanaşı, Krım və Ukraynanın işğal altındakı digər ərazilərinə qarşı iqtisadi məhdudiyyətləri də qüvvədə saxlayır.

Aİ liderləri həmçinin 21-ci sanksiya paketinin tezliklə razılaşdırılmasına çağırıb. Bu paketin Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri daha da azaltmağa, kölgə donanması ilə mübarizəni gücləndirməyə və Rusiya bank sisteminə təzyiqi artırmağa yönələcəyi gözlənilir.

Eyni zamanda, Ukraynaya dəstəyini bir daha təsdiqləyən Aİ Kiyevə hərbi, maliyyə və humanitar sahələr başda olmaqla, bütün istiqamətlərdə yardımı davam etdirməyə hazır olduğunu bildirib.

ABB kartlardakı texniki problemin həll olunduğunu bildirir

Bank kartları
Bank kartları

Azərbaycan Beynəlxalq Bankı (ABB) iyunun 24-də bir çox müştərinin kartından vəsait silinməsi ilə bağlı açıqlama yayıb. Məlumata görə, bəzi kart hesablarında yaranmış müvəqqəti texniki problem artıq tam aradan qaldırılıb.

"Yaranmış vəziyyət "Azərikard" Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti olaraq təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə həll edilib və bütün hesablar tam bərpa olunub", – bankın rəsmi açıqlamasında bildirilir.

24 iyun

Bank müştərilərinin kartından təkrar pul silindi – Səbəb açıqlanıb

İyunun 24-də "Azərikard" prosessinq mərkəzi ilə əməkdaşlıq edən yerli bankların bir sıra müştəriləri kart hesablarından vəsaitlərin təkrar silindiyindən şikayətləniblər. Şikayətlər əsasən maaş kartlarını əhatə edib.

AzadlıqRadiosuna adlarının açıqlanmasını istəməyən vətəndaşlar bildiriblər ki, kartlarından 30 manat və daha çox məbləğdə vəsait silinib.

Yerli medianın sorğusuna cavab olaraq "Azərikard" MMC-dən bildirilib ki, kart əməliyyatlarında yaranan texniki nasazlıq onlarla bağlı deyil.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən açıqlamada isə vurğulanır ki, təkrar vəsait silinməsi kibermüdaxilə və ya dələduzluqla bağlı deyil, sırf texniki xarakterli hadisədir: "Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Mərkəzi Bankının ödəniş sistemlərinin, ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin, kommersiya banklarının informasiya sistemlərinin və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə bağlı heç bir problem yoxdur. Sözügedən texniki nasazlıq artıq tamamilə aradan qaldırılıb."

Qurum bank müştərilərini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırır.

Yaxınları Salayevin yenidən cərimə kamerasına salındığını deyirlər

Zamin Salayev
Zamin Salayev

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin Salayevin (Əlzamin) cərimə kamerasına salındığı bildirilir.

Ailə üzvlərinin sözlərinə görə, onlar təxminən 10 gün ərzində Salayevlə əlaqə saxlaya bilməyiblər. Nəhayət, dünən, iyunun 24-də onun cərimə kamerasına (kars) yerləşdirildiyini öyrəniblər. Fəalın oğlu Oqtay Salayev hadisəyə belə reaksiya verib: "Atam orada da aclıq aksiyasına başlayıb. Onun səhhətindəki problemlər saymaqla bitməz. İnsanı həbsxanada belə yenidən həbs edirlər".

Hələlik sözügedən cəzaçəkmə müəssisəsindən və digər aidiyyəti qurumlardan məsələyə münasibət öyrənilə bilməyib.

Salayevin yaxınları bundan əvvəl də onun əsassız və sifarişlə cərimə kamerasına salınması ilə bağlı bəyanatlar yayıblar. O zaman da rəsmi qurumlardan şərh almaq mümkün olmayıb. Penitensiar Xidmətin rəsmiləri isə, bir qayda olaraq, məhbuslarla yalnız qanun çərçivəsində rəftar olunduğunu iddia edirlər.

Salayev 2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin il fevralın 7-də saxlanılıb və Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. AXCP fəalı ittihamı qəbul etmir.

Xatırlatma

AXCP-nin Salyan şöbəsinin sədri Zamin Salayev bundan əvvəl — 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovla mübahisəsinin videosunu paylaşmışdı. Həmin videoda AXCP üzvü polis əməkdaşını rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Video yayımlandıqdan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq onun həbsini tələb etmişdi.

Videoda adı çəkilən qadın isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il həbs cəzasına məhkum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün bu addımı atdığını bildirsə də, polis əməkdaşı onun dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da — Amnistiya Aktı ilə əlaqədar cəza müddətinin başa çatmasına bir neçə ay qalmış azadlığa buraxılmışdı.

Aİ ombudsmanı Zelenski ilə qapalı yazışmalara görə fon der Lyayeni araşdırır

Ursula fon der Lyayen və Volodimir Zelenski
Ursula fon der Lyayen və Volodimir Zelenski

Avropa İttifaqının (Aİ) ombudsmanı Tereza Anyinyu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı rəsmi araşdırmaya başlayıb. Araşdırmaya səbəb Komissiyanın Ukrayna prezidenti Volodimir Zelenski və digər Avropa liderlərinin daxil olduğu qapalı çatdakı yazışmalara çıxış icazəsi verməkdən imtina etməsidir. Bu barədə "Berliner Zeitung" məlumat yayıb.

Həmin qapalı qrupda Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corca Meloni və Böyük Britaniyanın baş naziri Kir Starmer də yer alıb.

Araşdırma yazışmaların məzmunu ilə deyil, Avropa Komissiyasının həmin mesajları açmaqdan imtina etməklə şəffaflıq qaydalarını mümkün şəkildə pozması ilə bağlıdır.

Çatın mövcudluğu bu ilin yanvarında məlum olub. Bundan sonra Niderlandın "Follow the Money" araşdırmaçı nəşri yazışmalara çıxış tələb etsə də, rədd cavabı alıb. Avropa Komissiyası materialların dərcinin Aİ-nin üçüncü ölkələrlə beynəlxalq münasibətlərinə zərər vura biləcəyini bildirib. KİV-in məlumatına görə, yazışmalarda digər məsələlərlə yanaşı, Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla qarşılıqlı fəaliyyəti də müzakirə olunub.

Araşdırmanın bir neçə ay davam edəcəyi gözlənilir. İyulun ortalarınadək Avropa Komissiyasının nümayəndələri işin detallarını müzakirə etmək üçün Avropa ombudsmanının ofisi ilə görüşməlidirlər.

İlham Əliyev Qalibafı qəbul etdi: 'Azərbaycan İranın yanında olub'

Məhəmməd Baqir Qalibaf və İlham Əliyev
Məhəmməd Baqir Qalibaf və İlham Əliyev

Prezident İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafı qəbul edib. Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün gəlib.

President.az saytının məlumatına görə, Əliyev müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İranın yanında olduğunu bildirib. Regionda sabitliyin əhəmiyyətinə toxunan Əliyev deyib: "Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın."

Xəbərə görə, Qalibaf İranın çətin günlərində prezident Əliyevin, Azərbaycan dövlətinin və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycanla İranın çətin anlarda da hər zaman bir-birinin yanında olduğunu vurğulayaraq bunu iki ölkənin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.

Xatırlatma

Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumdan sonra xeyli gərginləşmişdi. Həmin hücum nəticəsində bir nəfər həlak olmuşdu.

Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaransa və tərəflər birgə hərbi təlimlər keçirsə də, regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb.

Xüsusilə, 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident İ.Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirib. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım göndərib.

Azərbaycanda karantin oktyabradək uzadıldı

Quru sərhədlərin 'əsirləri'
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Baş nazir Əli Əsədov iyunun 24-də bununla bağlı növbəti qərar imzalayıb.

Sənədə əsasən, "koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə" rejim 2026-cı il oktyabrın 1-i saat 06:00-dək qüvvədə qalacaq. Ötən qərara görə, bu müddət iyulun 1-də başa çatmalı idi.

Azərbaycanda pandemiya ilə əlaqədar 2020-ci ilin martından bəri karantin rejimi qüvvədədir. Yoluxma dinamikasından asılı olaraq qaydalar zaman-zaman sərtləşdirilsə və ya yumşaldılsa da, rejimin müddəti dəfələrlə uzadılıb.

Bu məhdudiyyətlər çərçivəsində Azərbaycanın quru sərhədləri gediş-gəliş üçün hələ də qapalı qalır. Yalnız bu il martın 26-dan etibarən istisna hal kimi Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa edilib.

Bəzi müxalifət təmsilçiləri pandemiyanın bitməsinə baxmayaraq, quru sərhədlərinin açılmamasını hakimiyyətin siyasi və iqtisadi maraqları ilə əlaqələndirirlər. Hətta bu səbəbdən paytaxt Bakıda etiraz aksiyalarına cəhdlər də olub.

Hökumət rəsmiləri son çıxışlarında sərhəd məhdudiyyətlərini daha çox təhlükəsizlik amilləri ilə izah etsələr də, baş nazirin son qərarında bu addım sırf koronavirus təhlükəsi ilə əsaslandırılıb. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin mayında pandemiyanın başa çatdığını elan edib.

Xatırlatma

Dünyada ilk dəfə 2019-cu ilin sonunda aşkarlanan koronavirusu ÜST 2020-ci il martın 11-də pandemiya elan edib. Qlobal miqyasda bu infeksiya səbəbindən təxminən 7 milyon insanın dünyasını dəyişdiyi bildirilir. Rəsmi statistikaya görə, Azərbaycanda indiyədək 834 mindən çox yoluxma faktı qeydə alınıb, infeksiya qurbanlarının sayı isə 10 min 400 nəfər təşkil edir. Son illər ölkədə yoluxma halları kəskin azalıb.

Dövlət qulluqçularının sayı azalsa da, maaşları kəskin qaldırılıb

Məmurların yeni maaşları əslində nə anlama gəlir
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

İyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Qulluğu Günüdür. Azərbaycanda da bu gün dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Bu il ölkədə minimum əməkhaqqı və pensiyalar artırılmasa da (əmək pensiyalarının indeksləşdirilməsi istisna olmaqla), dövlət qulluqçularına fərqli münasibət göstərilib. Martda dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üzrə 1170 manat, yardımçı vəzifələr üzrə isə 760 manat müəyyənləşdirilib.

Bununla yanaşı, bəzi dövlət qurumlarının rəhbər heyətinin maaşları da artırılıb. Baş nazir, nazirlər, icra başçıları və onların müavinləri də bu sıraya daxildir. Mərkəzi Seçki Komissiyasının sədrinin maaşı 3 min 60 manatdan 12 min manata, üzvlərin maaşı isə 2 min 250 manatdan 9 min manata yüksəldilib.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, ölkədə dövlət qulluqçularının sayı 27.3 min nəfər təşkil edir ki, onların da 31.4 faizi qadınlardır.

Dövlət qulluqçularının təxminən 30 faizi 15 və daha çox ildir ki, bu sahədə çalışır. Staj müddətinə görə bölgü isə belədir: 6.6 faizi 1 ilədək, 23.6 faizi 1 ildən 5 ilədək, 23.6 faizi 5 ildən 10 ilədək, 18.8 faizi 10 ildən 15 ilədək, 27.4 faizi isə 15 il və daha çox iş stajına malikdir.

Dövlət qulluqçularının ümumi sayı ötən illə müqayisədə 100 nəfər azalıb. Bu ilin martındakı əhəmiyyətli maaş artımı nəzərə alınmasa, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4.5 faiz artaraq 2059 manat olub.

Ermənistanın interneti Azərbaycandan keçəcək

İnternet server
İnternet server

Ermənistanın beynəlxalq internet trafiki Azərbaycan üzərindən tranzit olunacaq. "AzerTelecom" MMC bu gün, iyunun 22-də, "Telecom Armenia" şirkəti ilə bu barədə müqavilə imzaladığını açıqlayıb. Bildirilir ki, bununla da Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək.

Şirkətdən verilən məlumata görə, bu cür razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılmasına və bu sahədə əməkdaşlığın inkişafına xidmət edir.

2008-ci ildə yaradılmış "AzerTelecom" MMC Azərbaycanı beynəlxalq internet şəbəkəsinə birləşdirən magistral internet operatorudur.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalara səbəb olmuş, 1990-cı illərin əvvəllərində isə Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildəki birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib.

Keçən il avqustun 8-də 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Paraflanmış mətndə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, həmçinin qarşılıqlı iddialardan imtina olunacağı vurğulanır.

Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.

6 rayonda dəniz çirkli çıxdı, çimərliklərə qadağa qoyuldu

Çimərlik mövsümü açılır: Çirkab suların dənizə axıdıldığı ərazilər var
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Azərbaycanın bir çox çimərliyində dəniz suyu çirkləndiyi üçün çimmək qadağan edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Xaçmaz rayonunun Niyazoba qəsəbələrində, həmçinin Lənkəranın Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi və Kiçik Bazar yaşayış massivində dəniz suyunun keyfiyyət göstəriciləri normativ tələblərə cavab vermir. Bunun səbəbi həmin ərazilərdə çimərliklərin tullantı və çirkab suları ilə çirklənməsidir.

Qurumun açıqlamasında bildirilir ki, sözügedən zonalarda fəaliyyət göstərən həm qanuni, həm də qeyri-qanuni çimərliklərdə dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edilib.

Səhiyyə Nazirliyi bundan əvvəlki illərdə də ölkədəki bir çox çimərliklə bağlı oxşar qərarlar qəbul edib. Son monitorinqlər isə onların çoxunda vəziyyətin dəyişmədiyini göstərir.

Vətəndaşlar çimərliklərdəki sanitar vəziyyətlə yanaşı, qiymətlərlə bağlı da tez-tez şikayətlənirlər.

Məsələyə cavabdeh rəsmi qurumlardan əlavə şərh almaq mümkün olmayıb.

Azərbaycanda ənənəvi çimərlik mövsümü iyunun 15-də rəsmi olaraq açıq elan edilib.

Dübəndidə Xəzər dənizinə neft axıb: 'Səbəb gəmi lövbəri ola bilər'

Neft qalıqlarının yığılması
Neft qalıqlarının yığılması

Sosial şəbəkələrdə Bakıdan 40 kilometr aralıda yerləşən Dübəndi qəsəbəsi sahilində Xəzər dənizinin geniş ərazisində qara maye ilə çirklənməni əks etdirən görüntülər yayılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib. Nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin "Azneft" İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.

SOCAR-dan verilən açıqlamada bildirilir: "Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmərlə neftin nəqli dayandırılıb. "Azneft" İB-nin dalğıc xidmətinin araşdırmaları nəticəsində sualtı neft kəmərində mexaniki zədələnmələr aşkarlanıb. İlkin qiymətləndirməyə əsasən, bu xəsarətlər xarici predmetlə — ehtimal ki, gəmi lövbəri ilə təmas nəticəsində yaranıb. Zədələnmə aşkar edildikdən sonra təmir-bərpa işlərinə başlanılıb".


Xatırlatma

Bu hadisə Xəzər dənizinin ekoloji durumu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Son illər ekoloqlar davamlı olaraq dənizin çirklənməsinə diqqət çəkirlər. Ekspertlərin fikrincə, Xəzərin ekoloji böhranı əsasən qurudan daxil olan çirkab suları, sənaye tullantıları və neft hasilatı ilə bağlı qlobal problemdir.

Ekoloqlar sahilyanı ölkələrin çirklənmə ilə mübarizəsini yetərsiz sayır.

Xəzər dənizi beş ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran ilə əhatə olunub.

Qara dənizdə mülki gəmilərə hücum olub, ölən və yaralananlar var

Qara dənizdə yük gəmisinə hücum
Qara dənizdə yük gəmisinə hücum

Rusiya qüvvələri Qara dənizdə Panama, həmçinin Sent-Kits və Nevis bayraqları altında üzən mülki gəmilərə hücum edib. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Onun sözlərinə görə, gəmilərdən birinə hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha iki nəfər yaralanıb. Digər gəmidə isə üç ekipaj üzvü xəsarət alıb.

"Hazırda gəmilər hərəkətlərini bərpa ediblər. Liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla fəaliyyətini davam etdirir", – Kiper "Telegram" kanalında yazıb.

Ukraynanın Sumı, Xarkov və Dnepropetrovsk vilayətləri də hücumlara məruz qalıb.

Sumı vilayətində iki nəfər həlak olub. Sumı icmasında idarəolunan aviasiya bombasının zərbəsindən 64 yaşlı kişi ölüb. Dubovyazovka icmasına raket hücumu zamanı bir qadın həlak olub, 63 yaşlı başqa bir qadın yaralanıb. Polisin məlumatına görə, Bilopolye icmasında 19 yaşlı qız xəsarət alıb.

Rusiya hərbçiləri Xarkov şəhərinə və vilayətə də zərbələr endirib. Son məlumata görə, dördü uşaq olmaqla 10 nəfər yaralanıb. Hücum idarəolunan aviasiya bombaları ilə həyata keçirilib. Hadisə nəticəsində 40 fərdi yaşayış evinə və bir anbara ziyan dəyib.

Pavloqradda iki fərdi yaşayış evində yanğın baş verib, 8 yaşlı qız həlak olub, 49 yaşlı qadın isə xəstəxanaya yerləşdirilib. Bunu Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qanja bildirib.

Xersonda dronun marşrut avtobusuna hücumu nəticəsində dörd nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkəyə 90 pilotsuz uçuş aparatı ilə hücum edib. Onlardan 79-u zərərsizləşdirilib.

Davamı

XS
SM
MD
LG