Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

Dünya xəbərləri

İran danışıqlarda proqres olduğunu deyir

İran Xarici işlər nazirinin müavini Abbas Araqçi Vyana danışıqlarında, arxiv fotosu
İran Xarici işlər nazirinin müavini Abbas Araqçi Vyana danışıqlarında, arxiv fotosu

İran dünya gücləri ilə nüvə sazişi danışıqlarında əhəmiyyətli proqres olduğunu, amma vacib məsələlərin həllini tapmadığını bildirir.

Apreldən Vyanada İranla altı ölkə nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar aparırlar. 2015-ci il sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirməyi nəzərdə tuturdu. ABŞ 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa elədi. Sonradan Tehran da öhdəliklərinin icrasını tədricən azaltmağa başladı.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mayın 31-də Tehranda həftəlik mətbuat konfransında deyib ki, ciddi proqres əldə olunmasına baxmayaraq, əsas məsələlər qalır.

“Vyana danışıqlarında pat vəziyyəti yaranmayıb”, – o, sözlərinə əlavə edib.

Yanvarda vəzifə başına keçmiş ABŞ Prezidenti Co Bayden ölkəsinin nüvə sazişinə qayıdacağını, ancaq bundan ötrü Tehranın uran zənginləşdirməyə limitə əməl etməli olduğunu vurğulayıb.

İran isə ilk növbədə sanksiyaların ləğvini tələb edir.

Çində ‘tək övlad’ siyasəti sona çatır

Çində uşaqlar
Çində uşaqlar

Çində cütlüklərə üç uşaq sahibi olmağa icazə veriləcək. Son siyahıyaalma əhalinin sürətlə qocaldığını göstərib.

Mayın 31-də hakim partiyanın siyasi bürosunun iclasında bu dəyişiklik elan olunub, amma nə vaxtdan qüvvəyə minəcəyi açıqlanmayıb. İclasa Prezident Si Cinpinq sədrlik edib.

Çindən 40 ilə yaxındır “tək övlad” siyasəti tətbiq olunur. 2016-cı ildə işçi qüvvəsinin yaşlanması, iqtisadi durğunluqla bağlı narahatlıqdan dolayı qadağa qaldırılıb.

Ancaq dövlətin doğum səviyyəsini qaldırmaq cəhdlərinə baxmayaraq, 2020-ci ildə Çində illik doğum rekord aşağı həddə – 12 milyona düşüb.

Hazırda ölkədə doğum səviyyəsi 1.3-dür və bu, əhali sayını sabit saxlanan üçün gərəkən həddən aşağıdır.

Türkmənistanda məmurlara başlarını qırxdırıb, milli papaq qoymaq göstərişi verilibmiş

Qurbanqulu Berdimuhammedov, Aşqabad, 29 aprel 2021
Qurbanqulu Berdimuhammedov, Aşqabad, 29 aprel 2021

Prezident Qurbanqulu Berdimuhammedov atasının vəfatı ilə bağlı Türkmənistanda məmurlar yas saxlama əlaməti olaraq 40 gün ərzində başlarını qırxdırmalı və milli papaq qoymalı olublar.

AzadlıqRadiosunun türkmən xidmətinin məlumatına görə, prezidentin atasının ölümündən sonra bu barədə yuxarıdan göstəriş verilibmiş.

Həmin göstərişdə bu halın prezidentin atasının 40 mərasiminə qədər davam etdirilməli olduğu vurğulanıb. Türkmənistan prezidentinin atası bu il aprelin 18-də 88 yaşında vəfat edib. Onun 40 mərasimi mayın 28-də keçirilib. Məlumata görə, bu göstərişə məmurlarla yanaşı xüsusi şirkətlərin rəhbərləri də əməl etməli olublar.

Atasının ölümündən sonra Türkmənistan prezidenti bir həftə nə ictimayyətə görünüb, nə də dövlət televiziyasına çıxıb.

Amma atasının ölümündən sonra Türkmənistanda milli at yarışları və alabay günü ilə bağlı təntənəli tədbirlər keçirilib. Məlumata görə, bayram tədbirləri prezidentin oğlu, vitse-prezident Sərdar Berdimuhammedovun rəhbərliyi altında keçirilib və hədiyyələri də o qəbul edib.

Babasının ölümündən sonra Sərdar Berdimuhammedov özü və hökumətin digər üzvləri ictimayyət arasında Türkmən milli papağında görünüblər.

AzadlıqRadiosunun məlimatına görə, bu dövr ərzində büdcə təşkilatlarında, əsasən də məktəblərdə çalışan qadın müəllimlər yas saxlama əlaməti olaraq başlarına qara lent düyünlənmiş şal bağlayıblar.

O da xəbər verilir ki, bir həftəlik yas mərasimindən sonra üzə çıxan prezident hər yerə qara rəngli maşınla gedir. Halbuki o bu vaxta qədər bütün ölkə böyu qara rəngli maşın sürülməsini qadağan edib.

Türkmənistan adətlərinə görə, qara rəng kədər rəmzi hesab olunur.

Məlumatlara görə, hətta Lebap vilayətində məmurlara və məktəb direktorlarına xəbərdarlıq edilibmiş ki, kiminsə bu qaydalara əməl etməməsi təhlükəsizlik orqanlarının gözünə sataşarsa həmin şəxslər dərhal işdən azad ediləcək.

Rusiyanın Çexiyadakı səfirliyinin 54 əməkdaşı ölkədən çıxarılıb

Praqadakı Rusiya səfirliyi
Praqadakı Rusiya səfirliyi

Moskva diplomatlarının bir hissəsini Çexiyadan çıxarıb. "Flighradar"a istinadla xəbər verilir ki, Rusiyaya məxsus təyyarə Moskva vaxtı ilə 15:35-də Praqadan qalxıb.

Novinky.cz saytının xəbərinə görə, bundan 3 saat əvvəl isə təyyarə Praqanın Ruzine hava limanına enibmiş.

TASS-ın məlumatına görə, şənbə günü Rusiya səfirliyində çalışan 54 diplomat və onların ailə üzvləri Praqanı tərk edib. Xəbər agentliyinə görə, belə bir qərar hələ bu ilin aprelində Çexiya höküməti tərəfindən qəbul edilib.

Bu iki ölkə arasındakı diplomatik əlaqələr dövründə ilk ən kütləvi ölkədən çıxarılma halı hesab edilir.

Diplomatik qarşıdurma Rusiya kəşfiyyat zabitlərinin 2014-cü ilin oktyabrında Çexiyanın şərqindəki hərbi anbarlarda partlayışlar təşkil etməkdə günahlandırılmasından sonra başlayıb.

Bundan sonra Praqa diplomatik örtük altında kəşfiyyat xidmətləri göstərdiyini əsas gətirərək 18 Rusiya diplomatını ölkədən çıxarıb. Moskva buna 20 çex diplomatının ölkədən çıxarılması ilə cavab verib.

Çexiyanın Moskvadakı səfiri aprelin 22-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ölkələr diplomatik nümayəndəliklərin işçi sayına görə ciddi bir bərabərliyə sahib olamaqla razılaşıblar. Bu razılaşmaya görə, bundan sonra hər iki ölkədə 7 diplomat və 25 texniki işçi çalışacaq.

Çexiya may ayının sonuna qədər Rusiya səfirliyində çalışan 79 nəfəri öz ölkəsinə göndərməlidir.

Bəşər Əsədin 95 faizlə prezident seçildiyi bildirilir

Bəşər Əsəd səs verir
Bəşər Əsəd səs verir

Suriya diktatoru Bəşər Əsədin 95 faiz səslə dördüncü dəfə, yeddi il müddətinə prezident seçildiyi bildirilir. Nəticələr mayın 27-də açıqlanıb.

Bu, 10 ildir müharibə gedən ölkədə ikinci prezident seçkisidir. Müxalifət və qərb ölkələri nəticələri “saxta” adlandırıblar.

Seçkiyə iki az tanınan siyasətçi də qatılmışdı. Artıq 50 ildir Suriyanı Əsəd ailəsi idarə edir.

Hökumət 26 may seçkisi üçün ölkə ərazisində 12 mindən çox səsvermə məntəqəsinin quraşdırıldığını bildirir.

Ölkənin şimal-şərqi ABŞ-ın dəstəklədiyi kürd döyüşçüləri, şimal-qərbi İdlib vilayəti isə üsyançıların əlindədir. Bu ərazilərdə səsvermə keçirilməyib.

Xaricdə yaşayan suriyalılar səfirliklərdə səs veriblər, amma bundan ötrü ölkədən çıxış möhürü olan, etibarlı pasport təqdim ediblər. Bu tələb ölkədən qaçqın düşmüş milyonlarla suriyalının səsvermədən kənar qalması deməkdir.

Əsədə qarşı çıxan, Türkiyə və Almaniya daxil bəzi ölkələr səsverməyə şərait yaratmayıblar. Bu ölkələrdə böyük suriyalı qaçqın icmaları yaşayır.

Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb, Əsədə qarşı etirazlar ordu tərəfindən zorakılıqla yatırdılandan sonra silahlı qiyam başlanıb. Müharibədə yarım milyonadək insan ölüb, ölkə əhalisinin yarısı məcburi köçkünə çevrilib. Onların 5 milyonundan çoxu ölkə xaricində yaşayır.

Paşinyanla Zərif görüşüblər

Məhəmməd Cavad Zərif (solda) və Nikol Paşinyan
Məhəmməd Cavad Zərif (solda) və Nikol Paşinyan

Mayın 26-da Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bu ölkədə səfərdə olan İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş olub.

Paşinyan İranla münasibətlərin və iki ölkənin qonşuluğunun strateji məna daşıdığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin iqtisadi əlaqələri uzun illər ərzində formalaşıb, özəlliklə Sünik vilayətində birgə proqramlara böyük maraq olub. “İranla iqtisadi əlaqələri dərinləşdirməkdən ötrü Mehridə azad iqtisadi zona yaratdıq”, – Paşinyan deyib.

Zərif isə ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda da Sünikdə aktivliyi saxlaya biləcəklər. “Mehridə azad iqtisadi zona, eləcə də İran-Naxçıvan-Ermənistan dəmiryolu hər iki ölkə üçün çox effektli ola bilər. Yaxşı razılaşma əldə olunub”, – o deyib.

Zərif mayın 25-də Azərbaycanda səfərdə olub.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Hazırda Azərbaycanla Ermənistan arasında həm sərhədlərin demarkasiyası, həm də kommunikasiya xətlərinin qurulması üzrə danışıqların getdiyi bildirilir.

update

Blinken Qəzzəyə beynəlxalq dəstəkdən danışıb

Entoni Blinken (sağda)
Entoni Blinken (sağda)

ABŞ-ın Dövlət katibi Entoni Blinken deyir ki, Qəzzəyə kömək üçün beynəlxalq dəstəyi təşviq edəcək.

Blinken mayın 25-də İsrailin Baş naziri Bencamin Netanyahu ilə görüşdən sonra jurnalistlərə deyib ki, Vaşinqton Qəzzədə “ağır humanitar vəziyyət”in həlli yönündə çalışacaq. Ancaq əmin edib ki, Həmas liderlərinin yenidənqurmaya yardımdan faydalanmaması təmin olunacaq.

“Tərəfdaşlarımızın hamısı ilə yaxından işləyəcəyik ki, Həmas yenidənqurmaya yardımdan faydalanmasın”, – Blinken vurğulayıb.

***

ABŞ-ın Dövlət katibi Entoni Blinken Təl Əvivə gedib. Bu səfər Qəzzədə İsraillə Fələstin silahlıları arasında 11 günlük qarşılıqlı hava hücumlarının atəşkəslə dayandırılmasından sonraya təsadüf edir.

Blinken deyib ki, səfərinin məqsədi İsrailin Həmas silahlıları ilə atəşkəsini “möhkəmləndirmək cəhdləri”ni dəstəkləməkdir. Onun İsrailin Baş naziri Bencamin Netanyahu ilə danışıqları gözlənir.

Blinken Rəmallahda Fələstin torpaqlarının lideri Mahmud Abbasla da danışıqlar aparacaq. Daha sonra dövlət katibinin Misir və İordaniyaya səfər edəcəyi gözlənir.

Mayın 27-dək regionda qalacaq Blinken Həmasla görüşməyəcək. Həmas Qərbdə terrorçu qrup hesab olunur.

İsrail hakimiyyəti artıq Qəzzəyə özəl sektor üçün nəzərdə tutulmuş yanacaq, dərman və ərzaq daşınmasına icazə verdiyini bildirib.

Mayın 10-dan başlanmış raket hücumlarında əsasən fələstinlilər olmaqla 250-dən çox insan öldürülüb. Bu sahil zonasında irimiqyaslı dağıntılar törədilib.

Blinken səfər zamanı Birləşmiş Ştatların “İsrailin təhlükəsizliyinə dəyişməz sədaqətini” bir daha vurğulayacaq. Bunu Prezident Co Bayden səfərdən öncə deyib.

Rusiyalı kibercinayətkar ABŞ-da 30 ay həbsə məhkum edildi

İllüstrativ foto
İllüstrativ foto

Mayın 24-də ABŞ-da məhkəmə rusiyalı vətəndaşı 30 ay həbsə məhkum edib. Kiril Viktoroviç Firsov oğurlanmış kredit kartı və şəxsi informasiyanı kibercinayətkara ötürülməsində roluna görə təqsirli bilinib.

Firsov ötən ilin martında Nyu York şəhərindəki JFK aeroportuna çatan kimi saxlanıb. Onun hazırda aktiv olmayan, Rusiyada yerləşən deer.io onlayn platformasını işlətdiyi bildirilir. Həmin platforma vasitəsilə kibercinayətkarlar oğurlanmış hesabların alqı-satqısı ilə məşğul olublar.

İttihamnaməyə görə, yeddi il ərzində platformada satışın həcmi 17 milyon dolları keçib. Bunun azı 1.2 milyon dolları ABŞ-da oğurlanmış informasiya əhatələyib.

Hakim Firsovun artıq 15 aydır Birləşmiş Ştatlarda saxlandığını təsdiqləyib. O, həbs müddəti bitəndən sonra, Rusiyaya deportasiya prosesi zamanı da həbsdə saxlanacaq.

İtaliyada kanat xətti qırılıb, 14 nəfər ölüb

Hadisə yeri
Hadisə yeri

İtaliyanın şimalındakı Pyemont vilayətində dağ kanat xətti qırılıb. 14 nəfər həlak olub, bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Stresa kurort şəhərindən 1500 yüksəklikdə yerləşən Mottarone dağına çəkilmiş kanat yolundan mənzərəli göllər, Alp dağlarının ətəyi görünür.

İnfrastruktur Nazirliyi qəzanın kanat marşrutunun pik həddində baş verdiyini bildirir. Kabinədə 15 nəfər olub, zirvəyə çatmağa cəmi 100 metr qalıbmış.

Qəza qurbanları arasında xarici vətəndaşlar da var.

İsrailin Xarici İşlər Nazirliyi qəzada ölkə vətəndaşlarının həlak olduğunu açıqlayıb.

Kanat yolu koronavirus pandemiyası qadağalarından sonra təzəlikcə açılıbmış.

Hadisə yerində 13 nəfər ölüb. Vertolyotla xəstəxanaya çatdırılan iki uşaqdan biri orada dünyasını dəyişib. 5 yaşlı digər uşaq beyin travması alıb, qıçları sınıb.

İtaliya hökuməti qəzanın araşdırılması üzrə komissiya yaradıb.

Capitolidə ölüm kadrını çəkən şəxs 90 min dollar cərimələnib

APresident Donald Tramp tərəfdarlarının Capitoliyə daxil olması anı, Vashinqton
APresident Donald Tramp tərəfdarlarının Capitoliyə daxil olması anı, Vashinqton

ABŞ Ədliyyə Nazirliyi Capitoliyə basqın zamanı Donald Tramp tərəfdarlarından birinin ölümünü göstərən videonu jurnalistlərə satan Con Earl Sullivandan təxminən 90 min dollar müsadirə edib. Bu barədə Reuters məlumat yayıb.

New York Times qəzetinin yazdığına görə, qapıdakı qırılan şüşə yerindən Kapitoliyə girməyə cəhd edən Aşley Babbitti Kapitolini mühafizə edən polis əməkdaşı vurub. Xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Prokurorlar özünü "siyasi fəal" kimi tanıdan Sullivana qarşı əlavə cinayət ittihamları qaldırıb. Amerikanın Səsi xəbər verir ki, prokurorluq ona özünün qanunsuz olaraq Kapitoli binasına girərək iğtişaşlarda iştirak etdiyinə diqqət çəkib.

Kapitoliyə hücumla bağlı ümumilikdə 440 iştirakçıya qarşı ittiham irəli sürülüb.

Tramp tərəfdarları 2021-ci il yanvarın 6-da Konqres binasına hücum ediblər. Həmin vaxt Ağ Evdən bir qədər aralıda tərəfdarları qarşısında çıxış edən Donald Tramp növbəti dəfə seçkilərin saxtalaşdırıldığını bəyan edib. Onun bu çıxışından sonra aksiya iştirakçıları Kapitoliyə hücüm edib. Kütlə pəncərələri sındırıb, polis əleyhinə çıxışlar ediblər. Həmin vaxt hər iki palatanın birgə iclasında olan və Co Bayden-in qələbəsini təsdiqləməyə hazırlaşan qanunvericilər təcili olaraq evakuasiya olunublar.

Sullivan polislə binaya daxil olanlar arasında qarşıdurmanı videoya çəkib və bu zaman Aşley Babbitt vurularaq öldürülüb. Məhkəmə qeydlərinə görə, bir şahidlə söhbətində Sullivan kadrların "milyonlarla dollar" ola biləcəyi ilə öyünüb.

Prokurorların sözlərinə görə, Sullivan görüntüləri ümumilikdə 90 min dollara bir neçə xəbər agentliyinə satıb. Amma ondan videoları alan qurumların adları sənədlərdə göstərilməyib.

'Avroviziya -2021' mahnı müsabiqəsinin qalibi İtaliya olub

"Eurovision-2021" - result - may 22, 2021
"Eurovision-2021" - result - may 22, 2021

Azərbaycan müsabiqədə 20-ci yerdə qərarlaşıb

Niderlandın Rotterdam şəhərində “Avroviziya-2021” mahnı müsabiqəsi başa çatıb. Mayın 22-də başlayan final mərhələsinin qalibi İtaliya olub. İtaliyanın “Maneskin” qrupunun "Zitti e buoni" mahnısı 524 xal toplayıb. Mahnı yarışmasının ikinci yeri Fransa, üçüncü yeri isə İsveçrə qazanıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi “Mata Hari” mahnısını ifa edib. O, müsabiqəni 20-ci sırada başa vurub.

Samirə Əfəndi, 16 may 2021
Samirə Əfəndi, 16 may 2021

Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılsa da, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.

Sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi 2020-ci ildə pandemiya səbəbi ilə təxirə salınıb.

2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olub.

Xatırlatma

Azərbaycan isə yalnız bir dəfə, Avroviziya 2011-də qalib olub. Onda Eldar Qasimov və Nigar Camal ifa etdiklər "Running Scared" adlı mahnı ilə 221 xal toplayaraq qalib gəlmişdirlər. 2012-ci ildə bu yarışlara Azərbaycan ev sahibliyi etmişdi.

ABŞ-dan ‘Şimal axını-2’ layihəsinə yeni sanksiya

Qaz kəmərini döşəyən Rusiya gəmisi, arxiv foto
Qaz kəmərini döşəyən Rusiya gəmisi, arxiv foto

ABŞ Maliyyə Nazirliyi "Şimal axını 2" qaz kəmərinin inşasında iştirak edən Rusiya şirkətlərinə və 13 gəmiyə qarşı sanksiya tətbiq edib.

ABŞ Dövlət Departamenti əvvəllər "Şimal axını -2" qaz kəmərinin operatoru və şirkətin rəhbəri Matthias Varnig-ə qarşı sanksiyalar tətbiq edib. Lakin bu sanksiyalar dərhal da dayandırılıb. Rəsmi açıqlamaya görə, belə bir addım “ABŞ-ın milli maraqları naminə” atılıb.

Pakistanda avtobus aşıb, 14 sərnişin ölüb

Arxiv fotosu
Arxiv fotosu

Mayın 20-də Pakistanın cənubunda sərnişin avtobusu aşıb, 14 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Avtobus ölkənin cənubundakı Karaçi şəhərindən şimal-qərbdəki Peşavara gedirmiş, Sukkur şəhərində qəzaya uğrayıb.

Polis hazırda şəhərdəki xəstəxanalarda 35-dən çox yaralının müalicə olunduğunu bildirib.

Qəzanın ilkin səbəbi kimi sürücünün diqqətsizliyi göstərilir. Sürücü də xəsarət alanlar sırasındadır.

Pakistanda yol infrastrukturu, yaxşı vəziyyətdə olmayan avtomobillər və yol hərəkəti qaydalarının pozulması tez-tez ölümcül qəzalara səbəb olur.

Dünyada 55 milyon məcburi köçkün var

Qəzzədə son hadisələrdən dolayı evindən didərgin düşmüş fələstinli ailələrin yaşadığı məktəb
Qəzzədə son hadisələrdən dolayı evindən didərgin düşmüş fələstinli ailələrin yaşadığı məktəb

Ötən il münaqişələr və təbii fəlakətlər səbəbindən evindən didərgin düşənlərin sayı rekord həddə çatıb. Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi (MKMM) və Norveç Qaçqınlar Şurası birgə hesabat açıqlayıb.

COVID-19 pandemiyasından dolayı tətbiq olunmuş kəskin hərəkət məhdudiyyətlərinə baxmayaraq ötən il dünyada hər saniyədə bir nəfər ölkəsindən qaçmalı olub.

Tufanlar, münaqişələr, zorakılıqların qızışması ötən il 40.5 milyon nəfəri öz ölkəsi daxilində məcburi köçkünə çevrilib. Bu, son 10 ildə ən böyük rəqəmdir.

Dünyada məcburi köçkünlük yaşayanların ümumi sayı isə ötən il 55 milyona çatıb. Bu, ölkə sərhədlərini keçmiş 26 milyon qaçqından iki dəfə çoxdur.

“Ötən il hər iki rəqəm qeyri-adi dərəcədə yüksək olub”, – MKMM direktoru Aleksandra Bilak deyib.

Hesabatda deyilir ki, ötən il daxili köçkünlərin 75 faizi təbii fəlakət, özəlliklə aşırı hava şəraitilə bağlı fəlakət qurbanları olub. Yeni məcburi köçkünlərin 10 milyona yaxını isə münaqişələrdən, zorakılıqdan qaçıb.

Suriya və Əfqanıstanda münaqişələrin davam etməsi məcburi köçkünlərin sayını artırmaqdadır.

Paşinyan sərhəddəki vəziyyətlə bağlı Qazaxıstan prezidentinə zəng edib

Qazaxıstanın Prezidenti Kassım-Jomart Tokayev, arxiv foto
Qazaxıstanın Prezidenti Kassım-Jomart Tokayev, arxiv foto

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan Respublikasının Prezidenti Kassım-Jomart Tokayevlə telefon danışığı keçirdi.

Ermənistan hökuməti başçısının mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Məlumatda deyilir ki, Nikol Paşinyan məsələni həll etmək üçün KTMT tərəfdaşlarının mövqelərinin müqayisə edilməsinin vacibliyini vurğulayıb.

Mayın 12-də Yerevan Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyini iddia edib.

Ancaq Azərbaycan tərəfi bunu sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur:

"Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir".

Ermənistan müdafiə nazirliyi deyir Azərbaycan tərəfinə dəstəyin qarşısı alınıb

Azərbaycan əsgərləri Sunik kəndi yaxınlığında, 10 fevral 2021
Azərbaycan əsgərləri Sunik kəndi yaxınlığında, 10 fevral 2021

Ermənistan Müdafiə Nazirliyi sərhəddə vəziyyətin sabit olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin heç bir möhkəmləndirmə işi aparmadığını və vəziyyəti ağırlaşdırmadığını bildirir.

Azadlıqradiosunun erməni xidmətinin verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin bazar günü açıqlanasında belə deyilir.

Amma məlumatda həm də vurğulanır ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri bazar günü gecə Azərbaycan tərəfinin maddi-texniki dəstək üzrə işlərin qarşısını alıb.

Nazirliyin açıqlamasında qeyd edilir ki, mayın 16-da Ermənistanın Syunik və Qeqharkunik bölgələrindəki bəzi sərhəd bölgələrində vəziyyət dəyişməyib.

Məlumatda vurğulanır ki, "Azərbaycan hərbçilərinin irəliləməyə çalışdığı istiqamətlərdəki bütün yollar Ermənistan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır - qarşı tərəf əlavə silah-sursat daşımaq imkanından məhrumdur".

Mayın 12-də Yerevan Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyi iddia edib.

Ancaq Azərbaycan tərəfi bunu sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur:

"Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir".

Daha bir media orqanı xarici agent elan olundu

VTimes-ın loqosu
VTimes-ın loqosu

Rusiya VTimes media orqanını “xarici agent” elan edib. Bu, sözügedən nəşrin hökumətin güclü nəzarətinə məruz qalacağı deməkdir.

Xarici İşlər Nazirliyinin mayın 14-də yaydığı “xarici agentlər” siyahısında VTimes da yer alıb.

Rusiya aprelin 23-də populyar müstəqil xəbər saytı olan Meduza-nı həmin siyahıya salıb.

Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, sonradan ona dəfələrlə dəyişiklik edilib. Qanun xaricdən maliyyələşən və hökumətin mövqeyincə, siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından tələb edir ki, qeydiyyatdan keçsinlər, özlərini “xarici agent” kimi təqdim etsinlər və fəaliyyətləri haqda məlumat versinlər. Qanun sonradan modifikasiya olunaraq AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidməti, daha altı rusdilli xidmətini hədəfə aldı.

2020-ci ilin sonunda qanunvericiliyə edilən dəyişiklik Rusiya hökumətinə fərdləri, xarici jurnalistləri də siyahı salmaq, onlara qadağa tətbiq etmək imkanı verir.

Fəallar “xarici agent” qanunvericiliyini “məhdudlaşdırıcı” hesab edir, məqsədin “müstəqil qrupları qaralamaq” olduğunu deyir.

Taliban Kabil yaxınlığında rayonu tutur

Arxiv fotosu
Arxiv fotosu

Əfqanıstan rəsmiləri Taliban qruplaşmasının paytaxt Kabilin 40 kilometrliyində strateji rayonu ələ keçirdiyini bildirir. Bu, Ramazan bayramında üçgünlük atəşkəs öncəsi baş verir.

Nerx rayonundan təhlükəsizik və müdafiə qüvvələrinin taktiki gediş olaraq çəkildiyi bildirilir. Bu arada ABŞ və beynəlxalq qüvvələr də Əfqanıstanı tərk etməkdədir.

Talibanın sözçüsü isə ərazinin bir gün öncə tutulduğunu bəyan edib.

Ölkənin mərkəzi və cənub rayonlarına bir sıra strateji magistral yollar Nerx rayonundan keçir.

Taliban ötən həftə şimali Bağlan vilayətində bir rayona nəzarəti ələ keçirib.

Talibanla Əfqanıstan hökuməti Ramazanda üç günlük atəşkəs elan ediblər. Bayram isə ayın görünməsindən asılı olaraq 12-də və ya 13-də başlanır.

ABŞ qüvvələrini sentyabrın 11-dək Əfqanıstandan çıxarmağı vəd edib. ABŞ ordusunun Mərkəzi Komandanlığının mayın 11-də açıqladığı məlumata görə, qüvvələrin və avadanlığın çıxarılması prosesinin 12 faizi tamamlanıb.

Helmand vilayətindəki bazanın isə Əfqanıstan qüvvələrinə təhvil verildiyi bildirilir.

İranda namizədlərin qeydiyyatı başlanır

Daxili İşlər Nazirliyində qeydiyyat prosesi gedir
Daxili İşlər Nazirliyində qeydiyyat prosesi gedir

Mayın 11-də başlanmış qeydiyyat prosesi beş gün çəkəcək

İranda gələn ay keçiriləcək prezident seçkisinə potensial namizədlərin qeydiyyatı başlanıb. Bu arada ölkənin Qərblə münasibətlərində gərginlik qalır, Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar gedir.

Mayın 11-də başlanmış qeydiyyat prosesi beş gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq. Sərt-xətt tərəfdarı olan konstitusiyanı Mühafizə Şurası əvvəlki seçkilərdə bir çox mötədil potensial namizədləri seçkiyə buraxmayıb.

Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçki iyunun 18-nə planlaşdırılır.

Nisbətən mötədil sayılan Prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan təkrar namizədliyini verə bilməz. Məhz onun hökuməti Qərblə nüvə sazişini dirçəltmək üzrə danışıqlara qatılır.

Ölkədə istehlak qiymətləri, işsizlik atır, koronavirus pandemiyası və ABŞ-ın iqtisadi sanksiyaları da iqtisadiyyata təsirini göstərib. Vaşinqton 2018-ci ildə nüvə sazişindən çıxandan sonra Tehrana sanksiyaları bərpa edib.

Bir il sonra İran da nüvə sazişi öhdəliklərindən tədricən çəkilməyə başladı.

Vyanada nüvə danışıqlarının bir neçə raundu keçirilsə də böyük irəliləyiş əldə olunmayıb.

Ötən il mühafizəkarlar parlamentə nəzarəti ələ alıb. O zaman seçici iştirakı 42.5 faiz olmuşdu və bu, 1979-cu ilin İslam İnqilabından sonra ən aşağı göstərici idi.

update

Kərbəlada İran konsulluğuna od vurublar

İraqda nümayişçilər, arxiv fotosu
İraqda nümayişçilər, arxiv fotosu

Tehran Kərbəlada baş verənlərə görə İraqa etiraz edir

Tehran həftəsonu İraqın Kərbəla şəhərindəki İran konsulluğuna hücumu “sərt şəkildə pislədiyini” bildirir.

İraqın Tehrandakı səfirliyinə “etiraz məktubu” təqdim olunub, İran XİN-in sözçüsü Səid Xətibzadə mayın 10-da jurnalistlərə deyib.

“Ölkədəki diplomatik obyektləri qorumaq İraq hökumətinin beynəlxalq borcudur”, – Xətibzadə vurğulayıb.

***

Mayın 9-da İraqda etirazçılar Kərbəladakı İran konsulluğunu yandırıblar. Buna həmin şəhərdə tanınmış fəalın öldürülməsi səbəb olub.

Ehab Vəzni 2019-cu ilin oktyabrında İraqda çaxnaşma yaratmış antihökumət etirazlarının təşkilatçısı idi. O, korrupsiyanı, İrana bağlı silahlıların və ümumiyyətlə Tehranın İraqdakı nüfuzunu tənqid edirdi.

Fəal gecə vaxtı evinin qarşısından motosikletlə keçən naməlum silahlılar tərəfindən öldürülüb. 2019-cu ilin oktyabrından ölkədə azı 30 fəal qətlə yetirilib. Bunu İraqın İnsan Haqları Komissiyasının üzvü Əli Əl-Bayati deyir. 600-dək etirazçı isə əsasən yürüşlərdə İranın dəstəklədiyi silahlı qruplar tərəfindən öldürülüb.

Vəzninin ölümü Kərbəlada etirazlara səbəb olub, yollar, körpülər bağlanıb, təkər yandırılıb.

“İran rədd olsun!”, “Adamlar rejimin getməsini istəyirlər!” – mayın 9-da yüzlərlə insan Vəzninin nəşini Kərbəladakı məbədlərə apararkən bu şüarları səslənidirib.

Axşam isə onlar İran konsulluğu qarşısına yığışıb, onun divarına, darvazasına od vurublar. Bunu internetdə yayılan videolarda görmək olar.

İraqın digər şiə şəhərləri olan Bəsrə, Nəsiriyyə və Nəcəf şəhərlərində də etirazlar keçirilib.

2019-cu ilin oktyabrından başlanan, bir neçə ay çəkən etirazlarda ölkənin siyasi strukturunun dəyişdirilməsi, korrupsiyaya son qoyulması, dövlət sektorunun təkmilləşdirilməsi tələb olunub. Koronavirus pandemiyası başlanandan etiraz hərəkatı səngiyib.

Taliban Ramazan bayramında üçgünlük atəşkəs elan edir

Zabuldakı partlayış qurbanları xəstəxanaya daşınır
Zabuldakı partlayış qurbanları xəstəxanaya daşınır

Əfqanıstanın Zabul vilayətində yol kənarına qoyulmuş bomba avtobusa dəyib, azı 11 dinc sakin öldürülüb, 28 nəfər yaralanıb. Daxili İşlər Nazirliyi onların arasında qadınların və uşaqların olduğunu bildirir. Mayın 10-na keçən gecə baş vermiş partlayışa görə məsuliyyəti götürən olmayıb. Amma nazirlik Taliban silahlı qruplaşmasını ittiham edir.

Taliban mayın 10-da müqəddəs Ramazan bayramında üçgünlük atəşkəs elan edəcəyini bildirib. Qruplaşma bəyanatında deyir ki, məqsəd əhalinin bayramı “dinc və təhlükəsiz mühitdə” keçirməsinə şərait yaratmaqdır.

“Ancaq düşmən bu günlərdə sizə qarşı hər hansı hücum həyata keçirsə, özünüzü, ərazinizi qorumağa hazır olun”, – bəyanatda vurğulanır.

Ramazan bayramı ayın görünməsindən asılı olaraq mayın 12-də, yaxud 13-də başlanır.

Hökumətdən Talibanın atəşkəs təklifinə hələlik, reaksiya gəlməyib.

Mayın 8-də Kabildə qızlar məktəbində partlayışda azı 50 nəfər həlak olub, 100 nəfər yaralanıb. Əfqanıstan hökuməti buna görə Taliban qruplaşmasını ittiham edib. Qruplaşma isə ittihamı rədd edərək hücumu pisləyib.

Türkmənistanda gözlənilən Çin raket daşıyıcısı Hind okeanına düşüb


Arxiv foto
Arxiv foto

Çinə məxsus raket daşıyan təyyarənin qalıqları mayın 9-da Hind okeanına düşüb.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri ehtimal olunan raket qalıqlarının mayın 9-u səhər tezdən Türkmənistan ərazisinə düşəcəyini bildirmişdi.

Lakin sonradan Amerika hərbçiləri saatda 29 min kilometr sürətlə hərəkət edən 22 tonluq bir aparatın düşmə vaxtını və yerini dəqiqliklə təxmin etməyin mümkün olmadığını açıqladı.

Türkmənistanda məlumat çatışmazlığı səbəbindən Gədir Gecəsi (Müsəlman aləmində Ramazan ayının müqəddəs gecəsi) göydən bir daşın düşəcəyi xəbərləri yayıldı ki, bu da həmin gecə Çin təyyarəsinin düşmə ehtimalı ilə üst-üstə düşdü.

Reuters xəbər verir ki, Changzheng 5B raket daşıyıcısının qalıqları bazar günü səhər tezdən Hind okeanına düşüb.

Çinin ən böyük raketinin qalıqlarının əksəriyyəti yerin atmosferinə girərkən yanıb və bununla da bir neçə günlük qeyri-müəyyənliyə son qoyulub.

ABŞ kosmik agentliyi NASA, Çini kosmik fəaliyyətlərdə şəffaflığın olmamasına görə tənqid edir.

"Kosmik güclər, kosmik obyektlərin geri qayıtması nəticəsində dünyadakı insanlar və binalar üçün riskləri minimuma endirməli və fəaliyyətlərinin maksimum şəffaflığını təmin etməlidir" deyə NASA agentliyinin rəhbəri bildirib.

Changzheng-5B raket qurğusu yer atmosferinə bazar günü səhər saat 02: 24-də daxil oldu.

22 ton ağırlığında və 35 metr hündürlükdə olan Changzheng-5B raket 29 aprel tarixində Çin Venchang kosmodromundan buraxılıb və gələcək Çin modul kosmik stansiyasının Tianhe (Samanyolu) baza modulunu orbitə çıxarıb.

Çinin raketi Türkmənistana düşə bilər

Türkmənistanın xəritəsi, 7 may 2021
Türkmənistanın xəritəsi, 7 may 2021

ABŞ Hava Qüvvələrinin xüsusi space-track.org saytında yayımlanan məlumata görə, Çinin Chang Zheng5B raket daşıyıcısının sərf edilmiş modullarının mayın 9-u səhər tezdən Türkmənistana düşmə ehtimalı var.

ABŞ Hərbi Hava Qüvvələrinə görə, düşmə ehtimalı olan yerin koordinatları belədir - 38.1 dərəcə enlik, 62.5 dərəcə uzunluq. Modulların mayın 9-u səhər 04:13 düşəcəyi ehtimal edilir.

Məlumatlara görə, daşıyıcı raket aprelin 29-da Wenchang kosmodromundan start götürüb və gələcək Çin modul kosmik stansiyasının Tianhe (Samanyolu) baza modulunu orbitə çıxarıb. TASS agentliyi yazır ki, daşıyıcı orbitdən çıxma üçün aktiv manevr vasitəsinə malik olmadığından nəzarətsiz enmə həyata keçirir.

Boş çəkisi 18 ton olan raketin düşmə trayektoriyasını Rusiya da izləyir. Mayın 6-da Roscosmos rəhbəri Dmitri Rogozin Telegram-da mümkün eniş zonası olan bir xəritəni paylaşıb.

Bu arada Pekindən yayılan xəbərlərdə qeyd olunur ki, raketin əsas hissəsi atmosferə girdikdən sonra yanacaq.

“Bildiyimizə görə, o (fırlatma maşını) xüsusi bir şəkildə hazırlanmışdır - hissələrinin çoxu atmosferə daxil olarkən dağılacaq və yanacaq. Onların Yer üzündə hər hansı bir təhlükə yaratması və ya hər hansı bir zərər görməməsi və ya uçuşlara müdaxilə etməsi ehtimalı çox azdır "deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin cümə günü keçirilən brifinqdə bildirib.

Bu arada, Dövlət Xəbər Agentliyi TDH bildirir ki, mayın 6-da Türkmənistan və Çin liderləri arasındakı telefon danışığını olub. Ancaq rəsmi xəbərdə raketin düşməsi ilə bağlı məsələnin müzakirə edilib-edilməməsindən bəhs edilmir.

Hindistan variantı “narahatedici ştamm” elan edə bilər

Hindistan, arxiv fotosu
Hindistan, arxiv fotosu

Britaniya rəsmiləri koronavirusun Hindistanda aşkarlanmış variantını “narahatedici ştamm” elan edə bilər. Bu haqda BBC bu gün – mayın 7-də məlumat yayıb. Alimlər bu ştammın ilkin varianta nisbətən daha sürətlə yayılmasına dəlil qeydə alıblar.

Alimləri tövsiyə edirlər ki, B.1.617.2 adlı Hindistan variantı “narahatedici ştamm” elan edilsin. Onlar ötən həftə bu ştamma 202 yoluxma hallarının artıq 500-ü keçdiyini deyirlər.

Aparıcı mütəxəssis Cef Baret deyib ki, B.1.617.2 Britaniyada geniş yayılmış B.117 adlı Kent ştammı qədər yoluxucu ola bilər. İngiltərənin cənub-şərqində aşkarlanmış Kent ştammı Britaniyada COVID-19-a yoluxmaların ikinci dalğasını alovlandırıb.

Dünyada yeni növ koronavirusa 156 milyondan çox yoluxma, 3 milyon 200 mindən çox ölüm aşkarlanıb.

İsrail sərhəd polisi iki fələstinlini öldürüb

Qəzzə şəhəri, arxiv fotosu
Qəzzə şəhəri, arxiv fotosu

Mayın 7-də İsrailin tutduğu Qərb sahildə hərbi bazaya atəş açılandan sonra iki fələstinli öldürülüb, üçüncü isə ağır vəziyyətdədir.

Sərhəd polisi Cenin şəhəri yaxınlığında sərhəd polisinin bazasına atəş açan iki nəfərin öldürüldüyünü, üçüncünün isə “ağır vəziyyətdə” xəstəxanaya çatdırıldığını bildirir.

Yerusəlimin (Qüds) şərqində toqquşmalarda isə İsrail polisi 15 nəfəri həbs edib. Mayın 7-də səhər polis əməkdaşları və maşınlarına daş atılıb.

Hazırda Yerusəlimim şərqində gərginlik yaşanır, onlarla fələstinli orada məskunlaşmış israillilərlə hüquqi çəkişmədən sonra evlərindən çıxarılma riski ilə üzləşiblər. Hər iki tərəf mülkiyyətə iddia edir. Son həftələr fələstinli etirazçılar hər gecə polislə toqquşur.

Fələstinlilərin evlərindən zorla çıxarılması son illər dəfələrlə zorakı etirazlara səbəb olub.

İsrail Ali Məhkəməsi gələn həftə dörd fələstinli ailə haqda qərar çıxarmalıdır. Günlərdir bu ailələrin tərəfdarları Şeyx Carrah deyilən ərazidə bir araya gələrək açıq havada birlikdə iftar açırlar.

Davamı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG