Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 15:45

Zahid Sarıtorpaq. Polis dəyənəyindən çürüyən böyrəklərin


Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq

-

YUXUSUZLUQ

gecəqondunun tavanındakı hörümçək torunda
bir böcək cəsədi yellənirdi ölümündən razı kimi
amma düşənə oxşamırdı ağzı açıla qalmış gecəyə
gecədəki yuxusuzluğun içinə
qonşudakı ağlağan körpənin səsindən
bir cığır uzanırdı qaranlığın ürpənən səssizliyinə
yuxusuzluq o cığırla nə qədər iməkləsə də
can atdığı yerə çata bilmirdi
sabaha çıxırdı qəfildən çünki
həmişəki kimi işığa çıxınca hər şey
fanidə qərq olurdu gerçəyin qaranlığına
amma böcək yerindəydi hələ də
körpə hələ də ağlayırdı
bir nəlbəki süd qoymuşdum
pişiyim Bəyazın qabağına
içmirdi üzümə baxırdı
gözlərində qırmızıya çalırdı deyəsən süd
elə bil haçansa yuxuda
süd gölü gördüyüm düşürdü yadıma
deyəsən dünyanın bütün canlıları
boyunlarında kəfənləri o gölə sarı iməkləyirdi axı
hə o gölə sarı iməkləyirdi
qəfil yaramın içindən qızılı bir günəş doğurdu
qırmızıya boyayırdı gölü
sonra nəsə baş verirdi
ağlayan korpə kiriyirdi deyəsən
səsindən gecənin qaranlığına uzanan cığır itirdi
ölü böcək hörümçək torundan qopurdu
düşmürdü yuxusuzluğun içinə amma
düşə bilmirdi
başımın içindəkilər
qayım səsli xoruzların banıyla
çəyirdəklərindən çıxaraq çiçəkləyirdilər işığa

bir az sonra tövbə çağının dualarından
su içməyə gəlmiş göyərçin dəstələri
tökülüşürdülər dağınıq fikrimin yamaclarına
ağ kağızın üstündə rəqs eləyən
tüstülü Sözlərin arasında
mürdəşirini gözləyirdi vaxtın ölüsü
heç də dan üzünə bir natürmort deyildi bu dediklərim
olsa olsa xoşbəxtlik deyilən sabaha bir keçid idi
ölümün yalqızlığın ümidsizliyin altından

QÜRBƏT QAYSAQLARI

adının böyründə pas tutmuş suçların üstüylə
qəribin bir axsaq günü də yeriyib keçdi -
yeridi yenə bir ayağı yalın
bir ayağındasa əsgər çəkməsinə oxşayan ürək

illərdi pəncərəsindəki şüşənin çatında
doğranır rüzgarların səs telləri
boğazları kəsilmiş notların qanı çilənir
daşa-divara oxuduqlarına

hərdən
arxasını işığına çevirmiş ölü günlərin kəfənində
gül rəsmləri cızmaq keçir içindən
yazmaq da keçir: "ey gül, göstər kərəmini,
ya məni də öldür buralarda
ya bahar haqda röyalara bir son ver..."

burda birçəyi ağacların biləyinə dolaşmış
əli ülgüclü qış küləklərindən
qəriblərin içinə doğranır şaxtaların çəhrayısı

gözlərin dibinə sərilmiş xalçalara tökülür qanı
polis dəyənəyindən çürüyən böyrəklərin

günəşin sevdası ən çox
səkiləri süpürən yabançıların
sızlayan əllərinin çatlarında kirlənir

bir muzdlunun heybəsindən qalxan qara çörəyin qoxusu
gecələrin başını kəsəndə
bayram eləyir
sözlərinin qırağında dəvətikanları bitmiş cənublular

qürbət zinakar bir qadına dönür asanca
çılpaq göbəyinin oymağında şərab içirtməklə
öldürəndə bərəkətlərin halallığını
kürən kipriyini qırpmaz da baxar
beləcə cavan qəriblərin qarışıq yuxularının damı damanda
dənəvər leysanlar boğulanda qarışqa yuvalarında
halallıq murdar bir nəsnəyə dönüb çıxar suyun üzünə

"ey gül, göstər kərəmini..."
hər zaman uzaq anıların
mumiyalanmış meyitlərindən əsən
pətək qoxusu doldurmur gedər-gəlməzini üzülmüşlərin
odur ki sabahkı günün şəkərinə çırpılan arılar
bir ahu-zarda bağlarlar şanlarını çox vaxt

bir ayağı yalın
bir ayağındasa əsgər çəkməsinə oxşayan ürək
adının böyründə pas tutmuş suçların üstüylə
gün keçirkən axsaya-axsaya
qərib elə bilər yaşamına
yalqızlığına
ölümünə
dünyada işıqlı olan hər şeyin
könüllü sürgünü başlayır
sevinər

BIR YADDAŞ ÇAPIĞI

quş tutmaq sevdasıyla
çardağa dırmaşmış uşağın yalın ürəyinə
bir göyərçin ölüsünün qurumuş sükutu sancıldı qəfil
bir-bir nərdivandan geriyə yıxıldı
bir andaca gələcəyin
qanadları möhürlənmiş bayqın günləri

evə qayıdanda
gözləri yandıra bilmədi güzgüdə sönənləri
yuxusunun üzünə çəkilmiş hörümçək torunu
bıçaqladıqca ağlayırdı qupquru bir kölgə
qırx dərəcə qızdırmanın tavanında
göyləri boşaltmaq üçün
öldürürdülər dünyanın bütün quşlarını
sındırırdılar bütün uşaqlarını birnəfəsə
ağılar içində qocalmışdı anasının ağ çarşablı səsi

hələ də bu adamın
içinin daş dövrü sevgilərinə açılanda gözləri
ödünün suyu damır sabahlarına

yalın ayaqlarına baxır darıxanda
çünki yalın ayaqlarına baxanda
uşaqlığına daha asan qayıdır adam
qondurur onlara qanadı qıfıllı xatirələri -
çünki ömrün nərdivanlarında
gah həmən quş ölüsünün qurumuş sükutuna çırpır
gah uşaqlığın çardaqlı günlərinə toxuyur özünü onlar

ahından sədəqə də verir indi
yaddaşının qapısında oturmuş dilənçi əzablara

amma o günü yaşayanda
tavandakı işığın get-gedə tükləşən üzünə sıçramır daha
yırtılmış ürəyindəkilər bir-bir

XS
SM
MD
LG