Keçid linkləri

2026, 29 Avqust, şənbə, Bakı vaxtı 02:45

Xəbərlər

Gələn həftədən çaylardan, göllərdən istifadə ödənişli olacaq - Məbləğlər

'Doyunca su tapa bilmirik' - Ucarda fermerlər susuzluqdan şikayətçidirlər
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Ölkə başçısı ötən ilin dekabrında “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalamışdı.

Həmin fərmanın icrası ilə də bağlı Baş nazir Əli Əsədov bu il aprelin 14-də qərar verib.

Qərar hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin texniki qurğu, avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

Su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Susuzluqdan kartofu kanalizasiya suyu ilə suvarırlar - Saatlının aksiya olan kəndlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Məsələn, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çaylardan, göllərdən (eyni həcimdə) 4, yeraltı sulardan (yenə eyni həcimdə) suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir.

Çay və göllərdən suyun istifadəsinin pullu olması heç də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bunun fərdi təsərrüfatla məşğul olan bir sıra insanların fəaliyyətinə mənfi təsir göstərəcəyi güman edilir.

Amma rəsmilər də su ehtiyatlarından daha səmərəli istifadəni vacib sayırlar.

Bu ildən Azərbaycanda özəl sektor gəlir vergisinə cəlb edilib, bir sıra sahələr üzrə cərimə və rüsumlar da artıb. Ekspertlər ilin əvvəlində bunu ölkənin əsas gəlir mənbəsi olan neft istehsalının azalması ilə izah edirdilər. Hərçənd, bu il Yaxın Şərqdə gərginliyin artması neftin kəskin bahalaşmasına səbəb olub.

Rusiyanın uşaq ombudsmanı: Məni oğurlamaq istəyiblər

Mariya Lvova-Belova
Mariya Lvova-Belova

Rusiyanın uşaq hüquqları ombudsmanı Mariya Lvova-Belova “Vedomosti” qəzetinə müsahibəsində deyib ki, naməlum şəxslər onu bir neçə dəfə oğurlamaq istəyiblər. O, bunu Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində həbs orderi çıxarması ilə əlaqələndirib.

“Bir neçə dəfə müxtəlif regionlarda diversiyalar hazırlanıb, hansısa adamları tutublar”, – Lvova-Belova deyib.

Müxbir bunun sui-qəsd cəhdi olub-olmadığı barədə dəqiqləşdirici sual verib.

“Yox, sui-qəsd deyildi. Onlara sağ lazımam. Məni ələ keçirmək istəyirlər ki, prezidentə qarşı ifadə verim”, – deyən uşaq ombudsmanı bundan sonra ona şəxsi mühafizə ayrıldığını əlavə edib.

Lvova-Belova təkcə özünə deyil, ailəsinə də təhqir və təhdidlərin gəldiyini vurğulayıb.

AzadlıqRadiosunun rus xidməti yazır ki, Rusiyanın Daxili İşlər Nazirliyi, digər güc strukturları bundan əvvəl Lvova-Belovaya qarşı hər hansı hücum və ya oğurluq cəhdinin qarşısının alınması barədə məlumat yaymayıblar.

2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və prezident yanında uşaq hüquqları ombudsmanı Mariya Lvova-Belova barəsində həbs orderləri çıxarıb. Onlar ukraynalı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya deportasiyası və qanunsuz köçürülməsində, uşaqların Rusiya ailələrinə və müəssisələrinə məcburi verilməsində ittiham olunurlar. Lvova-Belova isə öz hərəkətləri ilə fəxr etdiyini bildirib.

Ombudsmanın 2022-ci il üzrə fəaliyyət hesabatında bildirilir ki, “Rusiya Federasiyası Ukrayna və Donbas respublikalarından təxminən 4,8 milyon nəfəri qəbul edib, onların 700 mindən çoxu uşaqlardır”.

Hesabatda o da qeyd olunur ki, uşaq evləri və sığınacaqlardan 1,5 min uşaq Rusiyaya aparılıb.

Britaniya Ukraynaya 'Storm Shadow' raketlərinin istehsal texnologiyasını verəcək

"İstəklilər koalisiyası"nın toplantısı
"İstəklilər koalisiyası"nın toplantısı

Avropa ölkələri müharibə aparan Ukraynanı bundan sonra da dəstəkləyəcəklər. Avqustun 23-də Dövlət Bayrağı Günü və avqustun 24-də Müstəqillik Günü tədbirlərində bu ölkələrin liderləri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskini buna əmin ediblər. Liderlərin bəziləri Kiyevə gəlib, digərləri görüşə videokonfransla qoşulublar.

Böyük Britaniyanın baş naziri Endi Börnem, Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası” adından birgə bəyanat yayıblar. Onlar Rusiyanın davam edən təcavüzünü, Ukrayna şəhərlərinə, kritik infrastruktura və dinc əhaliyə zərbələrini pisləyiblər. Liderlər Ukraynaya dəstəyi gücləndirməyi vəd ediblər. Buraya ən əsası hava hücumundan müdafiə sahəsində yardım, Ukraynanın hərbi sənayesi ilə əməkdaşlıq daxildir.

Endi Börnem bildirib ki, Böyük Britaniya Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketlərinin istehsal texnologiyasını verəcək. Bununla da Ukraynanın müdafiə müəssisələri həmin raketləri özləri istehsal edə biləcəklər.

Börnem Rusiyadan təhdidlərə də toxunub. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı gələcəkdə həmin zavodları məhv etmək üçün artıq raketlərin istehsal yerləri barədə məlumat toplamağa çalışır. Amma o, Volodimir Zelenskini əmin edib ki, bu təhdidlər Britaniyanın Ukraynaya yardım etmək əzminə təsir göstərməyəcək.

Böyük Britaniya və Ukrayna hərbi texnologiyalarda süni intellektin tətbiqi sahəsində əməkdaşlıq haqqında saziş də imzalayıblar.

“Ukrayna təhlükəsizliyimizdə boşluq deyil, Avropanın müdafiəçisidir, Avropada sülhün müdafiəsinin ön xəttidir”, – Börnem deyib.

Norveç 2027-ci ildə Ukraynaya təxminən 9 milyard dollar ayırmağı planlaşdırır. Bunu ölkənin baş naziri Yonas Qar Störe deyib. Norveç 2026-cı il üçün də Ukraynaya təxminən eyni məbləğdə vəsait ayırıb.

Avropa Komissiyası isə Ukraynanın Müstəqillik Günündə Kiyevə hərbi xərclər üçün daha bir 6,1 milyard avroluq tranş ayırıb. Bu açıqlamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen verib. Onun sözlərinə görə, vəsait Ukraynanın hazırda ciddi ehtiyac duyduğu “hava və raket hücumundan müdafiə sistemlərinin, raketlərin, sursatların və radiolokasiya stansiyalarının” alınması üçün nəzərdə tutulub.

Bu tranş 2026-2027-ci illərdə Avropanın Ukraynaya dəstək üçün nəzərdə tutduğu 90 milyard avroluq kreditin bir hissəsidir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrindən 30 milyard avro həcmində dəstək gözlədiyini bildirmişdi. Zelenski Müdafiə Nazirliyinin büdcəsindəki kəsiri 27 milyard dollar qiymətləndirmişdi.

Zelenski: Seçkilər indi keçirilsə, Ukrayna üçün 'sunami' olar

Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Mixaylo Fedorovun Rusiyayla müharibə bitməmiş ölkədə seçkilərin keçirilməsi çağırışına münasibət bildirib. Zelenskinin sözlərinə görə, hazırda keçiriləcək seçkilər "Ukraynanı parçalayacaq sunami"yə çevrilər. Fedorovun istefası küçə etirazlarına səbəb olmuşdu.

Zelenski ukraynalı jurnalistlərlə söhbətində bildirib ki, təxminən bir il əvvəl müxtəlif tərəflər Ukraynanı müharibə dövründə seçkilər keçirməyə çağırırdı. ABŞ administrasiyasının da buna tərəfdar olduğu bildirilirdi. Zelenskinin jurnalistlərlə söhbəti barədə BBC və “Suspilne” yazır.

Prezidentin dediyinə görə, tərəfdaşlar hərbçilərin səsvermədə iştirakını, cəbhəyanı ərazilərdə və milyonlarla ukraynalının getdiyi xaricdə seçkilərin təhlükəsiz təşkilini təmin etsəydi, buna hazır idi. Zelenski deyib ki, o zaman Qərb tərəfdaşlarından heç biri bunun üçün konkret təhlükəsizlik mexanizmi təklif etməyib. Rusiya da seçki kampaniyası dövründə atəşkəsi dayandırmaqdan imtina edib, üstəlik, Rusiyada yaşayan Ukrayna vətəndaşları üçün seçki məntəqələrinin açılmasını tələb edib.

"İndi keçiriləcək seçkilər Ukraynanı parçalayacaq sunamidir. Buna görə də mənim strategiyam müharibəni başa çatdırmaq, müstəqil və suveren dövləti qorumaqdır", – Zelenski deyib.

Zelenski döyüşlərin gedişi barədə deyib ki, Rusiya bu il Ukraynanın təxminən 990 kvadrat kilometr ərazisini ələ keçirib, Ukrayna isə cəbhənin digər istiqamətlərində 820 kvadrat kilometr ərazini geri qaytarıb. O, ilin sonunadək bu nisbətin 1:1 olacağına ümid etdiyini deyib. Prezidentin dediyinə görə, Rusiya ilin sonunadək bütün Donbası, ilk növbədə Slavyansk və Kramatorskı ələ keçirməyə çalışır, lakin Ukrayna buna imkan verməyəcək.

Zelenskinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı ilə Donbasda müəyyən ərazilərdən qoşunların qarşılıqlı çıxarılması əsasında bufer zonanın yaradılması imkanları hələ də müzakirə olunur. Rusiya bundan əvvəl bunun qəbuledilməz olduğunu bildirmişdi. Ukrayna enerji və kənd təsərrüfatı infrastrukturuna zərbələrin dayandırılmasını da müzakirə etməyə hazırdır, ancaq yalnız qarşılıqlı əsasda.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Rusiyanın Ukrayna infrastrukturuna artan zərbələri Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücumlarının artmasına cavab adlandırıb. Putin bildirib ki, Rusiyaya atəşkəslə bağlı təkliflər hələ də təqdim olunur və onlardan bəzilərini "ekzotik" adlandırıb. O, Moskvanın "yerdəki reallıqlar" nəzərə alınmaqla atəşkəsi müzakirə etməyə hazır olduğunu deyib. Moskva Ukraynanın nəzarətində olan ərazilərin də ona verilməsini də tələb edir.

Zelenski müharibənin dayandırılması üçün "dəhliz"in 2027-ci ilin yayınadək qalacağını vurğulayıb. Bundan sonra ABŞ-də seçki kampaniyasının fəal mərhələsi başlayacaq. Zelenski daha əvvəl Rusiyanı sülhə məcbur etmək üçün ən əlverişli imkanların bu il payızın sonunadək qalacağını deyirdi.

Zelenski Fedorovla münaqişəsindən də danışıb. O deyib ki, müdafiə naziri postundan gedənən sonra Fedorova dörd fərqli vəzifə təklif edib, lakin o, razılaşmayıb.

Prezident ona da eyham vurub ki, Fedorov onu "Starlink"in sahibi İlon Maskın mövqeyi ilə bağlı səhv yönəldib. Zelenskinin iddiasına görə, Fedorov ona Maskın Ukraynanın Rusiyaya zərbələrin təşkili üçün "Starlink"dən istifadə etməsinə razılıq verdiyini demişdi. ABŞ prezidenti Donald Tramp isə Zelenski ilə görüşdə bunu təkzib edərək deyib ki, Mask belə razılıq verməyib. Fedorov, hələlik, buna münasibət bildirməyib.

Zelenski ətrafındakı bəzi şəxslərlə bağlı korrupsiya ittihamlarına da toxunub. O deyib ki, həmin şübhələr ortaya çıxan gün Prezident Ofisi rəhbərinin müavini İrina Mudranı vəzifədən azad edib. Prezident əlavə edib ki, onun özü ilə bağlı korrupsiya şübhəsi yoxdur və "bu onun üçün vacibdir".

Rusiya Krivoy Roqda ticarət mərkəzini vurub, 6 nəfər həlak olub

Hadisə yeri
Hadisə yeri

Avqustun 21-də günorta saatlarında Rusiya qüvvələri Ukraynanın Krivoy Roq şəhərində ticarət mərkəzinə dron zərbələri endirib. Beş nəfər həlak olub, azı 50 nəfər yaralanıb. Onlardan altısı uşaqdır.

Ticarət mərkəzində mağazalar yanıb.

Şəhər Müdafiə Şurasının sədri Aleksandr Vilkul “Şahed” dronlarının təkrar hücum həyata keçirdiyini bildirib.

Rəsmilərin sözlərinə görə, zərbə şəhərin mərkəzində yerləşən ən böyük ticarət mərkəzinə endirilib.

Ukrayna prezidenti Volodimir Zelenski zərbələri pisləyib.

“Belə zərbələr sadəcə terror aktıdır. Dünya təcavüzkara real təzyiq göstərməklə buna cavab verməlidir. Sülhün əldə olunması üçün Rusiya real məsuliyyət daşımalıdır”, – Zelenski yazıb.

Rusiya Ukraynanı hər gün atəşə tutur. Rusiya Müdafiə Nazirliyi yalnız hərbi hədəflərə zərbələr endirdiyini bildirir, dinc sakinlərin ölümü, yaşayış evlərinin, mülki infrastrukturun dağıdılmasını şərh etmir.

Səhiyyə Nazirliyi qarayara ilə bağlı: Avqustun 15-dən yeni yoluxma qeydə alınmayıb

Qarayaraya yoluxmuş heyvan
Qarayaraya yoluxmuş heyvan

Azərbaycan Səhiyyə Nazirliyi bu gün, avqustun 21-də bildirib ki, Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir.

Qurum vurğulayıb ki, avqustun 15-dən yeni yoluxma qeydə alınmayıb və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.
Qurum bundan əvvəl avqustun 13-də, açıqlamışdı ki, xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu qoyulub. Xəstə heyvanla tmasda olmuş əlavə 9 nəfərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

“Hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib.”, Səhiyyə Nazirliyi avqustun 21-də əlavə edib.

Vurğulandığına görə, Səhiyyə Nazirliyi epidemioloji vəziyyətə nəzarəti davam etdirir.

Hələlik, rəsmi açıqlamaya qarayara xəstəliyi diyaqnozunun qoyulduğu şəxslərin yaxınlarından və başqa alternativ mənbələrdən münasibətini almaq mümkün olmayıb.

13.08.2026


Samuxda qarayara aşkarlanıb

Azərbaycanın Samux rayonunda qarayara xəstəliyi qeydə alınıb. Bu barədə avqustun 13-də Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib.

Açıqlamaya görə, xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu qoyulub.

Qeyd olunub ki, hazırda təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb edilib və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanıb: "Xəstə heyvanla təmasda olan doqquz nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Həmin şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib".

Məsələyə həmin şəxslərin yaxınlarından açıqlama almaq mümkün olmayıb.

Qarayara, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.

Xəstəliyin insandan-insana ötürülməsinin nadir hallarda baş verdiyi bildirilir.

"Vətəndaşlara xəstə, tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur", - rəsmi açıqlamada vurğulanır.

Xatırlatma

Qarayara və ya Sibir yarası— kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlikdir. O, lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.

Bu xəstəlik insanlara qədimdən bəllidir.

2025-ci il üzrə Azərbaycanda nə qədər adamın qarayara xəstəliyinə tutulduğu açıqlanmayıb. 2024-cü ildə bu rəqəmin 22, ondan bir il əvvəl isə 14 olduğu açıqlanmışdı.

İmran Xan qısa müayinədən sonra həbsxanaya qaytarılıb

Arxiv fotosu
Arxiv fotosu

Pakistanın keçmiş baş naziri İmran Xan avqustun 21-də səhər saatlarında qısa müddətə xəstəxanaya aparılıb. Həkimlər onun səhhətinin qaydasında olduğunu bildiriblər, bir neçə saat sonra Xan həbsxanaya qaytarılıb. Tərəfdarları və partiyası bununla Ali Məhkəmənin qərarının pozulduğunu bildirir.

İmran Xanın Pakistan Təhrik-i-İnsaf (PTI) partiyası bu həftənin əvvəlində bildirib ki, Ali Məhkəmənin qərarının açıq-aşkar pozulması, yəni məhkəməyə hörmətsizlikdən şikayət verəcək. Partiyanın yozumuna görə, həmin qərar Xanın ən azı sentyabrın ortalarınadək tibbi nəzarət altında qalmasını nəzərdə tuturdu.

Keçmiş baş nazir həbsxanada “dəfələrlə” işgəncəyə məruz qaldığını deyir. Bacısı Üzma Xan bugünkü tibbi müayinə zamanı qardaşının yanında olub, sonradan mətbuat konfransında jurnalistlərə bu barədə danışıb. Bacısının sözlərinə görə, onun bir gözünün üzərində sarğı olub, ümumilikdə isə durumu sabit və qənaətbəxş görünüb.

“Reuters” işgəncə iddialarına rəsmi orqanlardan cavab ala bilməyib.

Agentlik yazır ki, Xanın həbsxanaya qaytarılması onun tərəfdarları arasında yeni narazılıq dalğasına səbəb ola, küçə etirazlarını körükləyə bilər.

Xanın tərəfdarları gecədən paytaxt İslamabadın küçələrinə çıxıblar. Onlar keçmiş baş naziri xəstəxanaya apardığı güman edilən avtomobilin üzərinə gül səpiblər.

Xan 2023-cü ilin avqustundan həbsdədir. Ona korrupsiya ittihamları ilə 14 il həbs cəzası kəsilib. Özü ordunun onu siyasətdən uzaqlaşdırmaq üçün cinayət işlərini düzüb-qoşduğunu bildirir. Ordu bu iddianı rədd edir.

update

Müdafiə Nazirliyinin keçmiş komissiya rəisi azadlığa buraxılıb. Prokurorluq protest verəcək

Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ölkənin yerli saytlarının xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rasim Həsənovun ittiham olunduğu maddələr dələduzluq maddəsinə tövsif olunub. Ona 5 min manat cərimə cəzası tətbiq olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq isə bu hökmdən apelyasiya protestinin veriləcəyini bildirib.

Qurumun yaydığı məlumata görə, məhkəmədə prokuror Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

“Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya verilməsi məsələsi həll ediləcək”, – qurum bildirir.

Hələlik, Baş prokurorlugun açıqlamasına Rasim Həsənov və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

02.04.2026

Müdafiə Nazirliyinin həkim komissiyasının keçmiş rəisi hakim önünə çıxarılır

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə bu gün, aprelin 2-də Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Rasim Həsənovun komissiyasının rəisi vəzifəsində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması ittihamı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

"Rasim Həsənovun 2021-2025-ci illərdə... hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda vurğulanır.

R.Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. Həmin ittihamlarla ona 12 ilədək həbs cəzası verilə bilər.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

R.Həsənov barəsində ötən il həbs-qətimkan tədbiri seçilib.

İttihama R.Həsənov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda müxtəlif dövlət qurumlarında vəzifəli şəxslərin tez-tez rüşvət və korrupsiya ittihamları ilə məsuliyyətə cəlb edilmələri ilə bağlı rəsmi açıqlamalar yayılır. Amma bəzi ekspertlər hesab edir ki, ölkədə korrupsiya ilə köklü mübarizədən çox onun imitasiyası yaradılır. Onlar qeyd edirlər ki, belə işlərdə verilən cəzalar da, əsasən, ya ittihama adekvat olmur, ya da sonradan yüngülləşdirilir.

Lakin rəsmi şəxslər də tez-tez vurğulayırlar ki, ölkədə korrupsiya ilə real mübarizədə hakim iradə mövcuddur.

Polşa ukraynalı silah rəsmisinə sui-qəsd cəhdində şübhəlini həbs edib

Arxiv fotosu
Arxiv fotosu

Polşa Ukraynanın silah sənayesi rəsmisinə sui-qəsd cəhdində şübhəli bilinən Ukrayna vətəndaşını həbs edib. Onun Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyi bildirilir. Xəbəri Polşa prokurorluğu və Daxili Təhlükəsizlik Agentliyi (ABW) yayıb.

Qərb ölkələri və Ukrayna Rusiyanı təxribat və casusluq əməliyyatları üçün müxtəlif şəxsləri, o cümlədən ukraynalıları əməkdaşlığa cəlb etməkdə suçlayır. Rusiya isə bu ittihamları dəfələrlə rədd edib.

“Reuters” Rusiyanın Polşadakı səfirliyindən açıqlama ala bilməyib.

Serhiy P. kimi təqdim edilən şübhəli Kiyev yaxınlığındakı İrpin şəhərində Ukraynanın silah sənayesi təmsilçisini öldürməyə cəhddə ittiham olunur. Onun həmin şəxsin avtomobilinin altına əldəqayırma partlayıcı qurğu yerləşdirdiyi bildirilir.

Qurğu nasazlıq səbəbindən partlamayıb, şübhəli Polşaya qaçıb və Varşavada həbs edilib.

Ona partlayıcı maddədən istifadə etməklə qəsdən adam öldürməyə cəhd, icazəsiz partlayıcı maddə saxlamaq ittihamları irəli sürülüb. Bu maddələrlə 15 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

Bu ayın əvvəlində Polşa Rusiya vətəndaşını həbs edib. Həmin şəxs Moskvanın tapşırığı ilə Varşavada Ukrayna və ABŞ vətəndaşını öldürməyi planlaşdırmaqda ittiham olunur.

İran yanvar etirazları ilə bağlı daha bir nəfəri edam edib

İranda edamlara etiraz aksiyası, Vaşinqton, may, 2026-cı il
İranda edamlara etiraz aksiyası, Vaşinqton, may, 2026-cı il

İran hakimiyyəti yanvarda İsfahandakı iğtişaşlarla bağlı təqsirləndirilən daha bir nəfəri edam edib. Bununla da bir səs-küylü cinayət işi üzrə edam olunanların sayı beşə çatıb.

“Arian” ləqəbi ilə tanınan Qaim Hüseyninin avqustun 20-də səhər tezdən edam edildiyi açıqlanıb.

Hakimiyyət Hüseyninin xarici ölkə vətəndaşı olduğunu bildirib. Bundan əvvəl yayılan məlumatlarda onun əmisi oğlu, eyni iş üzrə təqsirləndirilən Gülməhəmməd Məhəmmədinin Əfqanıstan vətəndaşı olduğu qeyd edilib.

Hüseyni İranın islam qanunvericiliyində ən ağır cinayətlərdən sayılan “yer üzündə fəsad törətmək”də, Allaha qarşı müharibə aparmaqda, milli təhlükəsizlik əleyhinə fəaliyyətdə və ictimai əmlakı məhv etməkdə təqsirli bilinib.

Dövlət ittihamçılarının iddiasına görə, Hüseyni yanvarın 8-də İsfahanın Əlixani meydanında iğtişaşlarda fəal iştirak edib. Həmin hadisələrdə xüsusi təyinatlı qüvvələrin dörd əməkdaşı öldürülüb.

Hüseyninin edamı ilə Əlixani meydanı işi üzrə edamların sayı beşə çatıb. Eyni iş üzrə azı səkkiz digər müttəhimi də edam cəzası gözləyir.

Fevralın 28-də ABŞ və İsraillə müharibə başlayandan İranda hüquq müdafiə təşkilatlarının siyasi məhbus saydığı şəxslərin edamlarının sayı kəskin artıb. Onlar arasında etirazçılar, qadağan olunmuş qruplara üzvlükdə şübhəli sayılanlar, casusluqda təqsirli bilinənlər var.

Martın 19-dan avqustun 5-dək İranda təhlükəsizliklə bağlı və siyasi ittihamlarla azı 56 nəfər edam olunub. Onlardan azı 27-si hakimiyyət əleyhinə etirazlarda iştirakına görə təqsirli bilinənlərdir. Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirir.

“Amnesty International”ın məlumatına görə, İran edamların sayına görə dünyada Çindən sonra ikinci yerdədir.

update

Rusiya Kiyevi vurub, 16 nəfər ölüb, 40 nəfər yaralanıb

Kiyev zərbələrdən sonra
Kiyev zərbələrdən sonra

Avqustun 20-nə keçən gecə Rusiya qoşunları Kiyevə kütləvi zərbə endirib. Son məlumata görə, 15 nəfər həlak olub, 40 nəfər yaralanıb. Avqustun 21-i Kiyevdə matəm günü elan edilib.

Kiyev meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində Solomensk rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci və 9-cu mərtəbələri dağılıb. Yaxınlıqdakı dörd binanın pəncərələri sınıb, məktəbə, uşaq xəstəxanasının binasına və qarajlara ziyan dəyib. Dördmərtəbəli binanın yuxarı mərtəbələrində yanğın baş verib.

Kiyev, 20 avqust
Kiyev, 20 avqust

Darnitski rayonunda qeyri-yaşayış və anbar binalarına, Svyatoşinski rayonunda qeyri-yaşayış tikililəri olan ərazidə obyektlərə ziyan dəyib, anbarlarda yanğın baş verib.

AzadlıqRadiosunun müxbiri Maryan Kuşnirin avqustun 20-də səhər saatlarında verdiyi xəbərə görə, Kiyevin müxtəlif yerlərində yanğınlar başlayıb. Xilasedicilər yanğınları söndürməyə çalışıblar.

Paytaxtın bəzi hissələrində elektrik enerjisi kəsilib.

Kiyev vilayətinin Brovarı rayonunda isə bir nəfər həlak olub, bir nəfər yaralanıb. Vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, bir sənaye obyektinə də ziyan dəyib.

“Rusiyalılar uzun müddət idi buna hazırlaşırdılar. Onlar mülki infrastruktura mümkün qədər çox ziyan vurmaq üçün müxtəlif növ ballistik və qanadlı raketləri, dronları birləşdirərək hücum ediblər”, – Ukrayna prezidenti Volodimir Zelenski X platformasında yazıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya qüvvələri ötən gecə Ukraynaya onlarla ballistik, qanadlı və hipersəs raketi, həmçinin 168 dron buraxıb. Hücumun əsas hədəfi Kiyev vilayəti olub.

Son vaxtlar Rusiya Ukraynaya raket hücumlarını intensivləşdirib. Bu arada ölkə hava hücumundan müdafiə sistemlərinin ciddi çatışmazlığı ilə üzləşib.

Zelenski dəfələrlə Qərb müttəfiqlərini əlavə hərbi yardım göstərməyə çağırıb. O, Vaşinqtonu Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərini istehsal edə bilməsi üçün lisenziya vermək vədini yerinə yetirməyə çağırıb.

update

Rusiyanın dron hücumlarından Xersonda 5 nəfər həlak olub

Xerson, arxiv fotosu
Xerson, arxiv fotosu

Rusiya Ukraynanın cənubundakı Xerson şəhərində mikroavtobusa dron zərbəsi endirib, 4 nəfər həlak olub. Ukrayna prezidenti Volodimir Zelenski hücumu “qəddar” adlandırıb.

Şəhərin mərkəzi hissəsində avtomobilə dron hücumunda isə bir qadın ölüb, bir kişi yaralanıb.

Rusiya hadisələrlə bağlı açıqlama verməyib. Amma Moskva 2022-ci ilin fevralında qonşu Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədə mülki şəxsləri hədəfə aldığını inkar edir.

“Rusiyanın Xersonda insanlarımıza qarşı qəddar ‘safarisi’ artıq çoxdan normal insanın təsəvvür edə biləcəyi hər şeyi aşıb”, – Zelenski X-də yazıb.

Ukraynalılar dronların küçələrdə mülki şəxsləri və ya avtomobilləri “ovlamasını” “safari” adlandırır. Bu ayın əvvəlində Xersonda dronun tərəvəz satıcısını təqib edərək yaralamasını göstərən video yayılmışdı.

Zaporojyeyə zərbədən bir nəfər ölüb, 7 nəfər xəsarət alıb

Avqustun 19-na keçən gecə Rusiya qüvvələri Zaporojyeyə hücum edib. Bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Zərbədən hosteldə və mebel mağazasında yanğınlar başlayıb.

Səhər saatlarında isə şəhər yenidən hücuma məruz qalıb. İdarəolunan aviabombanın zərbəsindən fərdi yaşayış evi dağılıb.

Balakleya şəhərinə dron hücumundan bir ailə zərər çəkib, ata qəlpə yaraları alıb.

Ukrayna Silahlı Qüvvələri isə gecə ərzində Ukraynaya 65 dron və iki “İsgəndər-M” raketi ilə hücum edilib. Dronlardan 56-sı vurulub.

Avqustun 19-na keçən gecə Ukrayna dronları Rusiyanın bir neçə regionuna hücum edib.

Ufada sənaye müəssisəsi hücuma məruz qalıb, sənaye zonasında yanğın başlayıb. Ümumilikdə regiona altı dronla hücum edilib, onlardan dördü vurulub.

Nijni Novqorod vilayəti də hücuma məruz qalıb, yaşayış evlərinə, avtomobillərə və çoxmənzilli binaya ziyan dəyib. Xəsarət alan olmayıb.

Rusiya Azərbaycanın axtarışa verdiyi üç vətəndaşını müdafiə etməyə hazırdır - Zaxarova

Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın beynəlxalq axtarışa verdiyi üç Rusiya vətəndaşının – İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin hüquqi müdafiəsini təmin etməyə hazır olduğunu bildirib. Nazirlik onu da vurğulayıb ki, bu şəxslərin açıqlamaları Moskvanın Azərbaycana münasibətdə mövqeyini əks etdirmir.

XİN-in sözçüsü Mariya Zaxarova avqustun 18-də bildirib ki, "Rusiya-Azərbaycan əlaqələri mövcud ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir”.

Zaxarova onu da qeyd edib ki, Azərbaycanın informasiya məkanında da Rusiyaya qarşı qeyri-dost narrativlər daim yer alır: “Biz dəfələrlə azərbaycanlı həmkarlarımıza informasiya mühitinin sağlamlaşdırılması məsələlərini siyasiləşdirmədən və mediada şişirtmədən... müzakirə etməyi təklif etmişik. Ümid edirik ki, belə bir dialoq baş tutacaq”.

Çadayev nazir müşaviri postundan istefa verib

Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib. O, bu barədə Telegram kanalında yazıb. Bundan əvvəl Azərbaycan Çadayevi axtarışa vermişdi.

“Kiminsə şəxsi ekspert mövqeyinin və ya ictimai açıqlamalarının dövlətlərarası əməkdaşlığa təsir göstərməsini, dövlətlərin birgə fəaliyyətinə maneələr yaratmasını düzgün saymıram”, – Çadayev qeyd edib.

“Vedomosti”nin yazdığına görə, keçmiş müşavir vurğulayıb ki, o, “sadəcə şəxsi ekspert mövqeyini ifadə edib”. Çadayev dronlar, texnoloji suverenlik və bununla bağlı siyasi proseslər mövzusunu dərindən araşdırdığını yazıb. O əlavə edib ki, hazırda Rusiya Nəqliyyat Nazirliyi “Şimal-Cənub” nəqliyyat dəhlizini inkişaf etdirir, bu layihə Azərbaycan ərazisində də həyata keçirilir.

Çadayev fəaliyyətini davam etdirəcəyini bildirib.

Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu Rusiya Nəqliyyat Nazirliyinin müşaviri Aleksey Çadayevi, siyasi məsləhətçi Semyon Uralovu və “Moskva 24” telekanalının keçmiş aparıcısı İvan Knyazevi axtarışa verib. Onlar terrorçuluğa, ölkənin ərazi bütövlüyünü pozmağa çağırışlarda, milli nifrəti qızışdırmaqda ittiham olunurlar.

Bir gün sonra isə Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Son dövrlərdə Rusiyanın informasiya məkanında “Azərbaycan Respublikası, xalqı, ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla” bağlı ciddi narahatlıq, habelə "qəti etiraz" qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan CNN-i məhkəməyə verib

Azərbaycan ABŞ-nin CNN telekanalını böhtana görə məhkəməyə verib. Azərbaycan bildirir ki, telekanal ölkənin İsrailə öz ərazisindən hərbi əməliyyatlar aparmağa icazə verməsi haqda yalan məlumat yaymaqla Azərbaycanı İranın hədəfinə çevirib.

İddia CNN-in iyunun 5-də dərc etdiyi məqalə ilə bağlıdır. Məqalədə deyilirdi ki, İsrail kəşfiyyat aparmaq və hücumlar həyata keçirmək üçün Azərbaycana xüsusi təyinatlı qüvvələr yerləşdirib. CNN iddia edib ki, bu əməliyyatlar arasında martın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbərinin öldürüldüyü hücum da olub.

İddia ərizəsində deyilir ki, məqaləni əvvəllər də Azərbaycana qarşı qərəz nümayiş etdirmiş jurnalist yazıb və CNN bundan “tam xəbərdar olub”. Azərbaycan tərəfi hesab edir ki, bu hal yalan məlumatların qəsdən yayıldığını göstərir.

Azərbaycan bu məlumatlara etiraz edəndə CNN əvvəlcə “məsələni araşdıracağına söz verib, daha sonra isə tamamilə susub”, iddia ərizəsində vurğulanır.

CNN-in sözçüsü “Bloomberg Law”ya elektron məktubda bildirib ki, telekanal yayımladığı məlumatın arxasında dayanır.

“Bloomberg Law” yazır ki, Delaver dairəsi üzrə ABŞ Federal Məhkəməsində baxılan bu mübahisə Delaverdə qaldırılmış siyasi çalarları olan böhtan işlərinin ən yenisidir. Delaver bir çox iri media təşkilatının hüquqi qeydiyyat ünvanıdır və səs-küylü böhtan iddiaları burada qaldırılır.

İran Kürdüstana dron hücumlarında əli olmadığını bildirir

Məsrur Bərzani
Məsrur Bərzani

İran İraqın Kürdüstan Regionunun baş naziri Məsrur Bərzaninin ofisini və regionun kəşfiyyat rəhbərinin evini hədəf alan dron hücumunda əli olmadığını bildirir. İraq və ABŞ rəsmiləri hadisəni pisləyib, araşdırma aparılmasına çağırıblar.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın hücumlara görə məsuliyyət daşıdığı barədə iddiaları rədd edib. O, hadisəni şübhəli adlandırıb, bütün tərəfləri daha ayıq-sayıq olmağa çağırıb.

İran mediasına görə, xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynə dronların İran ərazisindən buraxıldığını göstərən hər hansı məlumatın olmadığını söyləyib.

Kürdüstan Regionunun Terrorla Mübarizə İdarəsi bildirib ki, avqustun 16-sı axşam saatlarında İran ərazisindən buraxılan iki dron Ərbildəki hədəflərə zərbə endirib. Məlumata görə, dronlardan biri Bərzaninin ofisini, digəri isə muxtar regionun kəşfiyyat xidmətinin rəhbərinin iqamətgahını hədəf alıb.

Rəsmilər itki olmadığını bildiriblər.

İraqın baş naziri Əli əl-Zaidi hücumla bağlı araşdırma aparmaq göstərişi verib.

ABŞ-nin İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak hadisəni kəskin pisləyib, kürd tərəfdaşa qarşı təcavüz və regional sabitliyə birbaşa təhdid adlandırıb.

Davamı

XS
SM
MD
LG