Keçid linkləri

2026, 16 Yanvar, Cümə, Bakı vaxtı 21:17

Azərbaycan xəbərləri

Azərbaycanda siqaretlər bahalaşıb

Siqaret dükanı
Siqaret dükanı

Azərbaycanda siqaretlər qiymət və markasından asılı olaraq təqribən 8-10 faiz arasında bahalaşıb.

Bakıdakı mağazalarda bunun əsasən dünən, yanvarın 4-dən baş verdiyi bildirilir.

Onlar qiymət artımının topdansatış məntəqələrində də baş verdiyini vurğulayıblar.

Rəsmi qurumlar, hələlik, məsələyə münasibət bildirməyiblər.

Bundan əvvəl isə ölkədə bəzi tütün məhsullarının bahalaşdığı açıqlanmışdı.

Bu ildən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb.

Üstəlik, Azərbaycanda elektron siqaretlərdən istifadə qadağan olunacaq. Bu məsələ Milli Məclisdə müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Ekspertlər hesab edirlər ki, belə qadağa və qiymət artımı ilə yanaşı, sosial, maarifləndirici layihələr də həyata keçirilməlidir.

Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə edilib

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 4-də Birləşmiş Ştatlardan (ABŞ) gələn nümayəndə heyəti ilə ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə edib.

AZƏRTAC-ın xəbərinə görə, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markueyn Mallin və Nümayəndələr Palatasından bir sıra konqresmenlər daxildir.

Bildirildiyinə görə, qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş razılaşma münasibətilə dövlət başçısına təbriklərini çatdırdılar.

Prezident isə, öz növbəsində, artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini vurğulayıb. O, 1992-ci ildə qəbul edilən və Azərbaycana yardımları dayandıran "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin iki ölkə arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib. Əliyev ABŞ prezidenti Donald Trampın bu düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirərək onun tamamilə ləğvi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi, enerji, müdafiə, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Trampa qədər...

Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

Lakin 2024-cü ilin noyabrında Tramp ABŞ prezidenti seçildikdən sonra iki ölkə arasında isti münasibətlər yaranıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Prezident: 'Valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir'

İlham Əliyev
İlham Əliyev

"Biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik". Prezident İlham Əliyev bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

"İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6.3 faizini təşkil edir", - o vurğulayıb.

Onun sözlərinə görə, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. "Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar", - o əlavə edib.

Amma...

Müstəqil iqtisadçılar ölkədə iqtisadi inkişafla bağlı fikirləri bir elə də bölüşmürlər. Onlar vurğulayırlar ki, bu ilin 11 ayında ÜDM cəmi 1.6 faiz artıb və bu, real artım sayılmır. Üstəlik, xatırlanır ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac azalıb, idxal isə artıb.

2026-cı ildə həm vergi və rüsumlar, həm də cərimələr artırılır. Müstəqil iqtisadçılara görə, vergilər, rüsumlar bundan sonra da artacaq, çünki, hökumətin hədəfi yanlışdır - hədəf vətəndaş hesabına büdcəyə əlavə gəlir gətirməkdir, əslində isə məqsəd iqtisadi aktivliyin artırılması olmalıdır.

2026-ci ildə neftin ucuzlaşacağı proqnozlaşdırılır
Gözlə

No media source currently available

0:00 0:06:23 0:00


Elə cərimə var, 10 dəfə artırıldı

Cərimələr artır, büdcədəki payı isə azalır: Deputat deyir, 'xüsusi fond' yaradılmalıdır
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

Milli Məclisin bu gün, dekabrın 30-da keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər axırıncı - üçüncü oxunuşda qəbul edilib.

Layihədə bir sıra məsələlərlə bağlı cərimələr kəskin şəkildə artırılır. Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə cərimələr xüsusilə diqqət çəkir. Belə hallara görə fiziki şəxslər 300 manat (hazırkı cərimə 50 manatdır), hüquqi şəxslər isə 1000 manat (hazırkı cərimə 100 manatdır) cərimə ediləcək.

Gələn ildən Azərbaycanda bir sıra sahələr üzrə həm vergi və rüsumlar, həm də cərimələr artırılır. Ekspertlər bunu ölkəyə daxil olan neft pullarının azalması ilə izah edirlər. Həm hasilat azalır, həm də qiymət düşür.

Neft Fondunun gələn il üçün büdcəsi azalır

Azərbaycan neftinin gəlirindən gələcək nəsillərə nə qalacaq?
Gözlə

No media source currently available

0:00 0:08:26 0:00

Bu gün, dekabrın 29-da prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ADNF) 2026-cı il büdcəsini təsdiqləyib.

Fondun büdcəsinin gəlirləri 13 milyard 32 milyon, xərcləri isə 13 milyard 16 milyon manat təşkil edib. Həm gəlirdə, həm də xərcdə azalma var – müvafiq olaraq, 9.8 faiz və 11 faiz.

Gələnilki xərclərin 12 milyard 835 milyon manatı Azərbaycanın 2026-cı il dövlət büdcəsinə transfertin payına düşür.

Xatırlatma

Hazırda ADNF aktivlərinin 70 milyard ABŞ dollarından çox olduğu bildirilir.

ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Onun yaradıldığı vaxtdan ümumi gəlirlərinin 210 milyard ABŞ dollarından çox olduğu deyilir.

Fondun hesabatlarında ona daxil olan vəsaitlərin böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb. Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.

Azərbaycan Türkiyə ilə ticarəti azaldıb, Rusiya ilə artırıb

İdxal/İxrac
İdxal/İxrac

Bu ilin 11 ayında Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini azaldıb, Rusiya ilə artırıb.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5.2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 424.3 milyon ABŞ dolları və ya 7.5 faiz azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11.66 faizi həcmində olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

Cari ilin yanvar-noyabrında Azərbaycandan Türkiyəyə 3 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 440 milyon ABŞ dolları və ya 12.5 faiz azdır.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 2.125 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15.7 milyon ABŞ dolları və ya 0.7 faiz artım deməkdir.

Əvəzində isə Azərbaycanın başqa bir qonşusu -Rusiya ilə ticarət dövriyyəsi bir qədər də güclənib. Bu ilin 11 ayında Azərbaycan Rusiyaya 1 milyard 87 milyon dollar dəyərində (+0.3 faiz) məhsul ixrac edib. İdxal isə 3 milyard 420 milyon dollar (+3.8 faiz) təşkil edib.

Bununla belə, Rusiya Azərbaycanın ticarət dövriyyəsində 10.11 faizlə üçüncü yeri tutur.

Son bir ildə Azərbaycanla Rusiyanın münasibətlərində siyasi baxımdan müəyyən gərginlik olduğu iddia edilirdi. Xüsusilə də ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həlak olmasının münasibətlərin gərginləşməsinə səbəb olduğu vurğulanırdı. Bəzi ekspertlər deyir ki, əslində Qərb ölkələri və onun dəyərlərinə sözügedən hər iki ölkənin rəhbərliyində eyni münasibət bəsləndiyindən onların arasında reallıqda dərin böhran hökm sürmür.

Azərbaycanda şifer qadağan olunur

Xərçəng yarada bilən şiferlər: 50 ölkə imtina edib, bəs Azərbaycan?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Bu, Milli Məclisdə bu gün, dekabrın 26-da müzakirəyə çıxarılan "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun qəbul ediləcəyi halda, 2027-ci il iyulun 1-də qüvvəyə minəcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Statistika

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, son illər qeyd edilən məhsulların ölkəyə idxalı artıb. Azərbaycana 2024-cü ildə 1 min 45 ton asbest (+76.8 faiz) və 27 min 634 ton tərkibində asbest olan təbəqələr (-8.6 faiz) idxal edilib.

Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir.

Avropa təcrübəsi

Elmi araşdırmalardan onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı açıqlandıqdan sonra bir sıra ölkələrdə (əsasən ABŞ və Avropa ölkələrində) asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırdığı vurğulanır.

Azərbaycanda bundan öncə…

Azərbaycanda bundan öncə, 2000-ci illərin əvvəlində də asbest və tərkibində asbest olan materialların dövriyyəsinin qadağan edilməsi gündəmə gəlmişdi. Hətta belə iddialar var idi ki, evləri və başqa tikililəri şiferlə örtülən vətəndaşlara bunun dəyişdirilməsi üçün dövlət kompensasiya da verəcək. Amma sonradan bu deyilənlər gerçəkləşməmişdi.

Azərbaycanda evlərin şiferlə örtülməsi daha çox Aran rayonlarında yayılıb. Bu onların evləri sərin saxlaması ilə izah edilirdi.

Körpü uçub, kombayn sürücüsü həlak olub [Video]

Sabirabadda körpü uçub
Sabirabadda körpü uçub

Bu gün, dekabrın 25-də Sabirabad rayonu Sarxanbəyli kəndində körpü uçub, kombayn sürücüsü həlak olub.

Yerli saytların məlumatına görə, pambıqyığan kombayn üzərində hərəkət edərkən körpü uçub. Kombayn aşaraq kanala düşüb.

İlkin ehtimala görə, səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır.

Hadisəyə rəsmi qurumlar və həlak olan sürücünün yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanın kəndlərində bir sıra körpülərin qəzalı olması ilə bağlı tez-tez şikayətlər eşidilir. Amma rəsmi qurumlar bununla bağlı statistik rəqəmlər açıqlamırlar.

Bununla belə, dekabrın əvvəlində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Ələt-Astara avtomagistralı üzərində yerləşən qəzalı körpülər yenilənir.

AXCP NTK sədrinin həbs müddəti azaldıldı

Murad Sultan
Murad Sultan

Bu gün, dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət Təftiş Komissiyasının (AXCP NTK) sədri Murad Sultanın inzibati həbs müddətini 30-dan 25 sutkaya endirib.

Bu barədə AXCP-dən məlumat veriblər.

Partiyadan vurğulanıb ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Murad Sultanın səhhətində problemlər var.

18 dekabr

AXCP: Murad Sultana 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət Təftiş Komissiyasının (AXCP NTK) sədri Murad Sultan 30 sutka inzibati qaydada həbs edilib.

Bu barədə həmin partiyadan məlumat verilib.

AXCP-də onun həbsini onlara qarşı "repressiya siyasətinin bir epizodu" kimi dəyərləndirirlər.

AXCP-nin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

17 dekabr

AXCP NTK sədrini 'gördüm' deyən yoxdur

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Murad Sultanla dünən, dekabrın 16-sı günortadan əlaqə saxlamaq mümkün olmur.

Bu barədə məlumat yayan həmin partiyadan vurğulandığına görə, "belə hallarda şəxslərin hansısa strukturun əlində olduğu sonradan bəlli olur".

Məlumata Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-yə qədər fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri "əsassız" adlandırırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Gömrükdə və Sərhəd Xidmətində vəzifə tutanlardan həbs edilənlər var

Baş Prokurorluq
Baş Prokurorluq

Baş Prokurorluğun mətbuat xidməti dekabrın 23-də bildirib ki, aksizsiz tütün məmulatlarının qaçaqmalçılığına qarşı genişmiqyaslı cinayət işinin istintaqı aparılır.

Rəsmi açıqlamada "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov və limanın briqadiri Fərrux Haqverdiyevdən bəhs edilir.

Habelə Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və digərləri də eyni açıqlamada yer alırlar.

Vurğulanır ki, onların "mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İrandan ümumilikdə 5.4 milyon manatdan artıq dəyərdə... tütün məmulatlarını aksiz markası olmadan gəmi ilə Hövsan limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib".

Həmin şəxslər Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilirlər.

İş üzrə R.Eyyubov, R.Daşdəmirov, F.Usubov, H.Eyvazlı, T.Axundzadə, F.Haqverdiyev və digərlərinin həbs edildiyi bildirilir. Bu iş üzrə bəzi şəxslər barəsində də həbslə bağlı olmayan qətimkan tədbirinin seçildiyi, bir sıra şəxslərin də beynəlxalq axtarışa verildiyi vurğulanır.

Açıqlamada iddia edilir ki, Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməllər törətməsinə də şübhə var. Onların isə Xidmətin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov olduqları açıqlanıb. Həmin şəxslər də CM-in 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.

V.Sadıqov həbs edilib, V.Səmədov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Onların işi ilə də bağlı başqa həbs edilənlərin və axtarışa verilənlərin olduğu qeyd olunur.

Rəsmi açıqlamaya sözügedən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda bundan öncə də Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları qanunsuz əməllərdə ittiham olunaraq həbs ediliblər.

Amma bir sıra ekspertlər də vurğulayırlar ki, məsuliyyətə cəlb edilənlərin çoxu kiçik vəzifəli əməkdaşlar olurlar. Üstəlik, onların fikrincə, bir çox hallarda verilən cəzalar da ağır ittihamlara adekvat olmur.

Ruslan Eyyubov Azərbaycan prezidentinin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Fərid Usubov isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Müəllimlərin işə qəbulu müsabiqəsi pullu olacaq

Emin Əmrullayev müəllimləri inandıra biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:06:21 0:00

"Ümumi təhsil haqqında" Qanuna dəyişiklik edilir.

Qanun layihəsi parlamentin bu gün, dekabrın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənəd layihəsinə əsasən, "Ümumi təhsil haqqında" Qanuna yeni məzmunda 27.4-cü maddə əlavə edilir. Həmin maddə belədir: "27.4. Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi... müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişlidir. (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər istisna olmaqla)".

Ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum açıqlayacaq.

Xatırlatma

Müəllimlərin müsabiqəsi bu vaxta qədər ödənişli olmayıb. Müsabiqə dörd mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Gələn il Azərbaycanda bir sıra sahələrdə vergilər də artırılacaq. Müstəqil təhlilçilər bunu ölkədə neft hasilatının ildən-ilə azalması və son bir ildə "qara qızıl"ın qiymətinin düşməsi ilə izah edirlər. Ölkə iqtisadiyyatında ixracın 90 faizə yaxını neft və qazın payına düşür.

Azərbaycana yağ, ət idxalı azalıb, taxıl artıb

Yağ
Yağ

2025-ci ilin ilk 11 ayında (yanvar-noyabr) Azərbaycana 159 milyon 536 min dollar dəyərində 23 min 53 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) statistik məlumatlarında bildirilir.

Bu, bir il əvvələ nisbətən dəyər ifadəsi ilə 5.3 faiz çox, miqdar ifadəsi ilə 12.7 faiz azdır.

Hesabat dövründə ölkəyə gətirilən ətin çəkisində də azalma var. Son bir ildə 53 min 337 tondan 43 min 55 tona düşüb. (-19.3 faiz) Dəyərdə isə göstərici 116 milyon 989 mindən 103 milyon 15 min dollara qədər azalıb. (-12 faiz)

Buğda idxalında isə, az da olsa, əks proses gedib. Bu məhsulun idxalı 1.117 milyondan 1.132 milyon tona yüksəlib. (+1.3 faiz) İdxal edilən məhsulun dəyəri isə 241 milyondan 244 milyona qədər artıb. (+1.5 faiz)

Son bir ildə ölkədə kərə yağının qiyməti təqribən üç, mal və qoyun ətinin qiyməti də bir o qədər artıb, unda isə nisbətən az bahalaşma var. Bir il əvvəl 50 kiloqramlıq unun kisəsi 27 manat 50 qəpiyə idisə, indi 29-30 manata təklif edilir.

ÜSY alanlara birdəfəlik 200 manat veriləcək

İlham Əliyev
İlham Əliyev

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı sosial yardımı (ÜSY) alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

ÜSY Azərbaycanda 2006-cı ildən, uşaqlara aylıq müavinətlərin kəsilməsindən sonra verilir.

Son illər Azərbaycanda ÜSY alanların sayında azalma var. 2025-ci ilin III rübünə dair rəsmi statistikaya əsasən, respublika üzrə 75 min 312 ailə ünvanlı dövlət sosial yardımı alıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 78 min 892 olub.

2024-cü ildə ünvanlı yardımın orta aylıq məbləği 473 manat təşkil edib.

Azərbaycanda karantin gəlin il aprelin 1-nə kimi uzadılıb

Quru sərhədlərin 'əsirləri'
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı dekabrın 19-da qərar imzalayıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb", - qərarda yazılıb.

Bundan əvvəl xüsusi karantin rejimi 2026-cı il yanvarın 1-i saat 6:00-a qədər uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bir sıra müxalifət təmsilçiləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Hakimiyyət rəsmiləri isə son vaxtlar çıxışlarında sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozurdular.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma son illər bu virusa yoluxamanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST 2023-cü il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Ali Məhkəmə 'faizdən faiz' tutulmasına 'yox' deyib

Ali Məhkəmə
Ali Məhkəmə

Ali Məhkəmənin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib. Bu barədə AZƏRTAC Ali Məhkəməyə istinadla məlumat yayıb

Məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. İddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.

Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşıb.

Ali Məhkəmə qərarında vurğulayıb ki, Mülki Məcəllənin məzmununa görə, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması "faizdən faiz" tutulması ilə nəticələnir, bu da qanunvericiliklə qadağandır.

Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.

Xatırlatma

Son vaxtlar ölkədə problemli kreditlərin həcmi artır. 2025-ci il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544.8 milyon manat təşkil edib.

Mərkəzi Bankın açıqladığı son hesabatda bildirilir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 21.3 faiz və ya 95.7 milyon manat çoxdur.

Davamı

XS
SM
MD
LG