Rusiya lideri Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskinin görüş təklifi ilə bağlı açıq məktubu ilə yalnız "səthi" tanış olduğunu bildirib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edən Putin hazırkı şəraitdə Zelenski ilə görüşməkdə heç bir məna görmədiyini vurğulayıb.
Putin əlavə edib ki, Zelenski seçkilərə getməli və Konstitusiya çərçivəsində davranmalıdır. "Hakimiyyəti Konstitusiya çərçivəsindən kənarda saxlamaq hakimiyyətin qəsb edilməsi adlanır və bu, cinayət əməlidir", – Rusiya lideri vurğulayıb.
Onun sözlərinə görə, üç həftə əvvəl Ukrayna tərəfinin dəvəti ilə rusiyalı bir işadamı Kiyevə səfər edib. Həmin şəxs Zelenski ilə görüşüb və Kiyevin görüş təklifini Putinə çatdırıb. Növbəti gün – mayın 22-də Ukrayna Silahlı Qüvvələri Starobelskdəki kollecə zərbə endirib. Putin işadamının adını açıqlamayıb.
Bundan əlavə, Putin Zelenskinin onun yaşını qabartmasından gileylənərək bildirib ki, əsas olan "fəaliyyət və iş qabiliyyətidir".
"Təəssüf ki, Rusiya tərəfi yenə müharibəni seçir – bugünkü cavabı hamı eşitdi. Bu, zəif cavabdır. O, sadəcə müharibəni bitirmək istəmir. Düşünürəm ki, dünyada çoxları bu cavabdan məyus oldu", – Zelenski Putinin bəyanatını şərh edərkən bildirib. Ukrayna prezidenti Rusiya iqtisadiyyatına təzyiqləri artırmağa çağırıb.
ABŞ prezidenti Donald Tramp Zelenski və Putinin şəxsi görüşünün əleyhinə olmadığını bildirib. "Qoy razılığa gəlsinlər. Mən vəziyyəti bu mərhələyə qədər gətirmişəm və hesab edirəm ki, hər şey yoluna düşəcək. Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasındakı məsələnin həll olunacağı məqama yaxınlaşırıq", – Tramp cümə günü axşam saatlarında prezident təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
Volodimir Zelenski
4 may
Zelenski Putinə açıq məktub yazıb, görüşə çağırır
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə açıq məktub yazaraq onu neytral məkanda görüşməyə, müharibəni bitirmək üçün razılığa gəlməyə çağırıb.
Məktubda deyilir ki, Vaşinqton diqqətini "tamamilə" İranla münaqişəyə yönəltdiyindən vəziyyətin dəyişməsini sadəcə gözləmək düzgün olmazdı. Məktubda ABŞ və Avropa ölkələrinin sülh prosesində iştirakının vacibliyi də vurğulanır.
"Ukrayna danışıqlar müddətində tam atəşkəsə hazırdır. Bu, standart praktikadır, İran ətrafında baş verənlər bunu bir daha təsdiqləyir", – Zelenski yazıb.
O, tərəflərin əlində olan bütün hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsini də təklif edib.
Rusiyanın genişmiqyaslı işğalı artıq beşinci ildir davam edir, Ukrayna qüvvələri Rusiya qoşunlarının irəliləyişini, demək olar ki, dayandırıb.
Rusiya Ukrayna şəhərlərində əsasən mülki hədəflərə raket və dron zərbələri endirməyə davam edir. İyunun 2-də baş vermiş son hücum ukraynalıları sarsıdıb. Kiyevdə altı, Dneprdə isə 16 nəfər həlak olub, onlarla insan yaralanıb.
Zelenski məktubunda yazır ki, Ukrayna da Rusiyaya qarşı dronlar və raketlərdən istifadə edir. Bu zərbələr əsasən Kremlin müharibəsini maliyyələşdirən enerji sektorunu hədəfə alır.
"Siz hər neçə aydan bir bizim regionlarımızı, xüsusilə Donetsk vilayətini ələ keçirmək üçün qoyduğunuz son tarixləri təxirə salırsınız. Bu il də oranı ələ keçirə bilməyəcəksiniz. Amma biz Ukraynada daimi müharibə istəmirik. Müharibəsiz həyatın daha yaxşı olduğunu çox yaxşı bilirik və buna nail olmaq istəyirik", – Zelenski yazıb.
Sülh səyləri dalana dirənib
Bu arada, Vaşinqtonun rəhbərlik etdiyi diplomatik təşəbbüslər faktiki olaraq dayanıb. Donald Tramp 2025-ci ilin yanvarında ABŞ prezidenti kimi vəzifəyə başladıqdan sonra bu səylər intensivləşmişdi.
Vladimir Putin
Zelenskinin məktubu yayıldığı vaxtda Putin Sankt-Peterburqda xarici jurnalistlərlə görüşürdü. O, burada nüfuzlu iqtisadi foruma ev sahibliyi edir. Putin jurnalistlərə bildirib ki, Rusiya sülh istəyir, lakin Tramp Ukrayna tərəfini buna inandıra bilməyib: "Biz, əlbəttə ki, Ukrayna ilə sülh yolu ilə razılığa gəlməyə hazırıq və bunu istəyirik. Həm də prezident Trampla Ankoricdə müzakirə etdiyimiz məsələlər əsasında".
Putin 2025-ci ilin avqustunda Alyaskada Trampla keçirdiyi sammiti nəzərdə tutub. Tramp isə o zaman jurnalistlərə heç bir razılaşmanın əldə olunmadığını demişdi.
Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Zelenskinin məktubu barədə prezidentə daha sonra məlumat veriləcək. O, dövlət mediasına Zelenskinin istənilən vaxt Moskvaya gələ biləcəyini deyib. Kreml Zelenskinin əvvəlki görüş çağırışlarını da bu cür cavablandırıb. Ukrayna prezidenti isə məktubunda açıq şəkildə yazıb ki, görüş nə Moskvada, nə də Kiyevdə keçirilməlidir.
Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Trampa Zelenskinin məktubu barədə də sual verilib. "Şadam ki, onlar, bəlkə də, görüş barədə danışırlar. Düşünürəm ki, bunda bizim də böyük rolumuz olub. Düşünürəm ki, görüşsələr, əla olar. Görüşməlidirlər və bu iş bitməlidir", - o bildirib.