Moskva Kiyevi yeni zərbələrlə hədələdiyi bir vaxtda Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampdan Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və tutucu raketlər istəyib. O bildirib ki, ballistik raketlər Moskvanın döyüş meydanındakı son böyük üstünlüyü olaraq qalır.
"Reuters" Zelenskinin Tramp və ABŞ Konqresinə ünvanladığı məktubu gördüyünü yazır.
"Ukrayna səmasının Rusiya raketlərindən qorunması üçün sizdən kömək istəyirəm. Biz Ukraynanın ona lazım olan sayda "Patriot" sistemləri və tutucu raketlər almasını təklif etmişik", – məktubda deyilir.
Ukrayna hazırda Rusiya ballistik raketlərini ABŞ istehsalı "Patriot" sisteminin tutucu raketləri ilə vurur. Müharibənin dörd ili ərzində Kiyev tutucu raket çatışmazlığı yaşayıb, İran müharibəsi isə bu resursları daha da azalda bilər.
Tramp hakimiyyətə gələndən Ukrayna "Patriot" raketlərini NATO-nun Ukrayna üçün Prioritet Tələblər Siyahısı (PURL) təşəbbüsü vasitəsilə, avropalı müttəfiqlərinin maliyyəsi hesabına alır.
Zelenski gecə videomüraciətində bildirib ki, xarici lider nadir halda eyni vaxtda həm ABŞ prezidentinə, həm də Konqresə məktub ünvanlayır, "amma hazırkı vəziyyət hərəkət, sürətli və effektiv hərəkət tələb edir. Amerikanın Ukraynanı eşitməsi vacibdir".
O, Ukraynanın Rusiya ballistik raketlərindən qorunmasının sülh danışıqları üçün kritik olduğunu bildirib: "Ballistik raketlərə qarşı daha güclü müdafiəni nə qədər tez təmin etsək, diplomatiyanın işə düşməsini də bir o qədər sürətləndirə bilərik".
Məktub barədə ilk dəfə Ukraynanın "The Kyiv Independent" nəşri yazıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya mayın 24-də Ukraynaya qarşı son kütləvi hücumunda 30 ballistik raket istifadə edib, onların yalnız 11-i vurulub.