Keçmiş nazir Fedorov yalnız bir vəzifəyə razıdır – Müdafiə Nazirliyinə

Mixaylo Fedorov

Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov müdafiə naziri vəzifəsindən başqa heç bir vəzifəyə razı olmayacağını bildirib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin irəli sürdüyü bütün təkliflərdən imtina edib.

Fedorovun sözlərinə görə, o, Zelenskiyə təklif etdiyi bütün variantlara görə minnətdardır. Ancaq hesab edir ki, hazırda döyüş meydanındakı hərbçilərdən başqa müharibənin gedişinə real təsir göstərən cəmi üç vəzifə var: Ukrayna prezidenti, müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı.

İyulun 23-də Zelenskinin keçmiş müdafiə nazirinə yeni hökumətdə vəzifə təklif etdiyi üzə çıxıb. Zelenski Kiyevdə İrlandiyanın baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında bildirib ki, Fedorov komandanın üzvü olaraq qalır və ona bir neçə vəzifə təklif edilib.

"Son təklif hərbi innovasiyalar üzrə baş nazirin müavini vəzifəsi idi. Bu çox vacibdir, çünki innovasiyalar Müdafiə Nazirliyinin rəhbərliyi, ordunun baş komandanı, Baş Qərargah və prezidentlə koordinasiya olunmalıdır", – Zelenski deyib.

M.Fedorovun ötən həftə müdafiə naziri postundan çıxarılması ölkədə etirazlara səbəb olub.

Fedorovun vəzifədən uzaqlaşdırılmasına onun baş komandan Oleksandr Sırski ilə münaqişəsi səbəb göstərilib. İyulun 21-də Sırski də vəzifəsindən uzaqlaşdırılıb və general Mixaylo Drapatı ilə əvəzlənib

20 iyul

Yevgeni Xmara

Xmara Ukraynanın müvəqqəti müdafiə naziri oldu

Ukraynanın Nazirlər Kabineti iyulun 20-də Yevgeni Xmaranı müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə təsdiqləyib.

Prezident Volodimir Zelenski iyulun 16-da Xmaranı bu vəzifəyə təyin etsə də, Nazirlər Kabineti onun namizədliyini təsdiqləməli idi.

Y.Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Alfa" xüsusi təyinatlı bölməsinə rəhbərlik edib. Bu qurum Müdafiə Qüvvələrinin dronlardan istifadəyə görə ən uğurlu strukturlarından sayılır. Rusiyanın neft emalı zavodlarına uzaqmənzilli zərbələrin, ötən il reallaşdırılmış "Hörümçək toru" əməliyyatının arxasında “Alfa” dayanır.

Xmaranın müdafiə naziri təyin olunması üçün Ali Radanın qərarı tələb olunur.

Ötən həftə müdafiə naziri Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılması ölkədə kütləvi etirazlara səbəb olub. Ukraynanın müxtəlif şəhərlərində insanlar artıq beşinci gündür etiraz aksiyalarına çıxır, Fedorovun bu posta qaytarılmasını tələb edirlər.

Fedorov vəzifədən uzaqlaşdırıldıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırskini sərt tənqid edib. Onların xüsusilə dronlardan daha geniş istifadə ilə bağlı hərbi strategiyaya fərqli baxışlardan dolayı münaqişədə olduğu bildirilir. Keçmiş müdafiə nazirinin sözlərinə görə, məhz Sırski onun vəzifədən kənarlaşdırılmasında israr edib.

Sırski isə iyulun 20-də dərc etdiyi məqalədə Fedorovla münaqişədə olduğunu düşünmədiyini bildirib, ondan üzr istəyib. O, ünvanına səslənən tənqidləri rədd edib, Fedorovun təşəbbüslərinə qarşı çıxmadığını deyib. Onu da əlavə edib ki, "yalnız hazırda trenddə olanları deyil, hər şeyi almaq lazımdır". O həmçinin vurğulayıb ki, Müdafiə Nazirliyi ilə deyil, Rusiya ilə müharibə aparır.

Prezident Zelenski son günlər müxtəlif hərbi bölmələrin komandirləri ilə görüşüb. Bir sıra media orqanlarına danışan mənbələr Sırskinin istefaya göndərilə biləcəyini istisna etməyiblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə iyulun 20-də bəyanat yayaraq baş komandanın vəzifəsində qaldığını açıqlayıb.

16 iyul

"Cəmiyyətin dediklərini eşidirəm"

Zelenski iyulun 16-da Kiyevdə Böyük Britaniyanın vəzifəsindən getmək üzrə olan baş naziri Kir Starmerlə brifinqdə ilk dəfə müdafiə nazirinin dəyişdirilməsi qərarından danışıb.

Bundan əvvəl "Ukrainska Pravda" nəşri mənbələrə istinadla xəbər vermişdi ki, Zelenski iyulun 15-i axşam "Xalqın Xidmətçisi" fraksiyasının deputatları ilə görüşdə Mixaylo Fedorovun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski ilə sistemli münaqişəsi olduğunu bildirib.

Müdafiə naziri Mixaylo Fedorovun istefaya göndərilməsinə qarşı Kiyevdə etirazlar

UNIAN agentliyi yazır ki, Zelenskinin Starmerlə brifinqdə dediklərindən müdafiə nazirinin dəyişdirilməsinin səbəblərindən birinin ordu rəhbərliyi ilə Müdafiə Nazirliyi arasında qarşıdurma olduğu görünür. Agentlik Zelenskinin "müxtəlif səviyyələrdə mürəkkəb dialoq" barədə sözlərini sitat gətirir.

"Əminəm ki, Mixaylo komandamda qalacaq və bunun necə olacağını bir qədər sonra müzakirə edəcəyik", – Zelenski vurğulayıb.

Ukrayna prezidenti iyulun 16-da səhərdən Fedorovun istefasına etiraz aksiyalarına da münasibət bildirib.

"İnsanlar küçəyə çıxmaq istədilər və bu, düzgündür. Cəmiyyətin dediklərini başa düşürəm, eşidirəm və buna reaksiya verirəm", – Zelenski söyləyib.

Fedorov və Sırskinin şərhləri

Fedorov iyulun 16-da keçirdiyi mətbuat konfransında baş komandan Sırskini sərt tənqid edib.

"Təklif etdiyimiz təşəbbüslərin qarşısının alındığını gördük. Bu gün danışdığımız problemləri nəzərə alsaq, Sırski şəxsən üz-üzə müzakirəyə hazır deyil. O, şəxsi görüşlər keçirib intriqalar qurmağa, hansısa media kampaniyasını kiminsə sifariş etdiyini düşünməyə hazırdır. Nəticədə faktiki ultimatum irəli sürdü. Rusiyanı qeyri-ənənəvi üsullarla necə məğlub etməyi düşünmək əvəzinə, ölkəni necə parçalamağı düşündü. Əsas problem də budur", – AzadlıqRadiosunun Ukrayna xidməti Fedorovdan sitat gətirib.

Fedorov bildirib ki, o, Sırskinin və Baş Qərargah rəisi Andriy Qnatovun dəyişdirilməsini təklif edib.

Sırski də duruma münasibət bildirib. O, "Telegram" kanalında Fedorova müdafiə naziri kimi fəaliyyətinə görə təşəkkür edib.

"Ona Ukrayna komandasının üzvü olaraq qalmağı arzulayıram. Birlikdə qələbəyə doğru!", – Sırski yazıb.

O, eyni paylaşımda 2022-ci ildə Kiyevin müdafiə əməliyyatı ilə fəxr etdiyini bildirib. Baş komandan qeyd edib ki, həmin əməliyyat sayəsində paytaxtı qorumaq mümkün olub. Sırski müharibəyə və effektiv strategiyaya fokuslanmaq gərəkdiyini vurğulayıb.

Fedorov informasiya texnologiyaları sahəsində sahibkar kimi tanınıb. O, Zelenskinin seçki qərargahında rəqəmsal istiqamətə rəhbərlik edib, rəqəmsal transformasiya və innovasiyalara cavabdeh baş nazir müavini olub. 2026-cı ilin yanvarında müdafiə naziri təyin edilib.

35 yaşlı Fedorov Ukrayna ordusunun texnoloji modernləşdirilməsi, pilotsuz sistemlərin inkişafının əsas tərəfdarlarından sayılır.

Hazırda Ukraynada yeni hökumətin formalaşdırılması prosesi gedir. Zelenski iyulun 12-də baş nazir Yuliya Sviridenkonun və onun Nazirlər Kabinetinin istefasını elan edib.

İyulun 16-da Ukrayna parlamenti Sergiy Koretskini yeni baş nazir təyin edib.