Ukrayna prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Mixaylo Fedorovun Rusiyayla müharibə bitməmiş ölkədə seçkilərin keçirilməsi çağırışına münasibət bildirib. Zelenskinin sözlərinə görə, hazırda keçiriləcək seçkilər "Ukraynanı parçalayacaq sunami"yə çevrilər. Fedorovun istefası küçə etirazlarına səbəb olmuşdu.
Zelenski ukraynalı jurnalistlərlə söhbətində bildirib ki, təxminən bir il əvvəl müxtəlif tərəflər Ukraynanı müharibə dövründə seçkilər keçirməyə çağırırdı. ABŞ administrasiyasının da buna tərəfdar olduğu bildirilirdi. Zelenskinin jurnalistlərlə söhbəti barədə BBC və “Suspilne” yazır.
Prezidentin dediyinə görə, tərəfdaşlar hərbçilərin səsvermədə iştirakını, cəbhəyanı ərazilərdə və milyonlarla ukraynalının getdiyi xaricdə seçkilərin təhlükəsiz təşkilini təmin etsəydi, buna hazır idi. Zelenski deyib ki, o zaman Qərb tərəfdaşlarından heç biri bunun üçün konkret təhlükəsizlik mexanizmi təklif etməyib. Rusiya da seçki kampaniyası dövründə atəşkəsi dayandırmaqdan imtina edib, üstəlik, Rusiyada yaşayan Ukrayna vətəndaşları üçün seçki məntəqələrinin açılmasını tələb edib.
"İndi keçiriləcək seçkilər Ukraynanı parçalayacaq sunamidir. Buna görə də mənim strategiyam müharibəni başa çatdırmaq, müstəqil və suveren dövləti qorumaqdır", – Zelenski deyib.
Zelenski döyüşlərin gedişi barədə deyib ki, Rusiya bu il Ukraynanın təxminən 990 kvadrat kilometr ərazisini ələ keçirib, Ukrayna isə cəbhənin digər istiqamətlərində 820 kvadrat kilometr ərazini geri qaytarıb. O, ilin sonunadək bu nisbətin 1:1 olacağına ümid etdiyini deyib. Prezidentin dediyinə görə, Rusiya ilin sonunadək bütün Donbası, ilk növbədə Slavyansk və Kramatorskı ələ keçirməyə çalışır, lakin Ukrayna buna imkan verməyəcək.
Zelenskinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı ilə Donbasda müəyyən ərazilərdən qoşunların qarşılıqlı çıxarılması əsasında bufer zonanın yaradılması imkanları hələ də müzakirə olunur. Rusiya bundan əvvəl bunun qəbuledilməz olduğunu bildirmişdi. Ukrayna enerji və kənd təsərrüfatı infrastrukturuna zərbələrin dayandırılmasını da müzakirə etməyə hazırdır, ancaq yalnız qarşılıqlı əsasda.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Rusiyanın Ukrayna infrastrukturuna artan zərbələri Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücumlarının artmasına cavab adlandırıb. Putin bildirib ki, Rusiyaya atəşkəslə bağlı təkliflər hələ də təqdim olunur və onlardan bəzilərini "ekzotik" adlandırıb. O, Moskvanın "yerdəki reallıqlar" nəzərə alınmaqla atəşkəsi müzakirə etməyə hazır olduğunu deyib. Moskva Ukraynanın nəzarətində olan ərazilərin də ona verilməsini də tələb edir.
Zelenski müharibənin dayandırılması üçün "dəhliz"in 2027-ci ilin yayınadək qalacağını vurğulayıb. Bundan sonra ABŞ-də seçki kampaniyasının fəal mərhələsi başlayacaq. Zelenski daha əvvəl Rusiyanı sülhə məcbur etmək üçün ən əlverişli imkanların bu il payızın sonunadək qalacağını deyirdi.
Buna da bax:
Ukraynada antikorrupsiya reydləri. Fedorovdan seçki çağırışıZelenski Fedorovla münaqişəsindən də danışıb. O deyib ki, müdafiə naziri postundan gedənən sonra Fedorova dörd fərqli vəzifə təklif edib, lakin o, razılaşmayıb.
Prezident ona da eyham vurub ki, Fedorov onu "Starlink"in sahibi İlon Maskın mövqeyi ilə bağlı səhv yönəldib. Zelenskinin iddiasına görə, Fedorov ona Maskın Ukraynanın Rusiyaya zərbələrin təşkili üçün "Starlink"dən istifadə etməsinə razılıq verdiyini demişdi. ABŞ prezidenti Donald Tramp isə Zelenski ilə görüşdə bunu təkzib edərək deyib ki, Mask belə razılıq verməyib. Fedorov, hələlik, buna münasibət bildirməyib.
Zelenski ətrafındakı bəzi şəxslərlə bağlı korrupsiya ittihamlarına da toxunub. O deyib ki, həmin şübhələr ortaya çıxan gün Prezident Ofisi rəhbərinin müavini İrina Mudranı vəzifədən azad edib. Prezident əlavə edib ki, onun özü ilə bağlı korrupsiya şübhəsi yoxdur və "bu onun üçün vacibdir".