Vəkil Zabil Qəhrəmanovun istintaq dövründə həbsdə saxlanma müddəti yenidən uzadılıb. Prokuroroun təqdimatını təmin edən Səbail Rayon Məhkəməsi vəkilin haqqında həbs qətimkan tədbirinin daha iki ay artırılmasına qərar verib.
Təqdimata və qərara etirazını bildirən Z.Qəhrəmanov və vəkili Rəsul Cəfərov həbs qətimkan tədbirinin uzadılmasına heç bir əsas olmadığını vurğulayıblar.
Prokuror təqdimatını müdafiə edən müstəntiqsə istintaqın davam etdiyini əsas gətirib və Z.Qəhrəmanovun həbsdə qalmasını vacib sayıb.
Məhkəmə təqdimatı təmin edib və vəkil haqqında həbs qətimkan tədbirinin müddəti mayın 23-dək uzadılıb.
Z.Qəhrəmanovun digər vəkili Babək Həmidov artıq Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacağı gözlənilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Zabil Qəhrəmanov işi': Vəkil polisi tənqidinə görə həbs edilib?
Xatırlatma
Gəncə Regional Vəkil Bürosunda çalışan Z.Qəhrəmanov ötən il oktyabrın 23-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddələriylə ittiham verilib.
İddia olunub ki, saxlandığı gün Z.Qəhrəmanov avtoyuma məntəqəsində çalışan Fazil İsgəndərovla mübahisə edib və ona xəsarət yetirib. Ardınca səslənən bir başqa iddiaya görə, elə həmin gün Şəmkir sakini Emin İbrahimov da Gəncə şəhər Baş Polis İdarəsinə ondan şikayət edib. E.İbrahimov Z.Qəhrəmanovun 5 min 600 manatını alaraq ona vəkillik etdiyini və prosesin onun istədiyi kimi başa çatacağına söz verdiyini, ancaq son nəticədə istəmədiyi nəticənin alındığını bildirib.
Z.Qəhrəmanov hər iki iddianın əsassız olduğunu, onu cəzalandırmaq üçün adları çəkilən şəxslərdən istifadə edildiyini deyir.
Həbsindən iki həftə öncə Daxili İşlər Nazirliyindən gələn şikayət əsasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Z.Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 ay dayandırılmasına qərar verilmişdi. O, bir sıra səs-küylü işdə müdafiəçi qismində çıxış edib. Bunların arasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamı ilə 11 il cəza alıb 4 il sonra bəraət hökmü ilə azadlığa çıxan Polad İsmayılovun məhkəmələrini sadalamaq olar. Z.Qəhrəmanov “Tərtər hadisələri”ndə bir neçə zərərçəkmişin və bir çox ictimai-siyasi fəalın da hüquqlarını qoruyub.
Bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatı Z.Qəhrəmanovun həbsi ilə bağlı narahatlığını dilə gətirib.
Beynəlxalq Vəkillər İttifaqının Hüququn Aliliyi İnstitutu (UIA-IROL) yaydığı bəyanatda vurğulayıb ki, Z.Qəhrəmanovun həbsi onun peşə fəaliyyəti və Azərbaycanda polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etməsi ilə bağlantılı ola bilər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin peşə fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.