Həbsdəki vəkilin məhkəməsi başlandı

Sizin brauzer HTML5-i dəstəkləmir

'Zabil Qəhrəmanov işi': Vəkil polisi tənqidinə görə həbs edilib? (ARXİV)

9 aya yaxındır həbsdə olan vəkil Zabil Qəhrəmanovun məhkəməsi başlanıb. İşə Gəncə şəhər Məhkəməsində hakim Ülkər Babazadə baxır.

İyulun 8-də məhkəmənin hazırlıq iclasında Z.Qəhrəmanovun özü və vəkilləri bu cinayət işinə xitam verilməsi barədə vəsatət qaldıraraq, vəkilə verilmiş istər xuliqanlıq, istərsə dələduzluq ittihamlarının əsassız olduğunu vurğulayıblar. Onlar istintaqın həmin ittihamları təsdiqləyəcək heç bir mötəbər sübut ortaya qoymadığına diqqət çəkiblər.

Vəkillərin daha bir vəsatəti də cinayət işinə xitam verilməzsə, heç olmasa, hökm çıxarılanadək Z.Qəhrəmanovun ev dustaqlığına buraxılması barədə olub. Bu vəsatətdə onun nüfuzlu şəxs, ailə başçısı və himayəsində azyaşlı övladlarının olmasının, yaşayış yerinin bilinməsinin diqqətə alınması və bu baxımdan da həbsdə saxlanması üçün heç bir əsasın olmaması vurğulanıb.

Hakim vəsatətlərlə bağlı qərar verməkdən ötrü məhkəməni iyulun 10-dək ertələyib.

Xatırlatma

Gəncə Regional Vəkil Bürosunda çalışan Z.Qəhrəmanov ötən il oktyabrın 23-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 178-ci (dələduzluq) maddələrinin müxtəlif bəndləriylə ittihamlar verilib.

İttihama görə, saxlandığı gün Z.Qəhrəmanov avtoyuma məntəqəsində çalışan Fazil İsgəndərovla mübahisə edib və ona xəsarət yetirib. Üstəlik, elə həmin gün Şəmkir sakini Emin İbrahimov da Z.Qəhrəmanovdan şikayət yazaraq iddia edib ki, hüquq yardımı göstərmək üçün vəkil ondan 5 min 600 manat alsa, prosesin onun istədiyi kimi başa çatacağına söz versə də, nəticə fərqli olub.

Vəkilsə hər iki iddianın əsassız olduğunu, onu cəzalandırmaq üçün adları çəkilən şəxslərdən istifadə edildiyini deyir.

Z.Qəhrəmanovun həbsindən iki həftə öncə Daxili İşlər Nazirliyinin şikayəti əsasında onun vəkillik fəaliyyəti 6 aylıq dayandırılmışdı.

Bir çox səs-küylü işlərdə müdafiəçi olmuş Z.Qəhrəmanovun həbsiylə bağlı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları narahatlıqlarını dilə gətirib. Beynəlxalq Vəkillər İttifaqının Hüququn Aliliyi İnstitutu (UIA-IROL) yaydığı bəyanatda vurğulayıb ki, Z.Qəhrəmanovun həbsi onun peşə fəaliyyətindən və Azərbaycanda polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etməsindən qaynaqlana bilər.